Şriftin ölçüsü / 641

Etibar Məmmdəov: "AXC hərəkatına hamı borcludur"

19 Oktyabr 2019 [12:42]

1987-88-ci illərdə Azərbaycanda başlamış xalq hərəkatının nəticəsində Azərbaycan Xalq Cəbhəsi yaradıldı.

1989-cu ildə təsis edilən və xalq arasında AXC kimi tanınan qurum həmin dövrün ziyalılarını, ictimai fəallarını birləşdirirdi.

AXC-nin ilk rəhbəri Əbülfəz Elçibəy olub.

Həmin vaxt Sovet Azərbaycanın rəhbərliyi də AXC ilə hesablaşmağa məcbur qalmışdı.

1992-ci ildə AXC prezident seçkisinə qatılmış və hakimiyyətə gəlmişdi. Amma AXC hakimiyyətinin ömrü uzun çəkməmiş, 1993-cü ildə baş vermiş Gəncə hadisələri nəticəsində keçmiş Azərbaycan SSR-nın birinci katibi olmuş Heydər Əliyev hakimiyyətə gəlmişdi.

AXC 1995-ci ildə siyasi partiyaya çevrildi, bəzi AXC-cilər isə hərəkatdan ayrılaraq öz siyasi partiyalarını qurdular.

"AXC hərəkatına hamı borcludur. İndiki hakimiyyət də borcludur, gələcək hakimiyyət də, gələcək nəsillərimiz də". Bu il 30 yaşı tamam olan AXC-nin qurucularından biri Etibar Məmmədov BBC News Azərbaycancaya müsahibəsində belə deyir. O, təşkilatın uğursuzluqlarından, səhvlərindən də danışıb.

-Etibar bəy, sizi təbrik etmək olar yəqin, qurucularından olduğunuz AXC-nin 30 yaşı tamam olur. Bu qurumun uğurlarında sizin payınız nə qədər idi?

- Mən pay bölgüsü ilə məşğul olmaq istəmirəm. Bu, çox ziyanlı bir işdir. İndi kimlərsə Azərbaycanın tarixində çox mühüm, həlledici rolu olan təşkilatı mənimsəməyə, özününküləşdirməyə, başqalarını kənarlaşdırmağa çalışır. Ancaq mənim elə bir fikrim yoxdur. Bu, xalqın, xalqın ziyalılarının yaratdığı təşkilat idi. Qarşısına qoyduğu məqsədlərə də ilkin dövrdə çox sürətlə və effektiv şəkildə çata bildi. Azərbaycanın müstəqillik əldə etməsi də birbaşa Xalq Cəbhəsinin adı ilə bağlıdır.

-AXC-nin prioritetləri nələr idi?

- Ümumi hərəkat başlayanda Qarabağ məsələsi qığılcım rolunu oynadı. Qarabağ ətrafında müzakirələr, etirazlar başladı, mitinqlər oldu. 1988-ci ilin noyabrında Meydan hərəkatı özünün ən yüksək zirvəsinə çatdı. Meydan mitinqi dağıdıldıqdan sonra hamı razılaşdı ki, bu hərəkat pərakəndə şəkildə, özbaşına gedə bilməz, onu idarə edən, yönləndirən bir təşkilata ehtiyac var. Həmin dövrdə çox müxtəlif qruplar vardı, onlar bir araya gəlib Xalq Cəbhəsinin yaradılmasına qərar verdilər. Təşkilat yaradılarkən onun proqramında göstərilmişdi ki, əsas məqsəd SSRİ-də baş verən proseslərlə, yenidənqurma ilə bağlıdır və bu yenidənqurma çərçivəsində Azərbaycanda demokratik, iqtisadi islahatların keçirilməsidir. Ancaq müzakirələr zamanı da, təsis konfransında da mən təklif etdim ki, Azərbaycanın müstəqillik əldə etməsi proqramda əksini tapmalıdır. Təəssüf ki, mənim təklifim o zaman qəbul edilmədi. Sonradan hamı bunu etiraf etməyə məcbur qaldı ki, Azərbaycanın müstəqillik əldə etməkdən başqa yolu yoxdur.

-Sizin təklif niyə qəbul edilmədi? Sovet İttifaqı hələ dağılmamışdı deyə qorxu vardı, onunla bağlıydı, ya cəmiyyət bu fikrə hazır deyildi?

