Şriftin ölçüsü / 1662

Parlamentin buraxılması hələ o demək deyil ki, yeni formalaşdırılacaq tərkib bundan yaxşı olacaq

29 Noyabr 2019 [16:50]
Əli Orucov: "Bu, məntiqli qərardır”

Azərbaycan parlamentinin buraxılması siyasi qüvvələr arasında ciddi canlanma yaradıb. Ölkə müxalifətinin bu qərara münasibəti, seçkilərdə iştirak edib-etməyəcəkləri maraq doğurur. Artıq müxalif liderlərin bir-birilərinin ardınca qərara reaksiyaları gəlməkdədir.

AMİP Siyasi Şura üzvü Əli Orucov qərarı məntiqli sayır: "Parlamentin buraxılması haqqında qərar hələ ki rəsmi elan edilməyib. Lakin ali qanunverici orqanın buraxılması labüd idi. Çünki hazırkı tərkib nə dövrün tələblərinə, nə ölkədə gedən proseslərə, nə də prezidentin yürütdüyü siyasətə və atdığı addımlara cavab vermirdi. Prezidentin davamlı mesajlarından və hadisələrin sürətli axarından güman edilir ki, parlamentə də növbə çatacaq. Həm də ona görə ki, Milli Məclis bu proseslərə nəinki adekvat deyildi, hətta tormozlayırdı. İş qabiliyyəti və təşəbbüskarlıq demək olar ki, sıfır idi. Mənə elə gəlir ki, sürətli dəyişikliklər dərin qatlarda çox ciddi proseslərin getdiyinin üst qatıdır. Hakimiyyət sanki harasa və nəyəsə tələsir. Doğrudur, dəyişiklərə start verilirsə, buna ara vermək olmaz və bu proses dinamik olmalıdır. Lakin burada vacib bir məqam var. Parlamentin buraxılması hələ o demək deyil ki, yeni formalaşdırılacaq tərkib bundan yaxşı olacaq. Vacib olan odur ki, seçki institutlarına cəmiyyətdə inam yaradılsın və yeni seçiləcək Milli Məclis xalqın iradəsini doğrudan-doğruya əks etdirsin.

Əgər "köhnə hamam köhnə tas” olacaqsa, təyinatla mandat veriləcəksə, fundamental olaraq heç nə dəyişməyəcək. Ümid edək ki, prezidentin son dönəmlə verdiyi pozitiv mesajlarının arxasında siyasi iradə dayanacaq və ciddi reformalara həyata keçiriləcək. Mən sizin qəzetinizə aylar öncə verdiyim açıqlamada da vurğulamışdım ki, indiki parlament prezident İlham Əliyevin başladığı proseslə yürüyə bilmir, əksinə əl-ayağa dolaşır. Bu qərar məntiqli qərardır”. "Yeni Müsavat”





Digər Xəbərlər