Şriftin ölçüsü / 926

AMİP koronovirusla bağlı ciddi narahatlığını bildirdi

01 Aprel 2020 [16:25]

AMİP COVİD-1 virusu ilə bağlı bəyanat verib. Partiyanın Mətbuat Xidmətindən "Millət"ə daxil olan həmin bəyanatda deyilir:

"Azərbaycan Milli İstiqlal Partiyası koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın sərhədlərin bağlanması, ölkə miqyasında bütün kütləvi tədbirlərin və idman yarışlarının təxirə salınması, tədrisin dayandırılması, toy və yas mərasimlərinə qoyulan məhdudiyyətlər, ictimai-iaşə obyektləri üçünqısa müddətli iş saatının müəyyənləşməsi, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxışın məhdudlaşdırılması da daxil olmaqla görülən bütün qaqbaqlayıcı tədbirləri təqdir edir və vəziyyətin normallaşması üçün Azərbaycan hakimiyyətinə dəstək verməyə hazır olduğunu bəyan edir.

Eyni zamanda AMİP mövcud şəraitdə ehtimal edilən fəsadların aradan qaldırılması və gələcəkdə yarana biləcək problemləri önləmək məqsədi ilə bir sıra addımların atılmasını məqsədəuyğun hesab edir:

1. Apteklərdə zəruri dərmanların, eləcə də spirt, əlcək, maska və digər qoruyucu vasitələrin təchizatı və satışı ciddi şəkildə nəzarətə götürülsün. Bu məsələdə manapoliya yaradan və qiymət artımına yol verən fiziki və hüquqi şəxslər cəzalandırılsın.

2. Hazırda ölkə xaricində olan vətəndaşlarımızın, ilk növbədə tələbələrin vətənə qayıtmasını təmin etmək üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi;

3. Tətbiq olunmuş karantin müddətində fəaliyyətinə məhdudiyyətlər qoyulmuş bütün sahibkarlıq subyektlərinin vergidən və sosial ödənişlərdən tam azad olunması;

4. Fəaliyyəti məcburən dayandırılan müəssisələrə kömək məqsədilə həmin müəssisələrdə çalışan işçilərin əmək haqlarının ödənilməsi üçün müvafiq maliyyə vəsaitinin ayrılması;

5. Sahibkarlara kömək məqsədilə ölkəyə gətirilən mallara tətbiq edilən gömrük rusumlarının mümkün həddə qədər azaldılması;

6. Banklara, Bank Olmayan Kredit Təşkilatlarına və Lizinq Şirkətlərinə borcu olan vətəndaşların bütün növ kredit və lizinq ödənişlərinin ən azı 3 ay müddətinə dondurulması və bu məqsədlə həmin təşkilatlara Azərbaycan Milli Bankı tərəfindən güzəştlərin tətbiq edilməsi;

7. Virusun daha çox yaşlı insanlara təsirini nəzərə alaraq, 65 yaşdan yuxarı yaşlı vətəndaşlarımızın təqaüdlərinə ən azı 3 ay müddətinə əlavə ödənişlərin edilməsi;

8. Günəmuzd fəaliyyətlə ailəsini dolandıran və yaranmış vəziyyətdə əmək fəaliyyəti göstərmək imkanlarından məhrum olmuş şəxslərin dairəsinin qısa müddətdə müəyyənləşdirilməsi yolu ilə onlara müvafiq maddi yardımın göstərilməsi;

9. Karantin müddətində komunal xidmətlərin, ilk növbədə qaz, su və işığın qiymətlərinin aşağı salınması, eyni zamanda qaza və işıqa olan limitin ləğv edilməsi;

10. Koronavirusla mübarizədə bilavasitə ön cəbhədə fəaliyyət göstərən tibbi personalı ilə yanaşı, polis, gömrük, sərhəd xidməti və ümumiyyətlə xüsusi risk qrupuna daxil olan bütün şəxslərin əmək haqqlarına əhəmiyyətli dərəcədə əlavələrin edilməsi.

Azərbaycan Milli İstiqlal Partiyası olaraq bu çətin günlərdə hər kəsi dövlətimizin yanında olmağa, qəbul edilmiş qərarları anlayışla qarşılamağa, heç bir halda panikaya yol verməməyə və vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə çağırırıq."



Rəşad




Digər Xəbərlər