- Qorxu ilə bağlıydı. Dedilər ki, hələ təhlükəlidir, hələ tezdir. Hətta yadımdadır, rəhmətlik Yusif Səmədoğlu dedi ki, biz hərəkata başlayaq, bir on ildən sonra bu məsələyə qayıda bilərik. Ancaq sonradan proses çox sürətlə inkişaf etdi və bir neçə ay sonra, noyabrda Azərbaycanın müstəqilliyi ümummilli hədəfə çevrildi.

- Müxtəlif müsahibələrinizdə demisiniz ki, AXC-nin hədəfi ölkənin müstəqilliyinin qazanılması idi və o əldə edildikdən sonra Xalq Cəbhəsi buraxılmalı idi. Amma təşkilatın qarşısına qoyduğu məqsədlərdən biri də Qarabağ məsələsi və demokratik-iqtisadi islahatlar idi. Bu iki məsələ həllini tapmadan təşkilatı buraxmaq nə qədər doğru olardı?

- Elə hədəflər var ki, onun ətrafında bütün insanları birləşdirmək mümkün olur. Bunlardan biri də dövlət müstəqilliyidir, əsarətdən azad olmaqdır. Xalq Cəbhəsində bu ideya ətrafında müxtəlifyönlü insanlar birləşə bildilər, yəni dindarından tutmuş ateistinə, demokratına, antidemokratına qədər.

Müstəqillik əldə edildikdən sonra isə hər bir insan ölkənin inkişafını müxtəlif şəkildə görə bilərdi və əvvəldən də görürdü. Eləsi vardı sosialist kimi, kommunist kimi fikirləşirdi, eləsi vardı birbaşa bazar iqtisadiyyatına keçməyi düşünürdü. Bu da siyasi baxımdan bölünmələrə gətirib çıxarırdı.

Təşkilat daxilində parçalanma olmaması üçün AXC öz missiyasını yerinə yetirilmiş elan etməli idi və cəbhəçilərə azadlıq verməliydi ki, hərəsi öz siyasi məqsədləri naminə tərəfdarları ilə birləşsin. Ancaq ümumi məqsəd bu dövlətin azad iqtisadiyyata, azad cəmiyyətə malik müasir dövlətə çevrilməsi istiqamətində birlik əldə etmək idi.

Təəssüf ki, buna getmədilər, Xalq Cəbhəsi buraxılmadı. Azərbaycan tarixində müstəsna rolu olan bir təşkilat sonrakı uğursuzluqlara görə tənqid hədəfinə çevrildi. Halbuki o buraxılsaydı, heç kim onu tənqid etməyə əsas da tapmazdı, cürət də etməzdi.

-Siz buna görə təəssüflənirsiniz?

- Əlbəttə. Azərbaycanın tarixində çox mühüm rol oynayan təşkilat nəyə görə tənqid, təhqir hədəfinə çevrilməlidir? Kimlərinsə bacarıqsızlığına, kimlərinsə səriştəsizliyinə görə qarşıya qoyduğu, elan etdiyi vəzifələri yetirə bilmədi.

-Etibar bəy, "kimlərinsə bacarıqsızlığına görə" deyəndə Xalq Cəbhəsinin rəhbərliyinimi nəzərdə tutursunuz?

- Bəli. Mən bununla bağlı da fikrimi bildirmişəm. Əbülfəz Elçibəy prezident seçiləndən sonra AXC sədrliyindən imtina etməliydi. O, bir siyasi təşkilatın rəhbəri ola bilməzdi, Konstitusiyada belə yazılmışdı, qanunlarda belə deyilirdi. Təəssüf ki, bu addımı atmadı.

Daha doğrusu, bu addımı atmasına imkan vermədilər. Bütün məsuliyyət də Cəbhənin sədri kimi onun üzərində qaldı. Halbuki hər şeyə görə qurulan hökumət özü, bir qrup insan cavabdeh olmalı idi. Ancaq onlar Cəbhənin adından istifadə edib təşkilatın özünü hədəfə çevirdilər.

-Sizcə, niyə Əbülfəz Elçibəy sədrlikdən getmədi, ya da sizin təbirinizcə desək, getməsinə icazə verilmədi? Başqa şəxsin sədr gəlməsindən çəkindilər?

