Şriftin ölçüsü / 944

Koronovirusun yaratdığı "fürsətlər": Qlobal həmrəylik, yoxsa tədric?

09 Aprel 2020 [00:06]
Bəşəriyyət qlobal böhran içərisindədir. Bəlkə də bizim nəslin gördüyü və görə biləcəyi ən böyük böhran. İnsanların və hökumətlərin növbəti həftələrdə verəcəyi qərarlar, dünyanın gələcək illər üçün necə formalaşacağına təsir göstərə bilər. Bu qərarlar təkcə səhiyyə sistemlərimizə deyil, iqtisadiyyatımıza, siyasətimizə və mədəniyyətimizə də təsir edəcəkdir. Tez və qətiyyətli davranmalı, eyni zamanda atacağımız addımların uzun müddətli perspektivdəki nəticələrini də nəzərə almalıyıq. Alternativ həll yollarını tapmalı, təhlükəni necə aradan qaldıracağımızı və "fırtınadan” sonra yaşadığımız dünyanın necə olacağını düşünməliyik.

Pandemiyanın yaratdığı fırtına gec-tez keçəcək, bəşəriyyət qalib gələcək və qalib gəlməyə də məhkumdur. Amma fərqli bir dünyada yaşayacağımız da indidən məlumdur. Bu fərqli dünyada qısamüddətli təcili tədbirlərin həyata keçirilməsi vacib olacaq və bu cür qərarların qəbulu gündəlik həyatımızın bir hissəsinə çevriləcəkdir. Tarixdən də məlum olduğu kimi bəşəriyyət tarixində mövcud olmuş bir çox böhranlar tarixi prosesləri də sürətləndirir. Normal vaxtlarda illərlə davam edən qərarlar indi dərhal qəbul edilir. Tam hazır olmayan və hətta təhlükəli hesab olunan texnologiyalar işə salınır, çünki belə məqamlarda hərəkətsizlik daha çox baha başa gələ bilər. Pandemiya nəticəsində demək olar ki, bütün ölkələr qlobal bir sosial eksperimentin girovuna çevriliblər. Evdən işləməklə bağlı eksperimentlər, onlayn alış-veriş, internet üzərindən təhsil eksperimenti və s. Sakit vaxtlarda hökumətlər heç vaxt bu cür sınaqlar keçirə bilməzdilər. Ancaq bu gün sakit vaxt deyil.

Bu böhran dövründə qarşımızda iki yol var. Birincisi, totalitar nəzarət və vətəndaşların hüququ və azadlıqları, səlahiyyətləri arasındakı seçimdir. İkincisi isə, milli təcrid və qlobal həmrəylik arasındakı seçimdir.

"Dərialtı" nəzarət


Koronavirus epidemiyasına qarşı mübarizədə bir neçə hökumət artıq yeni nəzarət mexanizmləri tətbiq edir. Ən diqqət çəkən Çindir. İnsanların smartfonlarını yaxından izləyərək, milyonlarla kameradan istifadə edərək insanların sağlamlıq vəziyyətlərini yoxlamağa məcbur edən Çin hakimiyyəti nəinki koronavirusun potensial daşıyıcılarını tez bir zamanda aşkar edə, həm də hərəkətlərini izləyə və onlarla birlikdə olanları da müəyyən edə bilir. Burada həmçinin vətəndaşların telefonuna xüsusi tətbiq də yüklənilib ki, bu da onlara yoluxmuş insanlara yaxınlığı barədə xəbərdarlıq edir.

Ancaq bu cür texnologiyaların istifadəsi yalnız Şərqi Asiya ilə məhdudlaşmır. İsrailin Baş naziri Benyamin Netanyahu, bu yaxınlarda İsrail Təhlükəsizlik Agentliyinə, koronavirus xəstələrini izləmək üçün terrorçularla mübarizədə nəzərdə tutulan texnologiyalardan istifadə edərək nəzarət proqramı yerləşdirməyə icazə verdi. Parlament bu icazənin tətbiqinə "yox” dedikdə isə Netanyahu səlahiyyətlərindən istifadə edərək bunu "fövqəladə qərar" olaraq təsdiqlədi.

Ümumiyyətlə götürsək, son illərdə həm hökumətlər, həm də korporasiyalar insanları izləmək və manipulyasiya etmək üçün getdikcə inkişaf etmiş texnologiyalardan istifadə edirlər. Əgər indiyə qədər hökumətlər barmağınız smartfonunuzun ekranına toxunduqda və bu və ya digər linki açdıqda nəyə baxdığınızı bilmək istəyirdisə artıq koronavirus ilə maraq mərkəzi dəyişir. İndi hökumət barmağınızın temperaturunu və dərisinin altındakı qan təzyiqini də bilmək istəyir.

Sağlamlıq yoxsa şəxsi azadlıqlar?

