Şriftin ölçüsü / 460

Bayrağımız-qürur mənbəyimiz

09 Noyabr 2019 [15:49]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı

QAYDALARI

1. Bu Qaydalar "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 92 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasının Dövlət bayrağı "Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 2.1-ci və 2.4-cü maddələrində nəzərdə tutulan binaların üzərində (binanın dam hissəsi günbəz şəkillidirsə, günbəzin üstündə) və ya bu mümkün olmadıqda binanın fasadında əsas giriş qapısının üstündə daimi daldırılır.

3. Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən rəsmi tədbirlər və mərasimlər zamanı da qaldırılır (asılır).

Xarici dövlətlərin başçılarının və digər xarici nümayəndə heyətlərinin Azərbaycan Respublikasına səfəri zamanı Dövlət bayrağının qaldırılması qaydası Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Protokolunun Əsas Qaydaları” ilə tənzimlənir.

4. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində qaldırılır:

a) Azərbaycan Respublikasının bayram və matəm günlərində;

b) olduğu ölkənin milli bayram günlərində, matəm günlərində, habelə yerli təcrübəni nəzərə almaqla başqa günlərdə;

c) beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq.

5. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində aşağıdakı qaydada qaldırılır:

a) gəminin hərəkət etdiyi və dayanacaqlarda durduğu zaman Azərbaycan Respublikasının Dövlət bayrağı hər gün saat 8-də qaldırılır və gün batdıqda endirilir;

b) dövlət bayrağı aşağıdakı hallarda müəyyən edilmiş vaxtdan əvvəl (saat 8-dək) qaldırılır, habelə gün batarkən endirilmir:

- gəmi limana daxil olduqda və limandan çıxdıqda;

- dənizdə Dövlət bayrağı altında üzən hərbi və digər gəmilərə rast gəldikdə onlardan ayrılanadək.

Gəmi dayanacaqda olduğu zaman Dövlət bayrağı dal bayraq ağacında, hərəkət etdiyi zaman isə qafel və ya dal bayraq ağacında qaldırılır. Kiçik və yedək gəmiləri dayanacaqda və ya hərəkətdə olduğu zaman Dövlət bayrağını qafeldə qaldıra bilər.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Milli Məclisini və Azərbaycan Respublikasının Nazirlər Kabinetini təmsil edən digər şəxslər, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndələri və konsulları gəmidə olduqda, həmin şəxslərin razılığı ilə gəminin burun siqnal dor ağacında da Dövlət bayrağı qaldırılır.

6. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrinin hərbi hissələrində aşağıdakı hallarda qaldırılır: [i]

a) Azərbaycan Respublikasının bayram və matəm günlərində;

b) hərbi andiçmə mərasimi zamanı;

c) hərbi hissələrə dövlət mükafatları təqdim edilən zaman;

ç) hərbi hissələr (bölmələr) xarici dövlətin ərazisində olduğu müddətdə;

d) xatirə və digər peşə bayramı günlərində silahlı birləşmələrin rəhbərinin əmrinə əsasən.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrinin hərbi hissələrində onların qərargahlarının binalarında qaldırılır. [ii]

7. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrinin hərbi gəmilərində Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qrot-stenqada gəmi lövbərdə (çələkdə, burazda) dayandıqda aşağıdakı hallarda qaldırılır:

a) Azərbaycan Respublikasının bayram və matəm günlərində;

b) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Milli Məclisini və Azərbaycan Respublikasının Nazirlər Kabinetini təmsil edən digər şəxslər gəmiyə gəldikdə;

c) hərbi andiçmə mərasimi zamanı;

ç) hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduğu müddətdə;

d) hərbi gəmilərə (gəmilər birləşmələrinə) dövlət mükafatları təqdim edildikdə;

e) Azərbaycan Respublikası müdafiə nazirinin və Hərbi Dəniz Qüvvələri komandanının əmrləri ilə digər bayram və xatirə günlərində.

Döyüş vaxtı və düşmənin gözü qarşısında hərbi gəmi qrot-stenqada Azərbaycan Respublikasının Dövlət bayrağını qaldırır.

Hərbi gəmilər xarici dövlətlərin milli bayramları günlərində onların ərazi sularında olduqda, Azərbaycan Respublikasının Dövlət bayrağı, dəniz ərazilərinin hüquqi rejiminə riayət etmək və xarici hərbi gəmilər və hakimiyyət nümayəndələri ilə qarşılıqlı münasibətlər üzrə Təlimata uyğun qaldırılır.

8. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisələrin və idarələrin binalan üzərində və ya bu mümkün olmadıqda, binanın fasadında əsas giriş qapısının üstündə, habelə yaşayış evləri üzərində təşkilatların rəhbərlərinin icazəsi ilə və ya hüquqi və fiziki şəxslərin arzusu ilə bayram və matəm günlərində və ya hər gün qaldırıla (asıla) bilər.

Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatlan, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı binalarda (mərasim və tədbir keçirilən salonda) qaldırıla (asıla) və ya yerləşdirilə bilər.

9. Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

10. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı müəssisənin yerləşdiyi binanın fasadında əsas giriş qapısının üstündə dərslər başlamamışdan qaldırılır (asılır), qurtardıqdan sonra endirilir.

11. Azərbaycan Respublikasının bayram günlərində, qanunvericiliklə nəzərdə tutulmuş və ya Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikasının Dövlət bayrağı şəhər və qəsəbələrin mərkəzi küçələrində işıq dirəyindən və meydanlarda asılır. Bu günlərdə Dövlət bayrağının asılması yerli icra hakimiyyəti orqanları tərəfindən təşkil edilir.

12. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.

Bayraq dirəyinin uzunluğu parçanın enindən ən azı iki dəfə uzun olmalıdır. Bayraq binanın divarında bayraq dirəyində aşağıdakı qaydada asılmalıdır:

- divara nisbətdə 45 dərəcədən az olmayan bucaq altında;

- divara perpendikulyar.

Bayraq üfqi müstəvidə quraşdırılarkən (yerdə, döşəmədə, masanın üstündə və s.) onun bərkidildiyi bayraq dirəyi üfqi müstəviyə perpendikulyar və ya 60 dərəcədən az olmayan bucaq altında bərkidilə bilər.

Bayraq dirəksiz də asıla bilər. Bu halda bayraq:

- şaquli müstəviyə sıx bərkidilərək divara çəkilib uzadılmalı;

- binanın və ya tikilinin tavanına həmin hissədə yerləşən üfqi vəziyyətdə mühəndis qurğusuna bərkidilməlidir.

12-1. Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.[iii]

13. Matəm günlərində Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bayraq dirəyinin yarısına qədər endirilir.

Matəm günlərində Azərbaycan Respublikasının Dövlət bayrağı gəmilərdə liman kapitanının sərəncamı əsasında, xarici limanlarda isə Azərbaycan Respublikasının konsulu və liman rəhbərliyi ilə razılaşdırılmaqla endirilir.

14. Qanunun 9-cu maddəsinin tələblərini nəzərə alaraq Azərbaycan Respublikasının Dövlət bayrağı istifadəyə yararsız olduğu hallarda dəyişdirilir.

Dövlət bayrağının dəyişdirilməsinin təmin edilməsi məqsədilə, onu qaldırma hüququ olan dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, müəssisə və idarələrdə, qeyri-hökumət təşkilatlarında, siyasi partiyalarda, hərbi hissə və gəmilərdə ehtiyat bayrağı olmalıdır. Dövlət bayrağı bu orqanların, təşkilatların və gəmilərin rəhbərləri tərəfindən həvalə edilmiş məsul vəzifəli şəxslərin iş otağında çexolda saxlanılır.

15. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda müəyyən edilmiş tələblərə uyğun istehsal edilməlidir.[iv]

Dövlət bayrağı istənilən növ parçalardan, habelə bəzi hallarda kağızdan və digər elastik materiallardan hazırlana bilər.

Parçanın, bayraq dirəyinə bərkidilməsi nəzərdə tutuları tərəfinə digər materialdan hazırlanmış və üzərində dəliklər olan texniki xətt birləşdirilə bilər. Texniki xəttin rəngi parçanın rəngi ilə eyni olmalıdır.

Dövlət bayrağının ölçüsü müəyyən edilmir, o, yerindən və istifadə məqsədindən asılı olaraq müxtəlif ölçülərdə ola bilər. Bayrağın eninin uzununa nisbəti l:2-dir.

16. Azərbaycan Respublikası Dövlət bayrağının qorunması hər kəsin şərəfli vəzifəsidir.

Dövlət bayrağı barəsində təhqiredici hərəkətlərin qarşısının alınması və bu məqsədlə müvafiq tədbirlərin görülməsi hər kəsin borcudur.



[i] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın 6-cı və 7-ci hissələrin birinci abzaslarında "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” sözləri "Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir.

[ii] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın 6-cı hissənin ikinci abzasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri "Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir.

[iii] 29 oktyabr 2013-cü il tarixli 317 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan” qəzeti, 5 noyabr 2013-cü il, № 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1234) ilə "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na yeni məzmunda 12-1-ci hissə əlavə edilmişdir.

21 iyun 2018-ci il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq” qəzeti, 22 iyun 2018-ci il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1370) ilə "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın 12-1-ci hissəsində "mavi” sözü "yaşıl” sözü ilə əvəz edilmişdir.

[iv] 13 fevral 2019-cu il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq” qəzeti, 15 fevral 2019-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 349) ilə "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın 15-ci hissəsində "Azərbaycan Respublikasının Konstitusiyasında və Qanunun 9.2-ci maddəsində” sözləri "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda” sözləri ilə əvəz edilmişdir.


Millət