- Onlar Elçibəyin kölgəsində öz bacarıqsızlıqlarını gizlədə bilirdilər, onu irəli verib məqsədlərinə çatmaq yönündə fəaliyyət göstərə bilirdilər. Onun gedəcəyi halda çox şeyin üzə çıxmasından narahat idilər, buna görə də sədrlikdən getməsini istəmirdilər. Bu, mənim fikrimdir.

-Siz Cəbhədə hər zaman müxalif mövqedə dayanan, məsafəli davranan şəxs kimi tanınmısınız. Səbəb nə idi, inamsızlıq?

- Cəbhə yarananda, mənə həmin Təşəbbüs Mərkəzinin üzvü olmağı təklif edəndə orda çox müxtəlif qruplaşmalar var idi. Onlar təşkilatlanmışdılar. Bu şəkildə də birləşib Təşəbbüs Mərkəzini yaratdılar. Mən isə ora müstəqil şəkildə daxil olmuşdum. Heç biriylə yaxınlıq etmək istəmirdim, hamısı ilə məsafə saxlamağa çalışırdım. Mən müzakirələr zamanı sərbəst şəkildə fikrimi bildirirdim. Təəssüf ki, o dəstələr əsas məqsədləri kənara qoyub bir-birini zəiflətməklə məşğuluydular. Bu da həm hərəkata zərbə vururdu, həm də ideyalara. Mənə olan hücumların bir səbəbi də o idi ki, heç bir qrupa qoşulmurdum. Adını deməyəcəm, məşhur bir adam var idi, o deyirdi ki, bizə qoşulmasan səni şərləyəcəyik.

-AXC-də dəstəniz, qrupunuz olmadığını deyirsiniz, ancaq orda nüfuz sahiblərindən idiniz. Bundan istifadə edib respublikada tətillərin təşkilində iştirak etdiyinizi və ya prezident Ayaz Mütəllibov istefaya göndəriləndə parlament ətrafında sizin nəzarət etdiyiniz şəxslərin olduğunu demisiniz. Siyasətə yenicə gələn şəxsin bu qədər imkanı, təsir gücü hardan idi?

- İnsanlar fəaliyyətə qiymət verə bilirlər. Fəaliyyət də nəticəli olanda insanlarda inam daha çox yaranır. Xalq Cəbhəsinin yarandığı dövrdə ilkin konflikt ondan başladı ki, mitinq olmalıdır. İyulun 29-da birinci mitinq başladı, ardınca ikinci mitinq keçirildi. Ondan sonra hərəkat çox böyük vüsət aldı. Sonra məlum oldu ki, mitinqlərin keçirilməsi hökumətə elə də təsir göstərmir.

O zaman tətil ideyası ortaya atıldı. Təəssüf ki, tətilin də əleyhinə çıxanlar oldu. Dedilər ki, bu baş tutan iş deyil. Cavab verdim ki, mən təşkil edəcəyəm. Tətillər çox uğurlu alındı və hökumət danışıqlara getməyə məcbur qaldı. Tətillər nəticəsində çox böyük uğurlar əldə edildi, həm mərkəzi, həm də yerli hakimiyyət tərəfindən.

-Hansı uğurlar əldə edildi? Söhbət yəqin həm də dəmiryolçuların qatıldığı tətildən gedir.

- Bəli. Dəmiryolunda keçirilən tətillərdən sonra Xalq Cəbhəsi parlamentin sessiyasına dəvət edildi, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya qanunu qəbul edildi. Bilmirəm həmin kadrlara baxmısınızmı? Onlar əvvəlcə həmin qanunu qəbul etməyə söz vermişdilər. Amma sonradan yayınmağa çalışdılar. Tətil təhlükəsi qarşısında bir gün sonra qanunu qəbul etməyə məcbur oldular.

-Siz Ali Sovetdə o zamankı birinci katib Vəzirovla AXC İdarə Heyətinin üzvü Nəcəf Nəcəfov arasında gedən dialoqu, mübahisəni nəzərdə tutursunuz?

- Bəli. Həmin sessiyada olmuşdu. Onlar artıq Xalq Cəbhəsini tərəf kimi qəbul etdilər, onunla danışıqlara getdilər. Daha sonra da Xalq Cəbhəsini rəsmi qeydiyyatdan keçirməyə məcbur oldular. Yəni hər dəfə uğur əldə edildikcə insanların inamı da artırdı. Təəssüf ki, sonradan başqa hadisələr baş verdi, nəticə də bir o qədər də uğurlu olmadı.

