Şriftin ölçüsü / 2971

Düşərgənin ağır durumuna görə daha çox hakimiyyət cavabdehdir

09 Dekabr 2019 [20:10]
Ölkə müxalifətinin son 26 ildəki uğursuzluğunun kökündə duran səbəblərdən biri kimi düşərgənin tutduğu siyasi xətt göstərilir. Siyasi ekspertlərə görə, bu xətt dəyişmədikcə camiə uğursuzluq zolağından çıxa bilməyəcək.

Əli Orucov: "Düşərgənin ağır durumuna görə daha çox hakimiyyət cavabdehdir”

AMİP katibi Əli Orucov fərqli düşüncəyə sahibdir: "Müxalifətin indiki ağır duruma salınmasını müxalifətin tutduğu siyasi xəttində deyil, hakimiyyətin uzun illər yürütdüyü siyasətində və siyasi rəqiblərinə qarşı olan baxışlarında daha çox axtarmaq lazımdır. Təkcə müxalifət düşərgəsi sıradan çıxarılmayıb, özünü hakim partiya hesab edən YAP və onun peyk partiyaları da ölkənin ictimai-siyasi həyatındakı rolunu itirib. Halbuki mərhum prezidentin dönəmində az-çox düşərgələr arası rəqabət və mübarizə vardı. YAP cəmiyyətin həyatında nüfuz sahibi idi. İndi isə bunun tam əksidir. Müxalif siyasi partiyalar daima təzyiq altında saxlanılıb, fəaliyyət meydanı daraldılıb, maliyyə qaynaqları qapadılıb, cəmiyyətə çıxma imkanları məhdudlaşdırılıb. Bir sözlə, tam tədric vəziyyətə salınıb. Mövcud şərtlər daxilində müxalif düşərgənin hansısa uğur qazanması tam bir möcüzə olardı. Hələ ayaqda durub mövcudluğunu saxlaya bilibsə, elə bunun özü böyük nailiyyətdir. Təbii ki, fəaliyyət olan yerdə qüsurlar, səhvlər də ola bilər. Müxalifət düşərgəsi də zaman-zaman ciddi səhvlərə yol veriblər, taktiki addımlarında və mübarizə metodlarında yanlışlıqlar olub. Reallıqları bəzən düzgün qiymətləndirə bilməyib və xarici faktora daha çox ümid bağlayıblar. Azərbaycan müxalifətinin böyük hissəsi ölkənin spesifik xüsusiyyətlərini və hakimiyyətə olan münasibəti nəzərə alınmayıb. Yəni Ukraynaya, Gürcüstana və digər ölkələrə Qərbin Azərbaycana fərqli yanaşmaların reallığını düzgün analiz edə bilməyiblər. Daxili intriqalar, çəkişmələr, lazımsız ambisiyalar, iddiaları da bura əlavə etsək yerinə düşər.

Təəssüflər olsun ki, bəzi siyasi qüvvələrdə köhnədənqalma streotiplər, qəlblənmiş dəsti-xətt bu gün də qalır. Bəzən yeniliyi, dəyişikliyi qəbul etmək çətin görünür. Liderlərin ilahiləşdirilməsi və toxunulmazlığı kimi tendensiyalar qalmaqdadır. Hara yozsaq da yenə bunu yaradan səbəb dolayısı ilə hakimiyyətin siyasətinin üzərinə gəlib çıxır. Hakimiyyətin özü də belə halın davam etməsində maraqlıdır. Çünki bu müxalifəti hərtərəfli tanıdığından onunla hansı dildə və necə danışacağının asan yolunu bilir. Düzgün istiqamətin götürülməsi üçün ilk növbədə düzgün təhlillər aparmaq, reallığı olduğu kimi qiymətləndirmək, buraxılan səhvləri etiraf etmək və bir daha eyni səhvləri təkrar etməmək kimi addımların atılması lazımdır". "Yeni Müsavat”





Digər Xəbərlər