Şriftin ölçüsü / 221

Bu iki dövlət məmurunun bir-birinə zidd fikirlərini necə “oxumaq” lazımdır?

11 Oktyabr 2019 [15:24]
Olduqca maraqlı vəziyyət yaranıb. Bir tərəfdən Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib ki, seçici siyahıları dürüst hazırlanmalıdır: " Prezidentin qarşımıza qoyduğu tapşırıq odur ki, seçkilər şəffaf keçirilsin. Bu istiqamətdə təcrübə toplamışıq. Nöqsanların aradan qaldırılması işinə xüsusi diqqət ayrılır”.

Digər tərəfdən isə yenə eyni seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının (DSK) sədrlərini ölkəyə "seçki vasitəsilə müdaxilə cəhdi” edilə biləcəyi barədə xəbərdar edərək bildirib ki, "dünyanın heç bir yerində ideal seçici siyahısı tərtib etmək mümkün deyil».

Bəs, bu iki dövlət məmurunun bir-birinə zidd fikirlərini necə "oxumaq” lazımdır?

Ovqat.com-un suallarını cavablandıran AMİP Mərkəzi Şurasının üzvü Rəşad Bayramov bildirib ki, bu iki fərqli mövqe hakimiyyətin seçki siyasəti ilə bağlı yekun strategiyasının olmadığını göstərir:

"Faktiki olaraq, Prezidentin köməkçisi Zeynal Nağdəliyev Azərbaycanda seçkilərin indiyədək şəffaf keçirilmədiyini etiraf edir və dairə seçki komissiyalarının sədrlərinə ölkə başçısının tapşırığını çatdırır. Bu tapşırıq isə ondan ibarətdir ki, artıq bu zamanadək yol verdiyiniz dövləti cinayətdən əl çəkin, xalqın iradəsinin təcəlli tapmasında imkan yaradın. Nağdəliyevin fikrindən də aydın olduğu kimi əli seçki cinayətlərinə bulaşmış MSK sədri isə demokratikləşməni dövlət təhlükəsizliyinə zidd addım kimi qiymətləndirərək, bunun mümkün olmayacağını diqqətə çatdırır. Öz mürtəce mövqeyinə isə "dünyanın heç bir yerində ideal seçki keçirilmir” arqumenti ilə haqq qazandırır. Halbuki, dünyada baş verən seçki qanunsuzluqları ilə Azərbaycandakı seçki gerçəyini bir tərəziyə qoymaq mümkün deyil və heç kim ideal seçki keçirməyi ondan tələb etmir. Prezidentin yeni seçki startegiyasında yeganə hədəfi ideal deyil, normal seçki keçirməkdir. Yəni normal seçkilərdə hansısa qanun pozuntusu baş verə bilər, amma bu, seçki prosesinin ümumi nəticəsinə xələl gətirməz, mlli iradənin təcəlli tapmasının qarşısını almaz. Azərbaycanda isə seçkilər total şəkildə saxtalaşdırılır. Bunu bilməyən yoxdur. Hətta vəziyyət o hala çatıb ki, deputat öz qanuni seçicisi qarşısında belə məsuliyyət duymur. Onu deputatlıq kürsüsünə təyin edən iri məmurların marağına qulluq edir. Bəzən iri məmurların göstərişi ilə milli iradəyə qarşı çıxır, xalqın ruhunu incidəcək fikirlər səsləndirir. Dəfələrlə "deputat”ların milli iradəyə hörmətsizlik edən çıxışlarıyla tanış olmuşuq. Bir çox hallarda seçicilər onları ağır tənqidə, bəzən hətta təhqirə məruz qoyurlar. Həmin deputatlar isə bundan nəticə çıxarmır, öz nifrətlə qarşılanan ritorikalarını davam etdirirlər. Bütün bunların hamısı isə Məzahir Pənahovun rəhbərlik etdiyi MSK-nın seçki saxtakarlığına yol verərək bu adamlara mandat paylamasının nəticəsidir. Əgər normal seçkilər keçirilsəydi, ağzına gələni danşan "deputatlar” bir daha o mandatı ala bilməz və MM bu cür "millət vəkillərindən” təmizlənərdi”.

Məzahir Pənahovun bu qarşı çıxışını hakimiyyətin monolit olmadığının ən bariz təzahürü kimi qiymətləndirən həmsöhbətimiz fikrini belə davam etdirdi: "Belə görünür ki, hakimiyyətdə Prezident İlham Əliyevin siyasi islahatlarına qarşı bir dirəniş var və bu, ən yetkili dillə ona çatdırılır. Yəni demək istənilir ki, siz bizim iradəmiz olmadan bu ölkəni düzəldə bilməzsiniz. Azərbaycanda bütün dəyişikliklərə biz qərar veririk. Biz isə zorla ələ keçirdiyimiz yetkilərimizi xalqla bölüşmək niyyətində deyilik”.

Sonda Məzahir Pənahova Konstitusiyanın 6-cı maddəsini xatırladan Rəşad bəy onun dairə seçki komissiyalarının sədrlərini dövləti cinayətə çağırmaqda günahlandırdı.

Qeyd edək ki, həmin maddədə belə deyilir:

"Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi

Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir”.



Millət