-Həmin sessiyada gərgin anlar yaşandı. Kadrlardan görünür ki, Nəcəfovla Vəzirovun mübahisəsinə sonda siz müdaxilə edirsiniz. O zaman zaldakı ovqat necə idi və nə baş verirdi?

- Məsələ onda idi ki, onlar ilkin tətillərin nəticəsində güzəştə gedib Xalq Cəbhəsinin rəhbərliyini sessiyaya dəvət etmişdilər. Və razılaşma əsasında Qarabağ haqqında sənəd və Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya qanunu qəbul edilməli idi. Ancaq sessiya başlayandan sonra məlum oldu ki, onlar bunun üstündən keçmək istəyirlər. Həmin vaxt da Nəcəf Nəcəfov kürsüdən bildirdi ki, Vəzirov yalan danışır. Ondan sonra gərginlik artdı.

Həmin sessiya birbaşa translyasiya olunurdu və bütün Azərbaycan ona baxırdı. Sessiyanın da, translyasiyanın da dayandırılması təhlükəsi yaranmışdı. Xalqın da heç nədən xəbəri olmayacaqdı.

O zaman mən tətillərə rəhbərlik edən bir adam kimi kürsüyə yaxınlaşdım, fikrimi bildirdim ki, tələblər yerinə yetirilməyəcəyi təqdirdə tətillər yenidən başlayacaq və bu hökumətin istefası ilə nəticələnəcək. Onun da effekti oldu, geri çəkilməyə məcbur qaldılar. Qanun da qəbul edildi. Bu, çox mühüm qanun idi. Sonradan dövlət müstəqilliyi haqqında Konstitusiya qanunun qəbul edilməsinin əsasını təşkil etdi. Orda belə bir müddəa da öz əksini tapdı ki, SSRİ qanunları ilə Azərbaycan qanunları arasında ziddiyyət yaranarsa, Azərbaycan qanunları üstünlük təşkil edəcək. Bundan əvvəl tərsinə idi.

-Prezident Ayaz Mütəllibov istefaya göndəriləndə sizə müraciətlər olub ki, insanların dağılmamasına yardım edəsiniz. Hər halda müsahibələrinizin birində belə demisiniz və orda - parlamentin ətrafında sizə bağlı qüvvələrin olduğunu söyləmisiniz. Etibar bəy, sizə bağlı qüvvələr kim idi, hardan idi? Söhbət silahlı dəstədən gedirdi?

- Söhbət başqa şeydən gedir. 1991-ci ildə Qarabağda vəziyyət gərginləşəndə belə qərara alındı ki, bir qurum yaradılsın. Orda həm müxalifətdən, həm də hakimiyyətdən eyni sayda fəallar olsun. Azərbaycanın milli müdafiə qüvvələrinin formalaşması təşkil edilsin. Bu qurumun da adı oldu Dövlət Müdafiə Şurası. Prezidentin sərəncamı ilə yaradıldı.

Mən də orda hakimiyyətdə olmayanların nümayəndəsi idim. Həmin dövrdə biz ordunun, silahlı qüvvvələrin formalaşması, eyni zamanda müdafiə sənayesinin yaradılması, onların təchizatı ilə məşğul olmağa başladıq. Mühüm nəticələr əldə edildi. Qanuni şəkildə silahlı dəstələr formalaşırdı. Onların təşkilatı, təchizatı yüksək səviyyədə idi, təlimlər keçirilirdi.

Təəssüflər olsun, həmin dövrdə Ayaz Mütəllibovun ətrafında olanlardan və hətta bu tərəfdə olanlardan bəziləri onu qorxutmağa başladılar ki, bu formalaşan qüvvələr sənin əleyhinə çıxacaqlar və ona görə də prezident yanvarda Müdafiə Şurasının ləğvi haqqında fərman verdi. Müdafiə Şurasının dövründə formalaşan qüvvələr vardı, ora hərbçilər gəlirdilər, könüllülər çox idi. Təbii ki, onlar kiməsə inanırdılar, kiminsə arxasınca gəlirdilər. Mənim sözüm o baxımdan bir çox hallarda keçərli olurdu. Nəzarətimdə deyə bilmərəm, amma nüfuz təsirimdə olan həmin qüvvələr xalqa qarşı silah işlədilməsinin qarşısını aldılar.

-O müsahibədə "Məni qoruyacaq adamlar var" deyirsiniz.

- ...

