Şriftin ölçüsü / 3299

Bu məkrli niyyətlərin qarşısını isə iqtidar təkbaşına ala bilməz

03 Dekabr 2019 [16:45]
Azərbaycanda növbədənkənar parlament seçkilərinə start verilib. YAP-çı deputatların təşəbbüslərindən sonra dekabrın 2-də mandat sahiblərinin prezident İlham Əliyevə müraciət etmələri prosesləri daha da sürətləndirib. Çox güman ki, yaxın günlərdə ölkə başçısı müraciətlə bağlı müvafiq addımını atacaq.

Müşahidələrimiz onu deməyə əsas verir ki, bu seçkilərdə müxalifət düşərgəsində təmsil olunan partiyaların tam əksəriyyəti iştirak edəcəklər. Belə vəziyyətdə bir sıra məsələlər və suallar gündəmə gəlib. Onlardan biri də seçkilərə qədər iqtidar-müxalifət arasında dialoqun keçirilib-keçirilməyəcəyi yönündədir. Ehtimal ki, seçkilər gələn ilin fevralında keçiriləcək. O vaxta qədər belə bir dialoqun olmasının mümkün olub-olmayacağı yönündəki fikirlər, ehtimallar ən müxtəlifdir. Sərt ritorikanın iqtidar və müxalifət düşərgəsində bir-birilərinə qarşı münasibətdə ön sırada olduğunu qeyd edərək, dialoqun baş tutmayacağını deyənlər də kifayət qədər çoxdur.

Son iqtidar-müxalifət dialoqunun təşəbbüskarı kimi çıxış edən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı buna ehtiyacın olmadığını düşünür: "Milli Məclis artıq cənab prezidentə müraciət edib. Bugünlərdə ölkə başçısı parlamentin buraxılması ilə bağlı müraciətə mövqeyini bildirəcək. Mənə elə gəlir ki, bu münasibət müsbət olacaq. Düşünürəm ki, seçkilərlə bağlı konkret gün müəyyən olunacaq. Qənaətimə görə, bu o qədər də uzun zaman çəkməyəcək. Müraciətə uyğun olaraq, dövlət başçısı öz addımını atacaq. Belə olan şəraitdə hər bir partiya qarşıdakı seçkilərdə bütün qüvvəsini, potensialını bu işə sərf edəcək. Bu vəziyyətdə dəyirmi masanın keçirilməsinə bilmirəm nə dərəcədə ehtiyac var. Çünki hər şey aydındır. Seçkilərə gedirik və seçkilərdə də hər bir partiya potensialını ortaya qoymalıdır. Kim düşünürsə ki, Seçki Məcəlləsinə dəyişiklik etmək lazımdır, yanılır. Bu gün Milli Şuranın yaymış olduğu cəfəng bəyanatda göstərilənlərin heç bir əsası yoxdur.


AMİP Siyasi Şura üzvü Əli Orucov dialoq mühitinin olmasını çox vacib sayır: "Ölkədə iqtidar-müxalifət dialoqu iqtidarın istək və maraqlarına uyğun zamanlarda deyil, daimi və davamlı olmalıdır. Azərbaycanın taleyinə iqtidarın cavabdehlik daşıdığı kimi, müxalifətin də özünə görə məsuliyyəti var. Dialoq mühiti həm də ona görə vacibdir ki, ölkənin problemlərinin həlli, qarşılıqlı etimad və inamın yaranması istiqamətində bir çox maneələri aradan qaldırmaq mümkün olar. Qarşılıqlı inkarçılıq, düşmənçilik indiki dünyanın və regionun mürəkkəb şəraitində bizi ciddi və real təhlükələrlə üzbəüz qoyur. Bir tərəfdən də Azərbaycana və hakimiyyətə xarici basqılar artmaqdadır. Onu da nəzərə almaq lazımdır ki, cəmiyyətdə gərginliyi, nifrəti və qısasçılığı körükləyən və buna rəvac verən qüvvələr var. Bəziləri yanlış olaraq iqtidar-müxalifət dialoqunu bazarlaşma kimi ictimaiyyətə təqdim etməyə çalışır. Qardaş Türkiyənin təcrübəsindəki iqtidar-müxalifət münasibətləri, iqtidar-müxalifət dialoqu bizim üçün də bir nümunə ola bilər. Nədən biz müzakirələrimizi dəyirmi masa ətrafında apara və münasibətlərimizi sivil qaydada aydınlaşdıra bilmirik?! Sivil cəmiyyətlərdə bu müzakirələr və problemlərin həlli yolları küçələrdə, meydanlarda, internet resurslarında söyüş və təhqirlərdə deyil, parlamentlərdə, yaxud masa arxasında aparılır. Təsadüfi deyil ki, prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyində çıxışı zamanı toxunduğu məsələlərdən biri də bizi istəməyən qüvvələrin Azərbaycana qarşı atdığı və planlaşdırdığı məkrli niyyətləri barədə olub. Bu məkrli niyyətlərin qarşısını isə iqtidar təkbaşına ala bilməz. Ona görə də hesab edirəm ki, gözlənilən təxribat və sobatajın qarşısını almaq, eləcə də xarici təzyiqləri paylaşmaq üçün müxalifətlə əməkdaşlığa gedilməli, dialoqa başlanılmalıdır. İslahat təkcə kadrlarla, dövlət strukturları ilə bitməməlidir. Cəmiyyətin daha alt qatlarına, siyasi sistemin elementlərinə də, siyasi rəqiblərə münasibətdə də islahatlara ciddi zərurət var və bunsuz başladılan mütərəqqi proses yarımçıq qalar. Odur ki, iqtidar, konkret dövlət başçısının bu yöndə də iradəsini ortaya qoyacağı düşüncəsindəyəm”."Yeni Müsavat”


Millət




Digər Xəbərlər