Şriftin ölçüsü / 239

Bütün dünya anlayacaq ki...

07 Noyabr 2019 [13:58]
Erməni KİV-i İngiltərə nəşri olan "Bellingcat”a istinadən növbəti dezinformasiyanı tirajlayıblar. Həmin məlumatda iddia olunur ki, guya Azərbaycan 200 hektar gürcü torpağını nəzarət altına alıb. Qeyd edilir ki, "Google” tərəfindən çəkilən son peyk fotolarını araşdıran "Bellingcat” jurnalistləri bildirirlər ki, bu ilin aprel ayında Azərbaycanın Sərhəd Qoşunları 3 ölkənin (Ermənistan, Gürcüstan və Azərbaycanın) dövlət sərhədlərinin kəsişmə nöqtəsində olan Babəkər dağının Gürcüstan hissəsində görünüblər.

"Bellingcat” şərhçisi Masis Ingilizyan xatırladıb ki, hələ avqust ayında Azərbaycan rəsmiləri və KİV-i bəyanat veriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax hissəsində döyüş mövqelərini yaxşılaşdıra biliblər. Sayt Azərbaycan Sərhəd Qoşunlarının qərargah rəisi, general-mayor Elçin İbrahimovun 16 avqustda verdiyi açıqlamasında bildirdiyi "Azərbaycan sərhədçiləri təmas xəttində bir neçə istiqamətdə irəlilədi və strateji yüksəkliklərdə mövqeləri nəzarət altına aldı" sözlərini qeyd edir. Müəllif Azərbaycanın irəliləmə faktını inkar etmədən, bunun üçüncü dövlətin - Gürcüstan ərazisinin hesabına həyata keçirildiyini vurğulayır.

"Bellingcat”ın yayımladığı peyk şəkillərində iddia olunur ki, Azərbaycan Sərhəd Qoşunları Azərbaycanın əvvəlki sərhədindən 140 ilə 370 metr aralıda, Gürcüstanın Kvemo Kartli (Borçalı – red.) bölgəsindəki Kirachi-Muqanlo kəndində ən azı dörd yeni baza yaradıb.

Bundan əlavə, "Bellingcat” şəhrçisinə görə, Gürcüstandakı Azərbaycan bazalarından biri Bakı-Gəncə-Tiflis magistral yolunun üstündə olan Gürcüstan Qırmızı Xaç məntəqəsindən cəmi 380 metr məsafədə, strateji yüksəklikdə yerləşir: "Bu yeni ərazilər Azərbaycana Ermənistan üzərində strateji üstünlük verir. Sonradan erməni tərəfi bəyan edib ki, o, dövlət sərhədinin bu tərəfində 140 hektar ərazini nəzarətə götürüb və beləliklə, Azərbaycanın irəliləməsini neytrallaşdırmağı bacarıb”.

Bu iddialar hansı məqsədlə ortaya atılıb?

"Bütün dünya anlayacaq ki, bu, erməni provokasiyasından başqa nəsə deyil”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunu Ermənistanın növbəti təxribat cəhdi kimi dəyərləndirmək olar: "Göründüyü kimi, erməni KİV-i hansısa bir veb səhifənin dərc etdiyi təsdiq olunmamış bir məlumata görə son zamanlar daha da yaxınlaşan Azərbaycan-Gürcüstan münasibətlərini yenidən gərginləşdirməyə çalışır. "Bellingcat”ın hazırladığı raportda Azərbaycanın Gürcüstan ərazisinə daxil olduğu bildirilir. Əvvəlcə qeyd edim ki, sözügedən mənbə o qədər də etibarlı sayılmır. Ermənistan mətbuatının bundan gündəm hazırlamağa çalışması Azərbaycana olan qərəzli və düşmənçilik münasibətindən irəli gəlir. Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası tam həyata keçirilməyib. Bunlar hər iki ölkənin rəsmi qurumları tərəfindən müzakirə olunur. Bununla bağlı heç bir ciddi narahatlıq yoxdur. Hesab edirəm ki, Ermənistanın verdiyi bu informasiya daha çox beynəlxalq dairələrin diqqətini regiona yönəltməyə hesablanıb. Bildirmək istəyirlər ki, guya Azərbaycan bölgədə sülhə ciddi maneədir. Erməni mənbələri bu məsələdə fikirlərini bildirərkən daha çox Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə münasibətlərinin inkişaf etməsinə işarə edirlər. Ermənistanla həmsərhəd olan bu üç dövlətin yaxınlaşması İrəvana sərf etmir, onların maraqlarına uyğun deyil. Ermənistan buna görə bənzər dezinformasiyaları yaymaqla bu münasibətlərlə bağlı şübhə toxumları səpmək istəyir. Azərbaycanla Gürcüstan arasında qısa anlaşılmazlıq Keşikçidağa görə baş verdi, onu da hər iki tərəfin soyuqqanlı davranışı ilə həll etmək mümkün oldu. Əminəm ki, tərəflər arasındakı qısa sərhəd anlaşılmazlığı öz obyektiv həllini qısa zamanda tapacaq. Azərbaycan 29 ildir müstəqil dövlətdir və bu müddət ərzində heç bir qonşu dövlətə qarşı ərazi iddiası irəli sürməyib. Bütün dünya anlayacaq ki, bu, erməni provokasiyasından başqa nəsə deyil. Azərbaycan işğaldan əziyyət çəkən ölkədir. Bunun nə olduğunu bilir və heç vaxt kiminsə torpağını işğal etməyə səy göstərməz”.


Millət