-Qayıdaq az öncə səsləndirdiyiniz fikirlərə. Sonradan AXC-də nələr baş verdi ki, sizin söylədiyiniz kimi "uğursuzluqlara səbəb oldu"?

- Cəbhə daxilində rəhbərlik, hakimiyyət uğrunda mübarizə ona gətirib çıxardı ki, parçalanma baş verdi. Parçalanma isə imkan yaratdı ki, nəzərdə tutulan və qanunla təyin edilməli seçkilərlə bağlı qərar qəbul edilməsin. Həmin dövrdə rəhbərlik daxilindəki intriqalar ona gətirdi ki, Xalq Cəbhəsinin bəzi təşkilatları rəhbərliyin iradəsindən kənar özbaşına hərəkət etməyə başladılar, bəzi hadisələr baş verdi. Bu da həmin gərginliyə gətirib çıxardı və nəticədə yanvar hadisələrinə yol açıldı. Bu da özünü təşkilatın yanvar konfransında özünü göstərdi. Yəni onda bir qrup ayrılıb getdi, digər qrup ultimatumla çıxış etdi. "A" planı, "B" planı deyilən bir şey vardı. Hələ ki, heç kəs onun təfərrüatına getməyib. Ancaq tarixçilər bununla məşğul olacaqlar.

-Bu nə plan idi?

- Qruplaşmalardan biri Əbülfəz bəyin qarşısında ultimatumla çıxış etmişdi ki, biz rəhbərlikdə təmsil olunmasaq, Xalq Cəbhəsini parçalayacağıq.

-Bunlar sosial demokartlar idi, ya digər qrup idi?

- Demək istəmirəm. Tarixçilərin vəzifəsidir, araşdırsınlar.

-Bəs "B" planı" nə idi?

- "A" planına görə, Əbülfəz bəy ultimatumu qəbul etməliydi, onlar rəhbərliyə daxil olmalıydılar. "B" planı isə o idi ki, Xalq Cəbhəsini parçalayıb yeni struktur yaratsınlar. Həmin qrup 20 yanvar hadisələrindən sonra partiya yaratdı. Ancaq vəziyyət dəyişəndən sonra partiya yaddan çıxdı.

-İsa Qəmbərin yaratdığı Şimali Azərbaycan Demokrat Partiyasını nəzərdə tutursunuz?

- Bəli.

-Sizi və tərəfdarlarınızı Cəbhə daxilində radikal qanad kimi təqdim edənlər var. Onlar iddia edir ki, radikalların davranışı 20 yanvar hadisələrinə rəvac verdi. Bu cür düşünənlər nə qədər haqlıdırlar?

- Bilmirəm nəyə görə radikal deyirlər. Birincisi, mən dediyim kimi heç bir qruplaşmanın üzvü olmamışam. Sadəcə, o zaman təsir vasitələrindən biri tətil idi. Həmin tətil hərəkatının qarşısına qoyduğu məqsədlərə müdaxilə etməyə başladılar, yəni "tətil olsun, ya olmasın, harda olsun, harda olmasın" deyə müzakirə açmışdılar. Mən o insanların fikrilərini qəbul etməmişdim. Onların həmin prosesə müdaxilə etmələrinə imkan verməmişdim, kənarlaşdırmışdım. Bunu radikallıq hesab edirlərsə, ola bilər.

Ancaq ümumi hərəkatın məqsədinə gələndə, yanvar sessiyasında mənim 25 dəqiqəlik çıxışım var. Qarşıya qoyulan məqsədlər haqda danışmışam, növbəti mərhələdə məşğul olacağımız işlər, hədəflər, bunun yolları haqda danışmışam. Mənə radikal deyənlər həmin çıxışa baxsınlar, orda bir cümlə, bir söz tapsınlar ki, qana, qarışıqlığa, güc tətbiq etməyə çağırış olub, bunlar olmayıb. Konfransda demişdim ki, məqsəd tez bir zamanda sabitliyi əldə edib seçkilərin keçirilməsinə nail olmaqdır.

Yanvar hadisələri baş vermədən seçkilər keçirilsəydi, Xalq Cəbhəsinin qələbəsinə şübhə yox idi. Qarşı tərəf - hakimiyyət də bunu pozmağa çalışırdı. Nəticədə mənə qarşı ittihamlar yönəldilmişdi ki, radikaldır, nədir. Ancaq radikallıq nədən ibarətiydi, indiyə qədər kimsə onu deməyib.

