“Səhiyyə Nazirliyi ilə TƏBİB-in birləşdirilməsi daha məqsədəuyğun olar

Azərbaycanda səhiyyə xidmətlərini iki qurum - Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həyata keçirir. TƏBİB Prezident İlham Əliyevin fərmanı ilə 2018-ci ildə yaradılıb, Səhiyyə Nazirliyi isə uzun illərdir var.

Nazirliyin bir çox səlahiyyətləri TƏBİB-ə verilib. Səhiyyə Nazirliyi və TƏBİB eyni profili bölüşür. Ümumiyyətlə, Azərbaycanda profilcə bir-birinə yaxın olan, bir-birini təkrarlayan qurumlar az deyil. Yəni TƏBİB-lə Səhiyyə Nazirliyinin bu məsələdə yeganə olmadığını hamı bilir.

Son vaxtlar cəmiyyətdə belə fikir yaranıb ki, bu iki qurumun ayrı-ayrılıqda fəaliyyət göstərməsinə elə də zərurət yoxdur və müəyyən məsələlər istisna olmaqla, onsuz da onlar eyni işi görürlər. Bu istiqamətdə müzakirələr gedir ki, paralel təşkilatlara nə ehtiyac var. Bu baxımdan, TƏBİB-lə Səhiyyə Nazirliyinin birləşdirilməsinin daha məqsədəuyğun olduğunu düşünənlər var. Bəzilərinin fikrincə, Səhiyyə Nazirliyi ilə TƏBİB-in birləşdirilməsi ən yaxşı variant ola bilər. Bu qənaətdə olanlar hesab edirlər ki, belə olarsa xidmətin keyfiyyəti daha da artar.

Bu iki qurumun birlikdə, yaxud ayrılıqda fəaliyyət göstərməsinin nə kimi üstün və neqativ cəhətləri var? Birləşib vahid şəkildə olmaqları çox vacibdir, yoxsa ayrılıqda fəaliyyət göstərmələri? Hansı daha keyfiyyətli xidmətin təmin olunması üçün vacibdir?

TƏBİB-lə Səhiyyə Nazirliyi niyə ayrı-ayrılıqda mövcud olmalıdır? Onları birləşdirmək olarmı?

Tibb Universitetinin dosenti, tanınmış həkim Aydın Əliyevin fikrincə isə, bu məsələdə ictimaiyyətin irəli sürdüyü yanaşma yanlış deyil. “Səhiyyə Nazirliyi ilə TƏBİB-in birləşdirilməsi daha məqsədəuyğun olar. Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident siyasi və iqtisadi islahatların keçirilməsini elan etdi. Azərbaycanın 68 rayonu var. Sovet hökuməti bizi yüz yerə böldü, xırdaladı. Amma indi bölgələr üzrə iqtisadi zonalar yaradılıb. Yəni təsərrüfatı uyğun gələn bir neçə rayon birlışdirilir və əlavə idarəçilik sistemindən azad olur. İdarəçilik sistemi çox yerə bölünəndə bax, bugünkü problemlər ortaya çıxır. ABŞ-ı götürsək, heç orda bu qədər komitə, nazirlik yoxdu. Ona görə də, Azərbaycanda Səhiyyə Nazirliyi öz yerində qalmalıdır və TƏBİB nazirliyə birləşdirilməlidir. Söhbət orda işləyən şəxslərdən, işçilərdən getmir, idarəçilikdən gedir. Fikir verin, Səhiyyə Nazirliyi bir, TƏBİB iki, onların yerlərdəki qurumları da üç və sair. Görün büdcəmiz nə qədər yerlərə parçalanır. Bu qədər nazirlik, komitə olar? Olmamalıdır. Bir qurum olmalıdır - Səhiyyə Nazirliyi. TƏBİB nədir, mən bilmirəm? Yenə də deyirəm, söhbət orda işləyənlərin şəxsiyyətindən getmir, quruluşdan gedir. Yaxud Qida Təhlükəsizliyi Agentliyi nə deməkdir? Qida təhlükəsizliyi qurumu da Səhiyyə Nazirliyinin tərkibində olmalıdır. Sanitar-Gigiyenik qurum nazirliyin tabeliyindədir. Həmin məsələləri o həll etməlidir. Ona görə də Səhiyyə Nazirliyi, TƏBİB, Qida Təhlkəsizliyi Agentliyi, o cümlədən də əlavə yaradılmış digər qurumlar birləşdirilməlidir. Bunun baş verəcəyi qənaətindəyəm. Əks halda büdcəmiz yüz yerə parçalanır. Obrazlı desək, bir məsələyə beş nazirlik baxır. Gözləntilərimiz odur ki, bunlar birləşər, yerlərdə də idarələrin lazımsız formada olması yığışdırılar. Necə ki, eşidirik, icra hakimiyyətləri ləğv olunacaq və yerlərində bələdiyyələr fəaliyyət göstərəcək. Bunlar hamısı işimizin xeyrinədir”-deyə A.Əliyev qeyd etdi.