Şriftin ölçüsü / 2830

Azərbaycanın hüquq məkanında bu qərar bir ilkdir

01 May 2020 [13:31]
Ali Məhkəmənin Plenumunun REAL sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərov barəsində bəraət qərarı çıxarması günlərdir müzakirə edilir. Adları çəkilən şəxslərdən birinciyə 234 min, ikinciyə isə 57 min 400 manat kompensasiya təyin edilməsi daha çox dartışılır.

Bu məsələ ilə bağlı müxalif düşərgə tərəfindən sərt təpkilər göstərilir. Xüsusilə AXCP-dən ibarət olan Milli Şura tərəfdarları İ.Məmmədov və R.Cəfərovu "məhşər ayağı”na çəkirlər. Açıq şəkildə REAL rəhbərliyi hakimiyyətlə anlaşmada ittiham olunur. REAL sədri ilə eyni vaxtda, eyni iş üzrə həbs edilən, sonra əfvlə azadlığa buraxılan, hazırda isə digər bir ittihamla həbsdə olan Müsavat funksioneri Tofiq Yaqublu haqqında belə qərarın verilməməsinə diqqət çəkilir.

Digər müxalif partiyaların Ali Məhkəmənin qərarları ilə bağlı mövqelərini aldıq.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə qərarları bu cür dəyərləndirdi: "Ali Məhkəmə Plenumunun İlqar Məmmədov və Rəsul Cəfərova bəraət verilməsi barədə qərarına hər iki şəxsin, xüsusilə də İlqar Məmmədovun siyasi kimliyini nəzərə alaraq həm hüquqi, həm də siyasi tərəfdən yanaşılmasını doğru hesab edirəm. Qərarın hüquqi tərəfi ondan ibarətdir ki, Ali Məhkəmənin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin bu iki şəxslə əlaqədar qəbul etdiyi qərarlara istinadən verib. Bu ilk növbədə ona dəlalət edir ki, Azərbaycan qanunvericiliyi daha çox siyasi hesab oluna biləcək bu tip işlərdə hüquqi qərar verilməsi üçün lazımi hüquqi əsasları, yəni beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərini özündə ehtiva edir. Qərarda eyni zamanda bəraət almış şəxslərə maddi təzminat ödənilməsi də öz əksini tapıb. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanın hüquq məkanında bu qərar bir ilkdir. Bəraət qərarını pozitiv bir yenilik hesab edirəm və ümid edirəm ki, gələcəkdə Azərbaycanda anoloji məhkəmə proseslərində verilən qərarlarının qəbulunda müsbət presedent olaraq tətbiq olunacaqdır. Eyni zamanda qeyd etdiyim kimi, verilmiş qərarın həm də bir siyasi qərar olduğu qənaətindəyəm. Nəzərə almaq lazımdır ki, əslində bu qərar verilənədək münasibətlərdə yumşalmağa doğru müəyyən bir yol keçilmişdi. Təqribən iki il əvvəl Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə İlqar Məmmədov şərti azadlığa buraxılmışdı. Həmçinin, Rəsul Cəfərov bir neçə il əvvəl Azərbaycan Prezidenti tərəfindən əfv edilmişdi. Bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, azərbaycanlı hakimlər Xanlar Hacıyev və Lətif Hüseynov hər iki işlə əlaqədar Avropa Məhkəməsində dəfələrlə ardıcıl olaraq İlqar Məmmədovun və Rəsul Cəfərovun xeyrinə qəbul olunan qərarların lehinə səs vermişdilər. Bu da ona dəlalət edir ki, ortada ölkə rəhbərliyinin, konkret olaraq prezidentin siyasi iradəsi olub. Buna görə də verilmiş bəraət qərarını fərdin və ya mənsub olduğu təşkilatın uğuru kimi təqdim etməyi də yanlış hesab edirəm. Çünki belə təqdimat cəmiyyətdə birmənalı olmayan fikirlərin formalaşmasına səbəb olur. Verilmiş qərarın daha çox prezidentin bəyan etdiyi siyasi islahatlar kursunun tərkib hissəsi olduğu qənaətindəyəm. Bu baxımdan da ümid edirəm ki, məhkəmələr digər anoloji işlərə də yenidən baxacaq və gələcəkdə prezidentin mövcud siyasi iradəsinin ziddinə olaraq heç kim barəsində siyasi baxışlarına görə və sonradan dəyişdirilməsinə zərurət yaranacaq səhv qərarlar verməyəcəklər”. Musavat.com


Millət




Digər Xəbərlər