Şriftin ölçüsü / 386

Hakimiyyət siyasi rəqibləri ilə, müxalifət ilə danışmağı, müzakirə aparmağı bacarmalıdı

09 Noyabr 2019 [15:31]
Facebook direktoru Mark Zukerberq Rusiya, Çin və İranın ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə müdaxilə cəhdlərini qeydə aldıqlarını açıqlayıb. Bu barədə "NBC News” xəbər verir. Zukerburqin fikrincə, bu ölkələr getdikcə daha mürəkkəb üsullardan istifadə edərək seçkilərə müdaxilə etməyə çalışırlar.

Ağ Ev də bu günlərdə bəyan edib ki, həm Rusiya, həm İran 2020 seçkilərinə müdaxilə edə bilər.

Gedən müzakirələrdə Azərbaycanın da adı çəkilir ki, bu da təsadüfi deyil. Belə ki, gələn ilin bu vaxtları ölkəmizdə prezident seçkiləri olmasa da, parlament seçkiləri keçiriləcək. Rusiya və İran bizə qonşu ölkələrdir və Azərbaycanda müəyyən maraqları var.

Beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev gedən müzakirələrə bu cür mövqe sərgilədi: "Böyük dövlətlər, maraqları olan yaxud rəqib olduqları digər dövlətlərdə gedən siyasi proseslərə hər zaman təsir etməyə cəhdlər ediblər. Təbii ki, bunları açıq şəkildə etməməyə çalışıblar. Əslində burada təəccüblü heç nə görmürəm. Yüz illərdir mövcud olan bu təcrübə günümüzə qədər gəlib çıxıb. Sadəcə təsir etmək üsullarında, metodlarında zamana uyğun fərqliliklər var. Odur ki, Zukerberq yeni bir şey söyləməyib. Yeri gəlmişkən, onun sahibi olduğu sosial şəbəkə indiyədək bir çox dövlətlər tərəfindən siyasi proseslərə müdaxilədə ittiham olunub. Hətta avtoritar rejimlərə xüsusi izləmə proqramları verilməsi ilə bağlı ittihamlar da gündəmdə olub. Bütün bunlara rəğmən hərbi müdaxilələr istisna olmaqla, digər hallarda olan təsirləri ilk növbədə sübut etmək çətindir. ABŞ-dakı son prezident seçkilərinə Rusiyanın müdaxiləsi artıq bir neçə ildir ki söylənilir. Ancaq fikir verirsinizsə, burada Rusiyanın adı hallansa da müzakirələr, günahlandırmalar yalnız ölkə daxilində cərəyan edir. Trampı bu müdaxilədən bəhrələnməkdə ittiham edirlər. Rusiya isə bu məsələni həmişə zarafata salmaqla kifayətlənir. Dediyim kimi, belə müdaxilələrin olması həmişə gözlənilir və olacaq da. Bu gün İran ABŞ sanksiyaları ilə üz-üzədirsə, yaxud Çin strateji maraqlarına görə Vaşinqtondan narazıdırsa, sözsüz ki , fərqli siyasi xətt götürəcək birisinin hakimiyyətə gəlməsini arzulayacaqlar.

Bunun üçün hərəsi öz imkanları daxilində fəaliyyət göstərəcəklər. Eyni ilə ABŞ da Rusiyada Putinin hakimiyyətdən getməyini, İranda, Çində və digər ölkələrdə rejimlərin dəyişməsini, maraqlarına uyğun hakimiyyətlərin qurulmasını istəyir və bu yolda əlində olan bütün inkanlardan istifadə edir. Amma burada bir məsələ var ki, onu diqqətdən kənar qoymaq olmaz. Avtoritar, diktatura rejimlərində kənardan olan təsirlər çox ağır həyata keçir və bunun üçün zaman və vaxt məfhumu açıqdır. Ancaq demokratik ölkələrdə bu niyyətləri həyata keçirmək daha rahatdır. ABŞ-dakı son prezident seçkilərinə müdaxiləni Rusiyanın əsasən sosial şəbəkələlər vasitəsilə həyata keçirdiyi iddia olunur. Eyni üsulu Çində, İranda tətbiq etmək imkansızdır, Rusiyada isə çətindir. Rusiya üçün ABŞ-da kimin prezident olmasının böyük anlamı olduğu üçün növbəti prezident seçkilərində də marağı olacaq. Lakin bu marağını necə büruzə verəcək, bunu zaman göstərəcək. Çünki ABŞ keçən seçkilərdən sonra yəqin ki, bütün istiqamətlərdə tədbirlərini görəcək. Düşünürəm ki, bu seçkidə Trampın seçilib-seçilməyəcəyində Rusiya faktoru olmayacaq. Azərbaycanda gələn il keçiriləcək parlament seçkilərinə kənardan ola biləcək müdaxilələrə gəlincə, hesab edirəm ki, bu fikri söyləyənlər öz işbilməzliklərini , yarıtmazlıqlarını sığorta etmək üçün bu cür düşünürlər. Azərbaycan müstəqil dövlətdir. İstədiyi vaxt istədiyi zaman seçkilərini keçirir. Kənardan hərbi müdaxilə yoxdursa, digər dövlətlərin hansısa siyasi partiyanı dəstəkləməsini müdaxilə hesab etmirəm. Kənardan ola biləcək bütün təsirlərin qarşısında ən böyük sədd o olar ki, ölkəndəki insanlara münasibəti dəyişəsən, onların sosial iqtisadi vəziyyətini yaxşıaşdırmaq üşün əməli addımlar atasan, baş alıb gedən korrupsiya və rüşvət hallarına son qoyasan. Əks halda narazılıqlar o qədər böyüyür ki, seçkilərə xaricdən müdaxiləyə də ehtiyac qalmır. Ona görə də Azərbaycanda hakimiyyət siyasi rəqibləri ilə, müxalifət ilə danışmağı, müzakirə aparmağı bacarmalıdır. Onları inkar etməklə, yox saymaqla problem həll olunmur, əksinə dərinləşir . Adətən belə dərinləşmələr, qarşıdurmalar xaricdən olan müdaxilələrə rahat şərait yaradır”. "Yeni Müsavat”