Şriftin ölçüsü / 3109

Tramdan Azərbaycana təbrik

16 May 2020 [13:53]

Azərbaycanın suverenliyi və müstəqilliyinə ABŞ-ın dəstəyi həm də Prezident İlham Əliyevin tutduğu müstəqil siyasi kursun dəstəklənməsi anlamını ifadə edir


Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə 28 May – Respublika günü münasibətilə göndərdiyi təbrik məktubunu sadəcə, diplomatik etiket kimi dəyərləndirməməyin bir neçə səbəbi var ki, bu barədə qısa qeydləri oxucularla bölüşmək istəyirik. Öncə hamının bildiyi bu fakta diqqət yetirək: Donald Tramp Ağ Evin siyasətini daha çox özünün "Tvitter” səhifəsi üzərindən açıqlayır, bir çox hallarda onun yazdıqları qeydlər dünya siyasətinin gündəmini dəyişir. Bu mənada ABŞ dövlət başçısının Azərbaycan Prezidenti ilə münasibətlərdə istinasız olaraq məhz rəsmi məktublara üstünlük verməsi diqqət çəkir, daha ciddi diplomatik jest olaraq qəbul edilir.

Cənab Tpampın məktubunun "Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən ən güclü şəkildə dəstəkləndiyi” ifadəsi ilə başlaması əlbəttə ki, gəlişi gözəl sözlər deyil. Cəmi 29 illik müstəqillik tarixi olan Azərbaycan bu illər ərzində bir neçə çətin sınaqlardan cəsarətlə keçib ki, bunun son 17 ili prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın suverenliyi və müstəqilliyinə ABŞ-ın dəstəyi həm də prezident İlham Əliyevin tutduğu müstəqil siyasi kursun dəstəklənməsi anlamını ifadə edir. Bu mövqenin arxasında duran məqam isə cənab Trampın Azərbaycan Prezidentinin müstəqil siyasət yeritdiyini, heç bir kənar qüvvənin təsiri altında olmadığını və başlıca olaraq milli maraqlara uyğun kurs həyata keçirdiyini qəbul etməsidir. Razılaşaq ki, bütün bunlar dövlətçilik və suverenlik baxımından çox ciddi məqamlardır və Azərbaycan adına böyük uğurdur.

Prezident Trampın ABŞ və Azərbaycan nəzərdə tutaraq, "iki böyük xalq və dövlət” ifadəsindən istifadə etməsi də xalqımıza verilən qiymət və güclü dəstək kimi dəyərləndirilməlidir.

Məktubda ABŞ və Azərbaycan arasında əməkdaşlığın beynəlxalq təhlükəsizlik, Avropada enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsi, iki böyük xalqın və qüdrətli dövlətin parlaq gələcəyinin qurulması naminə 30 ilə yaxın müddət ərzində davam etdiyi vurğulanır.

Aydındır ki, ABŞ-ın daima ən böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri də Cənubi Qafqazda lider dövlət olan Azərbaycandır. Azərbaycan Avropa və Asiya qitələrinin birləşdiyi bir nöqtədə yerləşir, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsində çox önəmli rol oynayır. Söhbət tək neftdən yox, həm də mavi qazdan gedir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini ardıcıl surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın bu layihədə səylərini daima alqışlayır.

Sirr deyil ki, qütbləşən dünyada ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Xüsusilə Donald Trampın hakimiyyəti illərində bu məsələdə Azərbaycana ciddi dəstək daim hiss edilməkdədir. Yada salaq ki, ötən il elə bu aylar Ağ Ev rəhbəri çox qısa zaman kəsiyində Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi, siyasi və enerji siyasətinə dəstək verən iki məktub ünvanlamışdı.

Bütün bu münasibət Azərbaycan və ABŞ arasında yaxın tərəfdaşlığın ən yüksək səviyyədə təsdiqi kimi səciyyələndirilməlidir. Eyni zamanda, bu, İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq sülh, sabitlik və qlobal inkişafa verdiyi əhəmiyyətli töhfələrə ABŞ dövlət başçısının yüksək qiymətidir. Azərbaycanın təhlükəsizlik məsələrində bölgədə oynadığı mühüm rol danılmazdır. Azərbaycan beynəlxalq terrorçuluq, radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq, Əfqanıstan da daxil olmaqla dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək, qlobal inkişafa yardım, enerji infrastrukturlarının genişləndirilməsi kimi istiqamətlər üzrə ABŞ-la sıx əməkdaşlıq edir, öz töhfələrini verir.

Məktubda hazırda dünyanı cənginə alan COVİD-19 pandemiyası dövründə ABŞ-ın Azərbaycan xalqının yanında olduğu vurğulanır. Həqiqətən də COVİD-19 pandemiyası ilə mübarizədə prezident İlham Əliyevin vaxtında atdığı çevik addımlar nəticəsində ölkəmiz bu qlobal bəlanı ağır fəsadlar olmadan yaşamaqdadır. Azərbaycan bu bəşəri bəla sınağından ciddi itkilərsiz çıxmaqla, dünyadakı imicini daha da möhkəmləndirdi, dayanıqlı iqtisadiyyata və "təhlükəsizlik yastığına” malik olduğunu göstərdi. Azərbaycan tez bir vaxtda virusla mübarizə üçün səfərbər oldu, kiməsə ehtiyacı olmadan bütün tibbi təminatını yarada bildi, xaricdəki vətəndaşlarına sahib çıxdı.

D.Trampın məktubu da göstərir ki, Amerika artıq Azərbaycanı tam formalaşmış, müstəqil və güclü iqtisadiyyatı olan dövlət kimi qəbul edir. Bu isə o deməkdir ki, Vaşinqton Azərbaycanın yeritdiyi siyasəti diqqətlə izləyir və onun əldə etdiyi nailiyyətləri etiraf edir.

Məktubunun sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Trampın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin sülh yolu ilə dayanıqlı həlli üzrə aparılan danışıqlara dəstəyini davam etdirəcəyini bəyan edib.

Bu, Ermənistanın riyakar və destruktiv siyasəti nəticəsində faktiki dalana dirənmiş münaqişənin həllində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə dəstək kimi qiymətləndirilməlidir. Danışıqlara dəstək ifadə etməklə Minsk Qrupunun həmsədr ölkəsi olan ABŞ rəsmi İrəvanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini də rədd edir. Habelə, münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə vurğu edilir ki, bu da Azərbaycanın tarixi torpaqlarının hərbi işğalının qəbuledilməzliyi və işğalçının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması tələbi kimi qiymətləndirilməlidir.


Millət




Digər Xəbərlər