Şriftin ölçüsü / 776

Regionlarda yenə həkimlər çatışmır

26 Dekabr 2019 [16:14]

 Aydın Əliyev: "Problem dövlət proqramları əsasında öz həllini tapa bilər”

Səhiyyə Nazirliyinin müavini Rahim Əliyev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanın regionlarında həkim çatışmazlığı hiss olunur. Qeyd edək ki, ölkədə 2018-ci ilin məlumatına görə, 31900 nəfər həkim işçisi var. Onların da əhalinin sayına görə, mütləq xeyli hissəsi paytaxt Bakı, Abşeron yarımadası və bir neçə iri şəhərdə cəmləşib.


AMİP Mərkəzi Şurasının sədri, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyevin fikrincə, regionlarda həkim azlığı məsələsinin həllinə nail olmaq üçün dövlət proqramına ehtiyac var: "Regionlarda həkim çatışmamazlığı məsələsinin həlli çoxsahəlidir. Problem dövlət proqramları əsasında öz həllini tapa bilər. Hələ sovet dönəmində ayrı-ayrı yaşayış məntəqələrində səhiyyə məntəqələrinin olmaması problemi mövcud idi. Həmin problem indi də öz aktuallılığını saxlayır.

Digər tərəfdən, həkimlərimiz regionlarda işləməsi üçün münasib şəraitin olması vacibdir. Ona görə də regionlarda, olmayan yerlərdə belə poliklinikalar, xəstəxanalar, məntəqələr açılmalıdır. Tibbi məntəqələr də əhalinin say məsələsinə uyğun olaraq açılır. Əhalinin sayı isə iş yerlərinin olduğu məkanlarda daha sürətlə artır. Yaranmış vəziyyət regionlarda həkim çatışmamazlığı məsələsinin həllini vacib edir. Bütün hallarda məsələnin köklü həlli bu istiqamətdə dövlət proqramının olmasını diktə edir. Səhiyyə Nazirliyi hansı məkanlarda tibbi müəssisələrin çatışmamazlığı barədə hökumət qarşısında məsələ qaldırmalıdır.

Gələn ildən tətbiq ediləcək icbari tibbi sığortanın inkişafı fonunda bir müddətdən sonra regionlarda həkim çatışmamazlığı problemi də əsasən aradan götürüləcək. Tibbi sığorta səhiyyədə elmi və inqilabi hadisədir. Ancaq onun tam oturuşması müəyyən zaman tələb edir. Habelə, əhalinin maaşı yüksək olmalı, azad sahibkarlıq regionlarda da güclü inkişaf etməlidir. Bütün hallarda tibbi sığortanın tətbiqi yekunda regionlar üzrə həkim çatışmamazlığı problemini də aradan qaldıracaq”. /mövqe.az/


Millət