Əsl problem ondan ibarətdir ki, heç kim bu cür izlənmənin gələcəkdə nəyə çevriləcəyini və necə istifadə olunacağını bilmir. Vide-nəzarət texnologiyaları sürətlə inkişaf edir. Hipotetik olaraq, hər bir vətəndaşın biometrik qolbaq taxmasını tələb edən müəyyən bir hökuməti düşünün. Bu bilərzik, təsəvvür edin, 24 saat ərzində bədən istiliyini və ürək dərəcəsini idarə edir. Əldə olunan məlumatlar hökumətin qurduğu alqoritmlər tərəfindən toplanır və təhlil edilir. Alqoritmlər hətta siz xəstə olduğunuzu bilmədən xeyli əvvəl artıq sizin xəstə olduğunuzu biləcəkdir. Harada olduğunuzu və kimlə görüşdüyünüzü də biləcəklər. Bu cür izlənmə infeksiya zəncirini kəskin azaldıla bilər və ya hətta tamamilə dayandırıla bilər. İlk baxışdan necə də cazibədar səslənir, elə deyilmi?

Dezavantaj isə ondan ibarətdir ki, bu cür addımlar nəzarət sisteminə qanuni don geyindirəcəkdir. Məsələn, siz "Xalq” və ya "Respublika” qəzetinin linklərini deyil "Amerikanın səsi”ndə olan bu və ya digər məlumatı oxuyursunuzsa bu artıq sizin siyasi seçimləriniz haqqında və bəlkə də şəxsiyyətiniz barədə məlumat əldə etməyə imkan verəcək. Üstəgəl, bu zaman sizləri nəyin güldürdüyünü, nəyi ağlatdığını və nədən təsirləndiyinizi də öyrənə biləcəklər.

Korporasiyalar və hökumətlər biometrik məlumatlarımızı kütləvi şəkildə yığsalar, bizi özümüzdən daha yaxşı tanıya biləcəklər. Nəticədə onlar bizə nə lazım olduğunu nəinki proqnozlaşdıra, həm də hisslərimizi idarə edərək bu və ya digər məhsulu və ya siyasi xətti seçməyimizə də təsir göstərə bilərlər.
Koronavirus infeksiyalarının sayı sıfıra ensə belə, bəzi hökumətlərin biometrik nəzarət sistemlərinin davam etdirilməsi ilə bağlı qərarlar qəbul edəcəyi ehtimalları da var. Səbəb kimi koronavirusun ikinci dalğası təhlükəsi və ya hər hansı bir digər səbəb göstərilə bilər. Sistemin necə işlədiyini başa düşdünüz? Uzun illərdir insanları nəzarətdə saxlamaq istəyən güclər nəhayətdə deyəsən istədiklərinə nail ola biləcəklər. Koronavirus böhranı uzun illərdir tətbiq edilmək üçün hazırlanan sistemləri işə salmaq üçün bir dönüş nöqtəsi ola bilər. Çünki insanlar əksər hallarda şəxsi azadlıq və ya sağlamlıq arasında seçim edərkən bir qayda olaraq sağlamlığa üstünlük verirlər.

Dövlət - vətəndaş münasibəti

Əslində problem insanların gizlilik və sağlamlıq arasında seçim qarşısında qalmasındadır. Çünki bizlər eyni anda həm şəxsi azadlıqlarımızı qoruya, həm də sağlamlıqdan zövq ala bilərik və almalıyıq da. Biz sağlamlığımızı qorumaq və koronavirus pandemiyasını qarşısını almaq üçün total nəzarət tədbirləri tətbiq etməklə deyil, vətəndaşların hüquq və imkanlarını genişləndirməklə dayandıra bilərik.

Mərkəzləşdirilmiş monitorinq və sərt cəzalar insanların qaydalara riayət etmələrinin yeganə yolu deyil. İnsanlara baş verənlər barədə dəqiq, heç nəyi gizlətmədən məlumat verildikdə, başqa sözlə dövlət öz vətəndaşına etibar etdikdə vətəndaş da dövlətinə etibar edir və bu zaman izlənmədən və nəzarət altına alınmadan da düzgün işlər görə bilir. Həvəsləndirilmiş, düzgün motivasiya edilmiş əhali, bir qayda olaraq polis tərəfindən idarə olunan kütlədən daha təsirli və effektli addımlar ata bilir.

Adi bir misal; əllərin sabunla yuyulması. Bu, insan gigiyenası sahəsində ən vacib addımlardan biridir. Bu sadə hərəkət hər il milyonlarla insanın həyatını xilas edir. Bu gün bizlər buna adi hal kimi baxırıq, ancaq əlləri sabunla yumağın vacibliyini elm adamları yalnız 19-cu əsrdə təsdiq ediblər. Əvvəllər hətta həkimlər və tibb bacıları əllərini yumadan bir cərrahi əməliyyatdan digərinə keçirdilər. Bu gün milyardlarla insan əllərini sabunla polisdən qorxduqları üçün deyil, əhəmiyyətini başa düşdükləri üçün yuyurlar.

