Şriftin ölçüsü / 788

Avtoritar və despotik rejimləri bir az sıxan kimi dərhal Rusiyaya üz tutur

26 Dekabr 2019 [14:07]
Son illər Qərbdən Azərbaycan hakimiyyətinə siyasi tələblərin azaldığı müşahidə olunur. Həm ABŞ-ın, həm Avropanın siyasi təşkilatları, həmçinin beynəlxalq QHT-lər ölkəmizlə təzyiq və təhdid dilində danışmır, amiranə bəyanatlar vermirlər. Siyasi analitiklər bunun səbəbləri sırasında müxtəlif amillərin rol oynadığı qənaətindədirlər.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirdi ki, Qərb heç vaxt Azərbaycana digər Cənubi Qafqaz ölkələrinə olduğu kimi prinsipial yanaşmayıb. Qərbin Azərbaycana yanaşmaları spesifikdir və əksər neft-qaz ölkələrinə sərgilədiyi münasibətdən çox da fərqlənmir:

"Qərb heç vaxt Azərbaycanda demokratiyaya və demokratiyanın təməl prinsiplərindən sayılan şəffaf, ədalətli seçkilərə digər Cənubi Qafqaz ölkələrində olduğu kimi prinsipial yanaşmayıb. Qərbin Azərbaycana yanaşmaları spessifikdir və əksər neft-qaz ölkələrinə sərgilədiyi münasibətdən çox da fərqlənmir. Azərbaycan Qərb üçün iqtisadı, ticari, təhlükəsizlik və nəqliyyat-kommunikasıya tərəfdaşıdır. Əvvəllər bir qədər demokratiya, o cümlədən demokratik seçkilərə diqqət yetirilirdi. Siyasi təsisatlarla sıx əlaqələr və təmaslar qurulurdu. Müxalif siyasi düşərgənin fikir və mövqeyi nəzərə alınırdı. Amma bunlar da bəzi hallarda siyasi hakimiyyətə basqılar üçün bir vasitəyə çevrilirdi ki, daha çox güzəştlər əldə edə bilsin. Azərbaycanda müstəqilliyimizə təkrar qovuşandan üzü bəri heç vaxt demokratik seçkilər keçirilməyib. Hətta, 1992-ci ildə Ə.Elçibəyin seçkilərində də inzibatı resurslardan siu-istifadəyə yol verilib. Qərbin mövqeyi isə sadəcə bəyanat verməklə, bir-iki pozuntunu qeyd etməklə, "hər dəfə demokratiyaya doğru bir addım” dəyərləndirilməsindən kənara çıxmayıb. Artıq dünya sürətlə dəyişir, dəyərlər sistemi də, yanaşmalar da dəyişməkdədir. Müasir dünyada getdikcə iqtisadi maraqlar ön plana keçir, dünya ağalığı və təbii sərvətlər, zəngin karbohidrogenli bölgələrə sahiblənmək uğrunda böyük güclərin savaşları şiddətlənib, terror və radikalizm ciddi təhlükəyə çevrilib. Belə bir qlobal dəyişiklik və dinamik dövrdə Qərbin Azərbaycana demokratiya və demokrartik seçkilər keçirməsi tələbi mümkün görünmür. Avropa Azərbaycan hakimiyyətini daha da sıxmaqla Moskvanın tam ixtiyarına vermək istəmir. 

Qərb yaxşı anlayır ki, Azərbaycan hakimiyyətinə demokratiya ilə təzyiqləri artırmaqda davam etsə, Rusiyanın ağuşuna itələyəcək. Əvvəl dünyada bir hegemon güc vardı. Basqıları da, tələbləri də rahat etmək olurdu. İndi isə Rusya faktoru təkcə Azərbaycanda deyil, bütün post-sovet məkanında, hətta daha uzaq coğrafiyada demokrartiya və demokratik dəyərlərə real təhlükələr yaratmaqdadır. Avtoritar və despotik rejimləri bir az sıxan kimi dərhal Rusiyaya üz tutur və Kreml də onları çox böyük məmuniyyətlə öz çətiri altına alır. Ala bilmədiyini də gərginlikdə, qarşıdurmada, konfliktli vəziyyətə salır. Ortada Ukrayna təcrübəsi. Azərbaycan hakimiyyətinin son zamanlar anti-Qərb ritorikasının gücləndirməsi bir messajdır. Və hakimiyyətin Qərbə de-marş etmək üçün indi Rusiya kimi güclü bir dostu var. Bununla belə Qərbin də burada maraqlarını xoşluqla kiməsə, hansısa rəqibinə verəcəyini söyləmək olmaz. Azərbaycan kimi ölkələr və cəmiyyətlər dilemma qarşısında qalıb. Ya təcavüzkar, aqressiv və heç bir beynəlxalq hüquq tanımayan Kremllə, yoxsa sonad’k dostunu və tərəfdaşını müdafiə edə bilməyən, dişsiz Qərbləmi müttəfiqlik etsin. Məhz bu səbəblər ucbatından Qərb Azərbaycan hakimiyyəti ilə ehtiyatlı davranış sərgiləyir və qıcıq yarada biləcək məsələlərdən yan keçməyə çalışır. Hətta müxalifət düşərgəsi ilə təmaslardan belə çəkinir. Azərbaycanda vəziyyətin bu hala düşməsində, siyasi təsisatların zəiflədilməsində, seçki institutunun sıradan çıxarılmasında Qərbin də məsuliyyəti var. Əfsus ki, Qərbin Azərbaycanda böyük demokratik dəyişikliklər edəcəyinə, yaxud da bu dəyişikliklərə dəstək verəcəyinə sadəlövhcəsinə hələ də inan siyasi qüvvələr var. Amma o düşüncədə də deyiləm ki, mütərəqqi cəmiyyətlər Azərbaycandan tamamilə ümidini və əlini üzüb. İstərdim ki, 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində həm Azərbaycan hakimiyyətinin fundamental islahatlara son dərəcdə prinsipial və iradəli olduğunu, eyni zamanda Qərbin öz dəyərlərinə və prinsiplərinə sadiq qaldığını görə bilək.”. "Yeni Müsavat”


Millət