Şriftin ölçüsü / 3135

Pandemiya ilə mübarizə çərçivəsində atılan addımlara dəstək olduğumuzu bəyan etmişik

08 Aprel 2020 [23:58]
Azərbaycanda koronavirusla əlaqədar aztəminatlı ailələrə dövlət qurumları ilə yanaşı, yardım göstərən ayrı-ayrı şəxslərin sayı günbəgün artmaqdadır. Ən müxtəlif sahələrin təmsilçiləri öz imkanları daxilində yardımlarını əsirgəmirlər. Burada deputatlar və icra hakimiyyətləri daha fəal görünür.

Lakin ölkənin müxalif düşərgəsinin belə bir yardım təşəbbüsü göstərdiyinin hələ ki, şahidi olmamışıq. Doğrudur, dövlət büdcəsindən maliyyələşməyən əksər siyasi partiyaların maddi durumu çox aşağıdır. Amma bununla belə, bir neçə siyasi qurumun bir araya gəlib, ortaq məbləğ toplayıb, imkansız ailələrə maddi yardım göstərmələri mümkünsüz deyil. Bir neçə partiyanın bununla bağlı mövqeyini öyrəndik.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə məsələyə geniş şərh verdi: "İctimai-siyasi sektorda təmsil olunan şəxslər tərəfindən aztəminatlı ailələrə edilən yardımları birmənalı olaraq təqdir edirəm. Bir sıra hallarda belə yardımların edilməsinin bəziləri tərəfindən sosial şəbəkələrdə aşırı reklam olunması faktları qınanılsa belə, yenə də hesab edirəm ki, həmin yardım bu gün buna ehtiyacı olan insanların gündəlik tələbatını müəyyən qədər qarşılayırsa, nə məqsədlə edilməsindən asılı olmayaraq, hər bir halda faydalıdır. Təəssüflər olsun ki, müxalif düşərgədə təmsil olunan çoxluğun geniş anlamda belə yardımlar etmək imkanları məhduddur. Bildiyiniz kimi parlamentdə təmsil olunmayan partiyalar dövlət büdcəsindən maliyyələşmir və uzun illərdir ki, daxili imkanları hesabına pis-yaxşı fəaliyyət göstərirlər. Partiya üzvləri arasında da bu gün dövlət dəstəyinə ehtiyacı olan insanların sayı az deyil. Hazırki durumda biz bu insanlara yenə də daxili imkanlarımız, həmçinin şəxsi dostlarımız vasitəsilə dəstək olmağa çalışırıq. Eyni zamanda, bunu ictimailəşdirmək fikrindən də uzağıq. Yeri gəlmişkən, bir məsələyə diqqəti yönəltmək istəyirəm. Bu gün və bundan əvvəlki dönəmlərdə parlamentdə təmsil olunan bəzi partiyalar var ki, ildə 130-150 min manat civarında dövlət büdcəsindən maliyyə dəstəyi alırlar və bir qədər ciddi araşdırsanız görərsiz ki, yaxın 3-5 nəfər dostu və tanışından başqa heç üzvləri də yoxdur. Təəssüf ki, bir neçə üzdə olan, fəaliyyəti görünən partiyalar istisna olmaqla həmin o 3-5 nəfərdən ibarət olan partiyaların fəaliyyət göstərməyi bir tərəfə, hətta dövlət başçısının təşəbbüsü ilə formalaşan Koronovirusla mübarizə Fonduna hər hansı maddi dəstək göstərməsinin də şahidi olmamışıq. Heç olmasa indiki ağır durumda ehtiyacı olanlara dəstək olmağı, borclarını onların yadına salmaq lazımdır. Bilirsiz ki, AMİP, həmçinin müxalif düşərgədə olan əksər dostlarımız hökumət tərəfindən pandemiya ilə mübarizə çərçivəsində atılan addımlara dəstək olduğumuzu bəyan etmişik. Növbəti mərhələdə bir neçə müxalif qüvvənin bir araya gələrək hər hansı yardım etməyini də istisna etmirəm. Amma, onu da deyim ki, mövcud karantin şəraitində müxalif partiya rəhbərlərinin bir araya gəlməsi də faktiki olaraq mümkün deyil. Giley kimi başa düşülməsini istəmirəm, lakin, təəssüf ki, karantin rejimi dönəmində bir sıra dövlət strukturları ilə yanaşı hətta kiçik bir müəssisəsi olan şəxslərə sərbəst hərəkət imkanları verilsə də, partiyaların rəhbərliyində olan şəxslər nədənsə bu imtiyazdan məhrumdurlar. Bizlər də sıravi vətəndaşlarımız kimi yalnız sms vasitəsilə müraciət etməklə bəlli icazəli məkanlara gedə bilərik. Bu səbəbdən də telefon bağlantıları xaricində birlikdə görüşərək hər hansı məsələnin müzakirə edilməsi də daxil olmaqla hətta idarə etdiyimiz partiya qərargahlarına getmək imkanlarından da məhrumuq”.Müsavat.com





Digər Xəbərlər