Dövlətin və vətəndaşın, polisin və əhalinin əməkdaşlıq səviyyəsinə çatması üçün mütləq və mütləq qarşılıqlı etimada ehtiyac var. İnsanlar elmə, dövlət qurumlarına etibar etməyi öyrənməlidirlər. Təbii ki, dövlət qurumları da vətəndaşın bu etimadını doğrultmaq üçün üzərinə düşən vəzifələri yerinə yetirməli, vətəndaşda inam yaratmalıdır. Nəzarət rejimi qurmaq əvəzinə, insanların elmə, dövlət orqanlarına və mediaya inamını bərpa etmək çox gec deyil. Yeni texnologiyalardan da istifadə etməliyik, amma bu texnologiyalar vətəndaşların hüququ və azadlıqlarını məhdudlaşdırmağa yox, əksinə onun imkanlarını genişləndirməyə xidmət etməlidir. Bədən istiliyinin və ya qan təzyiqinin izlənməsi yaxşı şeydir, amma bu məlumatlar vətəndaş üzərində nəzarəti artırmaq üçün istifadə edilməməlidir. Digər bir tərəfdən bu cür texnologiyalardan necə gəldi istifadə edən zaman onu da yaddan çıxarmaq lazım deyil ki, ayrı-ayrı şəxslər də məhz bu cür texnologiyalardan istifadə edərək bu və ya digər höküməti izləmək imkanı əldə edə bilər. Bu isə istənilən dövlətin milli təhlükəsizliyi üçün qorxunc nəticələr yarada bilər.

Beləliklə, koronavirus epidemiyası bütün vətəndaşlıq institutu üçün ciddi bir imtahandır. Səhv seçim etsək, avtoritarizmin sağlamlığımızı qorumağın yeganə yolu olduğu bəhanəsi ilə ən dəyərli azadlıqlarımızı itirə bilərik.

Qlobal əməkdaşlıq

Digər vacib məsələlərdən biri də qlobal həmrəylikdir. Həm epidemiyanın özü, həm də iqtisadi böhran nəticədə qlobal problemlərdir. Bunlar yalnız qlobal əməkdaşlıq sayəsində effektiv şəkildə həll edilə bilər.

Əvvəla, virusu məğlub etmək üçün bütün dünyanın bir-biri ilə məlumat mübadiləsi aparmasına ehtiyac var. Yalnız qlobal əməkdaşlıq şəraitində virusa üstün gəlmək olar. Məsələn, Çin ABŞ-a koronavirus və onunla necə mübarizə aparmaq barədə çox dəyərli dərslər verə bilər və ya hər hansı bir italyan həkimin səhər tezdən Milanda tapdığı şey axşam Tehranda insanların həyatını qurtara bilər. İngiltərə hökuməti bir neçə siyasi qərarlar arasında tərəddüd etdikdə, bir ay əvvəl oxşar bir dilemma ilə üzləşən Cənubi Koreyadan məsləhət ala bilər. Bunun üçün bizə qlobal əməkdaşlıq və etibar ruhu lazımdır.

Ölkələr məlumat mübadiləsinə, habelə əldə edilən məlumatlara və biliklərə etibar etməyə hazır olmalıdırlar. Tibbi avadanlıqların, xüsusən də test dəstləri və nəfəs aparatlarının istehsalı və yayılması üçün qlobal səylərə ehtiyac var. Bunu hər bir ölkədə ayrı-ayrılıqda etmək əvəzinə, koordinasiya edilmiş səylərlə istehsalı əhəmiyyətli dərəcədə artırmaq və xilasetmə vasitələrinin daha ədalətli paylanmasını təmin etmək mümkündür. Məsələn koronavirus halları az olan zəngin bir ölkə qiymətli avadanlıqları yoxsul bir ölkəyə göndərməyə hazır olmalıdır.

Qlobal əməkdaşlıq iqtisadi cəbhədə də vacibdir. İqtisadiyyatın və tədarük zəncirinin qlobal xüsusiyyətlərini nəzərə alsaq, bu zaman hökumətlərin öz iqtisadi fəaliyyətlərini digərlərinə məhəl qoymadan aparması nəticədə iqtisadi böhranın daha da dərinləşməsinə gətirib çıxara bilər.
Seçim etmək zamanıdır. Seçim imkanları isə sadədir: ya təcrid, ya da qlobal həmrəylik. Dövlətlər təcrid yolunu tutduqları və yalnız özünü düşündüyü zaman böhran daha da dərinləşəcək və gələcəkdə daha böyük fəlakətlərə səbəb olacaqdır. Qlobal həmrəylik isə təkcə koronavirus üzərində deyil, həm də 21-ci əsrdə bəşəriyyətin üzləşə biləcəyi bütün epidemiya və böhranlara qarşı bir qələbə olacaqdır.


Rəşad Bayramov




Digər Xəbərlər