Şriftin ölçüsü / 998

"Parlament buraxıldı” deməklə olmur

30 Noyabr 2019 [17:19]
Ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclası keçirilib.

İclasda Milli Məclisin buraxılması və növbədənkənar seçki müzakirə olunub. Parlament məsələni 2 dekabrda müzakirə edəcək.

Artıq bəzi müxalifət partiyaları seçkidə iştirak edəcəklərini açıqlayıb.

ReAL Partiyasının sədri İlqar Məmmədov parlament seçkisində iştirak edəcəklərini bəyan edib.

O, bütün müxalif qüvvələri bu nümunəyə əməl etməyə və parlament seçkilərində iştiraka çağırıb. Bundan əlavə, Gələcək Azərbaycan Partiyası da keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərinə qatılacaq. Partiya sədri Ağasif Şakiroğlunun sözlərinə görə, Gələcək Azərbaycan Partiyası gənclərdən ibarət yeni siyasi komanda ilə seçkilərdə iştiraka çalışır.


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hələlik qərar olmadığını bildirib:


""Parlament buraxıldı” deməklə olmur. Konstitusiyada parlamentin hansı formada buraxılması məsələsi açıq-aydın var. Əgər parlament buraxılarsa və növbədənkənar seçkilər təyin olunarsa, partiyanın iştirakı gözləniləndir. Çünki biz bütün seçkilərdə iştirak etməyə üstünlük veririk və dəyişiklikləri də seçkilərdə görürük”.

Əli Orucov prosesə kimlərinsə çağırışı ilə getmədiyini deyib:

"Hərə bir çağırış edir. Əli Əhmədov da bütün qüvvələri bələdiyyə seçkilərinə iştiraka çağırır. Müxalifət qüvvələrinin özlərinin kəskin düşüncəsi və yürütdüyü siyasət var. Gedən siyasi prosesləri dəyərləndirirlər. Çağırışlar edirlərsə, etsinlər. Burada qeyri-adi nəsə yoxdur”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu hesab edir ki, məsələ ilə bağlı qərar vermək partiyanın geniş müzakirəsindən keçir:


"Hər halda təmsil olunduğumuz partiyada məsələ geniş müzakirə olunandan sonra hansısa formada qərar vermək mümkündür. Parlamentin buraxılması məsələsinin müzakirəsi gündəmdədir. Ölkədə çox ciddi siyasi dəyişikliklərinin olacağı gözlənilir. KXCP böyük müzakirə keçirəndən sonra seçkidə iştirakla bağlı qərarını verəcək. Qərar olmadığına görə mövqe bildirməkdə çətinlik çəkirəm”. Cebhe.info