Şriftin ölçüsü / 145

Ermənilər və Ermənistan hökuməti Türkiyəyə olan düşmən münasibətini gizlətmir

17 Oktyabr 2019 [18:39]
Hatəm Cabbarlı: "Meydana çıxan bu dəstə həm Ermənistan dövlətinin mövqeyinin göstəricisi, həm də həmin millətin terrora olan yaxınlığının əlaməti sayıla bilər”
img
Nubar Ozanyan adına Suriya-erməni könüllüləri batalyonu Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb. Bu barədə məlumatı xarici media yayıb. Bildirilir ki, bununla əlaqədar batalyon müvafiq bəyanatla çıxış edib.

Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edir və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırırlar. Qeyd edək ki, hərbi bölmənin adını daşıdığı Nubar Ozanyan fəal kommunist olub və bir sıra silahlı qarşıdurmalarda iştirak edib. 2017-ci ilin avqustunda öldürülüb.

Türkiyənin Suriyada hərbi əməliyyata başladığına ilk kəskin etiraz edən Ermənistan hökuməti olub. Bunun ardınca erməni əsilli vətəndaşların Suriyada Türkiyəyə qarşı açıq müharibəyə atılması çox maraqlı görünür. Bunu necə dəyərləndirmək olar və prosesin Ermənistan hakimiyyətilə hansısa formada əlaqəsi ola bilərmi?

"Bir daha sübut olunur ki, ASALA adlı erməni terror təşkilatı müxtəlif cildlərə girərək, fərqli adlarla fəaliyyətini davam etdirir”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Suriyadakı ermənilərdən ibarət silahlı dəstənin Türkiyəyə qarşı çıxmasının səbəbləri məlumdur: "Rəsmi Ankaranın "Sülh çeşməsi” əməliyyatına ən kəskin etiraz edənlərdən biri də Ermənistan oldu. Bu iki hadisə arasında rabitənin mövcudluğuna qəti şübhə yoxdur. Ermənistan bu etirazını bölgədə yaşayan silahsız vətəndaşlara olan zorakılıq kimi əlaqələndirməyə çalışır. Meydana çıxan bu dəstə həm Ermənistan dövlətinin mövqeyinin göstəricisi, həm də həmin millətin terrora olan yaxınlığının əlaməti sayıla bilər. Bir daha sübut olunur ki, ASALA adlı erməni terror təşkilatı müxtəlif cildlərə girərək, fərqli adlarla fəaliyyətini davam etdirir. Ermənilərin Yaxın Şərqdə təşkilatlanma qabiliyyətləri genişdir. Müxtəlif ölkələrdə terror aktları həyata keçirsələr də, ASALA-nın başlıca hədəfi Livan və Suriya olub. Burdan bir daha aydın görünür ki, ermənilər və Ermənistan hökuməti Türkiyəyə olan düşmən münasibətini gizlətmir. Türkiyənin Yaxın Şərqdə göstərdiyi siyasi iradə onları əməlli-başlı qorxuya salıb. Bu səbəbdən də onlar yeganə çıxış yolunu silaha əl atmaqda görürlər ki, Suriyanın gələcəyində özlərinə yer edə bilsinlər. Onların Əsəd rejimi ilə problemi olmayıb. Əksinə, Əsəd rejiminə dəstək veriblər. Bu dəstənin etdiyi çıxış hadisələrə yön verə bilməz. Çünki gücləri və sayları azdır. Hazırda həmin ərazidə ağır hərbi əməliyyatlar gedir. Bununla ermənilər simvolik olaraq Türkiyə ilə əbədi düşmən olduqlarını bir daha ortaya qoyublar. Sübut etməyə çalışırlar ki, hansı müstəvidə olursa-olsun, Türkiyə ilə mübarizə aparacaqlar. Hesab edirəm ki, bir ovuc erməninin oradakı qışqır-bağırı nəyisə dəyişən deyil. Türkiyə orada öz sözünü deyir və əməliyyatı uğurla bitirəcək”.