-20 yanvar hadisələri niyə baş verdi?

- Hamı bu hərəkatın yüksəlişindən narahat idi. Xüsusən də həm hakimiyyət dairələri, həm də mərkəzi hakimiyyət. Bunun qarşısını almaq üçün də birinci cəhddə Xalq Cəbhəsini parçalamalı idilər, mənim məlumatıma görə həmin yanvar konfransında da qarşıdurma olmalı idi, bəlkə də qan tökülməli idi. Ancaq konfransda nə qədər gərginlik yaşansa da, ciddi qarşıdurma, qarışıqlıq olmadı. Bundan sonra planın ikinci hissəsi işə düşdü, onu yanvarın 13-də həyata keçirdilər. Xalq Cəbhəsinin mitinqi vaxtı şəhərdə qarışıqlıq düşdü, insan tələfatı oldu, bundan da istifadə edib qoşun yeritməyi qanuniləşdirməyə çalışdılar.

-20 yanvar hadisələrindən sonra siz də öz partiyanızı yaratmağa qərar verdiniz.

- Bəli.

-Niyə? Artıq Xalq Cəbhəsi ilə yolları ayırmağın vaxtı çatdığını düşünürdünüz?

- Cəbhənin rəhbərliyi ilə yolların ayrılmalı olduğunu düşünürdüm. Cəbhəylə, cəbhəçilərlə yollarımız ayrıla bilməzdi. Cəbhə dediyim kimi möhtəşəm bir təşkilat idi, milli azadlıq hərəkatı idi. Bu hərəkat noyabrda elan ediləndə bir çoxları bunun da əleyhinə çıxırdı ki, bu, milli azadlıq hərəkatı deyil, sadəcə, xalq hərəkatıdır, demokratik hərəkatdır. Həbsdən sonrasa mən həmin fikirdə qalırdım. Mən həbsdə olduğum müddətdə Cəbhə rəhbərliyi bir çox strateji səhvlərə yol vermişdi, iradəsizlik göstərmişdi.

Məsələn, müddəti qurtarmış Ali Sovet tərəfindən Ayaz Mütəllibovun prezident seçilməsinə razılıq vermişdilər. Yazılı şəkildə. Guya bunu ölkədə sabitliyin yaranması üçün etmişdilər. Ancaq bu, çox böyük səhv idi. O zaman Ali Sovetin müddəti qurtarmışdı, Mütəllibova da başqa yollarla təzyiq göstərib daha çox nəticə əldə etmək olardı. 20 yanvar hadisələrindən sonra sındırmağa çalışdıqları xalq daha da mətinləşmişdi, müstəqillik ideyası daha da möhkəmlənmişdi.

Ondan sonra müstəqillik məsələsi hamı tərəfindən qəbul edilən milli ideya kimi zaman məsələsinə çevrilmişdi. Həmin dövrdə buna mane olan qüvvələr hakimiyyətdəkilər, Kommunist Partiyası və onun rəhbərliyi idi, Ayaz Mütəllibov başda olmaqla. Onlar Mütəllibovun hakimiyyətini möhkəmləndirmək üçün prezident statusunu rəsmiləşdirmək istəyirdilər. Halbuki Ali Sovetin səlahiyyət müddəti dekabrda bitmişdi. Bu qurumun prezident seçməsinə razılıq vermək çox böyük səhv idi.

Mən həbsdə olanda bərbad şəkildə seçkilər keçirildi, nəticəsi Xalq Cəbhəsi üçün o qədər də uğurlu olmadı. Təşkilatsızlıq nəticəsində bir neçə cəbhəçi eyni dairədən namizədliyini vermişdi, seçkilər idarə edilə bilməmişdi və nəticə də pis olmuşdu. Həbsdən sonra bu məsələlərə etirazımı bildirdim, bəzi məsələlərə baxılmasını təklif etdim. Baxdım ki, bunlar başqa fikirdədirlər. Xalq Cəbhəsinin qurultayına getməməklə mövqeyimi bildirdim ki, mən indiki halda təşkilatla yollarımı ayırmalıyam.

-Xalq Cəbhəsinin o zamankı rəhbərliyinin hakimiyyətlə razılaşmaya getdiyini dediniz. Bu anlaşma, sövdələşmə nədən ibarət idi?

- Ortada imzalanmış sənəd var idi.

-Bu, siyasi təcrübəsizlikdən irəli gəlirdi ya arxasında başqa məqsəd vardı?

