Şriftin ölçüsü / 863

Biz daha böyük biabırçılıqların şahidi olacağıq

08 May 2020 [11:14]

Ermənistanın Vatikandakı keçmiş səfiri, tarix elmləri namizədi Mikael Minasyan özünün "Facebook” səhifəsində "Yalanların sonu” seriyasından "Mən, Vanetsyan və Paşinyan: Rədd edilmiş təklif” adlı videomesajın ilk hissəsini yayımlayıb. Onun açıqlamalarında Paşinyanın ifşası ilə bağlı bir sıra məqamlar əks olunub. Eyni zamanda, o, Paşinyanın pul ödəmək və Ermənistana gəlməmək təklifini niyə rədd etdiyini izah edib.

Diplomat Artur Vanetsyanla ilk görüşü barədə bunları deyib: "2019-cu ilin fevral ayında Romada Paşinyanın təşəbbüsü ilə Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanla görüşdüm. Yadınızdadırsa, Vanetsyan Nikol Paşinyanın göstərişi ilə Mikael Minasyanla görüşdüyünü elan etmişdi. Beləliklə, A.Vanetsyan mənə zəng etdi, yeri gəlmişkən, onu çox yaxşı tanıyırdım, amma heç vaxt ona yaxın olmamışdım və dost deyildik. A.Vanetsyan zəng edib dedi ki, Romada olduğunuzu bilirəm. İki-üç ay səfir deyildim, amma Romada yaşayırdım. Dedi ki, səninlə görüşmək istəyirəm. Sualıma belə cavab verdi: Nikol Paşinyanın sizin üçün bir mesajı var. "Çox yaxşı” dedim. Romanın mərkəzində, "De Russie” otelində, bir kafedə görüşdük. Özünü tanıtdı, dedi ki, buraya Milli Təhlükəsizlik Xidmətinin direktoru kimi gəlib və Paşinyanın adından danışmaq səlahiyyətindədir. Mən "buyur” dedim. Dedi: sizə bir təklifimiz var. Təklif aşağıdakı kimidir – simvolik bir məbləğ ödəyirsən, şübhəsiz ki, hansısa bir fonda və ya dövlət fonduna necə və harada ödəyəcəyini müzakirə edəcəyik. Mən simvolik məbləği soruşmadım. Bildirdi ki, bundan sonra heç olmasa ilk illərdə Ermənistana gəlmirsən. Sizinlə əlaqəli olan və sizi dinləyən insanların hamısı Paşinyanla mübarizəni dayandırır, siz siyasətdən kənar bir insan olursunuz, həyatınızı Ermənistanın hüdudlarından uzaqda xoşbəxt yaşamağa davam edirsiniz, amma razılaşdığımız andan etibarən bütün cinayət işləriniz dərhal dayandırılır, yaxınlarınızın təqiblərinə son qoyulur. Söhbət atam və dostlarım haqqında gedir. Biz o dəqiqə bir-birimizi tanımayan insanlara çevrilirik, ancaq çox yaxşı dost oluruq”.

Videomüraciətində Minasyan Paşinyana niyə "yox” dediyinin səbəbini də açıqlayıb: "Mən Paşinyanın təklifi ilə razılaşmadım, çünki xalqımın və vətənimin belə çətin vəziyyətində mən xaricdə yaxşı yaşaya bilməzdim. Mən çoxlarından fərqli olaraq, nəinki proqnoz verdim, həm də yazdım ki, bizi hansı fəlakət gözləyir. Mən yalançı, məsuliyyətsiz və xain insanlarla heç vaxt razılaşa bilmərəm. Bu gün Ermənistan Respublikasında və onun hüdudlarında erməni xalqı ilə bağlı baş verənlər, sadəcə, dövlətə xəyanətdir. Başqa sözüm yoxdur. Xoşbəxt və yaxşı yaşaya bilərəmmi? Əlbəttə, bəli. İmtina etdim, ona görə ki, oturub dövlətimin və xalqımın məhv olacağını seyr edə bilməzdim. Məni nə gözlədiyini bilə-bilə Paşinyana "yox” dedim”.

Görünən odur ki, keçmiş diplomat Paşinyanın bütün iç üzünü açıb ortaya qoymağı qarşısına məqsəd qoyub. Diplomatlardan Paşinyana yönəlik bu cür hücumlar isə qarşıdakı dövrdə onu çətin siyasi sınaqlar gözlədiyindən xəbər verir.

"Həm erməni, həm də dünya ictimaiyyəti onun əsl simasını görəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, məlum açıqlama Paşinyanın daha bir eybəcərliyini ifşa etdi: "Məlum oldu ki, Paşinyan öz rəqiblərini, onu tənqid edənləri hər cür vasitə ilə susdurmağa, yalan üzərində qurduğu hakimiyyətinin ömrünü uzatmağa çalışır. Onun yürütdüyü xarici və daxili siyasət hədə-qorxu, şantaj, rüşvətlə ələalma və sair kimi eybəcərlikdən başqa bir şey deyil. Paşinyanı tənqid etdiyinə görə keşmiş səfiri ələ ala bilməyən baş nazir günahsız insanları incidir, onlardan qisas alır. Bu, vidiomüraciətin hələ ilkin hissəsidir. Davamında biz daha böyük biabırçılıqların şahidi olacağıq. Hesab edirəm ki, Paşinyanın bu ifşası onun süqutunu daha da sürətləndirəcək. Həm erməni, həm də dünya ictimaiyyəti onun əsl simasını görəcək. Eyni zamanda, bu, Ermənistanda dövlət adına hansı çirkinliklərin həyata keçirildiyini bir daha göstərəcək”. /Bakı Xəbər/


Millət




Digər Xəbərlər