Şriftin ölçüsü / 479

Sərgini keçirənlər anti-Azərbaycan qüvvələridir

01 Noyabr 2019 [16:07]
Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Rusiyanın keçmiş baş naziri olmuş Yevgeni Primakovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılıb. Sərginin Bakıda açılması ölkədə tənqidlərlə qarşılanıb.

Yevgeni Primakov keçmiş Sovet İttifaqının və Rusiya Federasiyasının tanınmış siyasətçilərindəndir. Onun sərgisində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin arxivindən sənədlər və fotoşəkillər təqdim olunub.

Yevgeni Primakov 86 yaşında vəfat edib. Primakov Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998) və baş nazir (1998-2000) işləyib.

O, 1990-cı ilin yanvarında Sovet Ordusunun Bakıda çoxsaylı insanı qətlə yetirdiyi zaman Kremlin Azərbaycanda nümayəndəsi olub.

Primakovun Bakıda sərgisinin açılması sosial şəbəkədə geniş müzakirələrə yol açıb. Bir sıra ictimai siyasi xadim, politoloq, vətəndaş cəmiyyətinin nümayəndəsi sərginin Bakıda açılmasını kəskin tənqid edib.


Azərbaycan Xalq Hərəkatının liderlərindən Etibar Məmmədov Amerikanın Səsinə şərhində Bakıda Yevgeni Primakovun xatirəsinə həsr olunmuş sərginin açılmasını "çox pis" qarşıladığını bildirib.

Primakovun xatirəsinə sərgi keçirmək Milli Azadlıq Hərəkatında olan şəhidlərimizin, qazilərimizin, ümumilikdə bütün millətin xatirəsinə təhqir deməkdir.

"Primakovun xatirəsinə sərgi keçirmək Milli Azadlıq Hərəkatında olan şəhidlərimizin, qazilərimizin, ümumilikdə bütün millətin xatirəsinə təhqir deməkdir. Bunu kim keçirirsə, bunlar anti-Azərbaycan qüvvələridir. Buna yol vermək olmaz. Mənim buna fikrim qəti olaraq mənfidir. Məqsəd vaxtilə Azərbaycanın düşmənləri olan Kirovu (Sergey Mironoviç Kirov - 1921-1926-cı illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olub-red), Mikayanı (Anastas İvanoviç Mikoyan - anti-Azərbaycan mövqeyi ilə tanınan keçmiş SSRİ-nin siyasətçisi, Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Komitəsinin katibi olub -red), Şaumyanı (Stepan Georgiyeviç Şaumyan - 1918-1920-ci illərdə Bakı Kommunasının rəhbəri olub-red) Azərbaycanın dostu kimi qələmə vermək istəyənlərlə eynidir. Azərbaycanın düşmənlərini Azərbaycanın dostu kimi, xətri keçən bir insan kimi təqdim eləməkdir. Çünki 20 yanvar hadisəsinin 30 illiyi olacaq. Bu, olanların millətin yadından çıxartmaq cəhdidir,” Məmmədov qeyd edib.


Millət