- Təcrübəsizlik də vardı, iradsəzilik də. Çox şey ola bilərdi. Mən o zaman Bakıda deyildim.

-Xalq Cəbhəsi ilə yolları ayırdınız. Bəs 1992-ci ildə hakimiyyətə gələndə sizə əməkdaşlıq təklif edildimi?

- Yox, əməkdaşlıq təklif edilmədi. Sadəcə, müzakirələr gedirdi. Təəssüf ki, həmin müzakirələr nəticəsiz qaldı. Daha doğrusu onunla nəticələndi ki, hakimiyyətə gələn Xalq Cəbhəsi yıxdığı keçmiş kommunistlərlə koalisiya qurdu. Bu tarixdə çox az təsadüf olunan hadisədir. Bir inqilab, çevriliş baş verir və devrilən hökumətin başçısını Baş nazir təyin edirsən. Ən böyük problem də ordan başladı.

-Bu, yəqin konkret hakimiyyətin başında duran Əbülfəz Elçibəyin səhvi idi?

- Niyə tək onun səhvi olur ki? Heç kəs hər şeyi onun boynuna yıxmağa, arxasında gizlənməyə cəhd etməsin. Orda qərarın qəbul edilməsində iştirak edən çox adam vardı. Həmin dövrün videoyazıları da var, yazılı tarix də var, bir çox insanlar hələ həyatdadırlar. Bunu gizlətməyə çalışmasınlar.

-Niyə bu addımı atdılar?

- Niyəsini məndən soruşmayın.

-Sizin şərtiniz nə idi? Siz koalisiyaya hansı şəkildə gəlmək istəyirdiniz?

- Mən koalisiyaya o halda razılıq verərdim ki, bir yerdə gedə biləcəyimiz ümumi məqsədləri müəyyənləşdirərdik. Onlardan birincisi, dərhal parlamentin buraxılması və seçkilərin elan edilməsi idi. Mənim təklifim beləydi ki, prezident seçkiləri parlament seçkilərindən sonraya saxlansın, yeni Konstitusiya qəbul edilsin. Ancaq mənim gördüyüm qədər onlar köhnə strukturla idarə etməyə cəhd göstərdilər, elə bil başqasının başmağını geyinib hərəkət etmək istədilər, bu da çətin işdir.

-Bu da hərəkatın məğlubiyyəti idi?

- Bu artıq hərəkat deyildi. Partiyalaşmış qruplaşma idi. Mən ona görə hərəkat adıyla hakimiyyətə gəlməyin əleyhinə idim. Hərəkat milli azadlıq hərəkatı olub, nəticə əldə edib. Sonradan kimlərsə hansı məqsədlə fəaliyyət göstəriblərsə, buna ad qoymalıydılar, partiya yaratmalıydılar.

Bunu Xalq Cəbhəsi adı altında etməməliydilər, onu nüfuzdan salmamalıydılar. Cəbhə iqtidarda olduğu dövrdə hakimiyyət daxilində yeni partiya yaradıldı. Bu da istənilən hakimiyyətin zəifləməsi deməkdir. Bu bütün proseslərə böyük zərbə oldu, qüvvələr parçalandı.

-Xalq Cəbhəsi özü də, hakimiyyətdə olduğu dönəm də indiki iqtidar və bir sıra siyasətçilər tərəfindən tənqid olunmaqdadır, bacarıqsızlıqda ittiham olunur. Sizin qiymətiniz nədir?

- Xalq Cəbhəsi Azərbaycan tarixində müstəsna rol oynamış təşkilatdır. Azərbaycanın müstəqillik əldə etməsi Xalq Cəbhəsinin adıyla bağlıdır. Ancaq onun sonradan partiya formasında fəaliyyətinin Xalq Cəbhəsinə aidiyyatı yoxdur. Ondan ayrılan insanlar sonradan da özlərini cəbhəçi sayıblar, ancaq qruplaşmaların üzvü olmayıblar. Həmin o uğursuzluqlara görə də indiki hakimiyyət AXC-ni bütünlükdə tənqid etməməlidir.

AXC hərəkatına hamı borcludur. İndiki hakimiyyət də borcludur, gələcək hakimiyyət də, gələcək nəsillərimiz də. Ayrı-ayrı adamlara münasibətə görə Xalq Cəbhəsinə münasibəti ümumiləşdirmək olmaz. /BBC/


Millət