Şriftin ölçüsü / 215

Erməni separatçıları dünyadakı ictimai rəyi çaşdırmağa, kimlərisə inandırmağa çalışırlar

09 Oktyabr 2019 [16:46]
Əli Orucov: "Tanınmadığı halda, separatçı qurumun guya hansısa konvensiyalara qoşulmağından söhbət belə gedə bilməz”
img
Erməni həyasızlığı və saxtakarlığı, həmişə olduğu kimi, bu dəfə də özünü göstərməkdədir. Ermənilər yenə də müəyyən məsələləri təhrif edərək buna özlərini şərik etməyə çalışırlar.

Dağlıq Qarabağdakı separatçı qurumun "XİN” sözçüsü Ani Sarkisyan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin bu günlərdə qurumda etdiyi çıxışını şərh edib. O iddia edib ki, AŞ-nin Baş katibi Mariya Peyçinoviç Buriçin Parlament Assambleyasının payız sessiyasında səsləndirdiyi fikirləri separatçı qurum alqışlayır.

Buriçin fikrincə, yaşadığı dövlətlərin siyasi və ya hüquqi vəziyyətindən asılı olmayaraq, Avropa Şurası bütün vətəndaşların hüquqlarını qoruyur.

Separatçı qurum nümayəndəsi deyib ki, guya "Artsax” demokratik dəyərlərə sadiq qalarar insan hüquqlarının, təməl azadlıqların və qanunun aliliyinin qorunması sahəsində çalışıb. 1992-ci ildən bir sıra beynəlxalq konvensiyalara, o cümlədən İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta, Beynəlxalq Mülki və Siyasi Hüquqlar haqqında Pakta və İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasına qoşulub. Daha sonra qeyd edilib ki, separatçı qurum orada yaşayanların hüquq və azadlıqlarının beynəlxalq öhdəliklər çərçivəsində ardıcıl olaraq qorunması məqsədilə beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa Şurası ilə əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edib.

Göründüyü kimi, tipik erməni həyasızlığı və yalanı ortadadır. Hansı konvensiyalara qoşulmaqdan söhbət gedə bilər ki, Dağlıq Qarabağdaki separatçı qurumu heç bir dövlət, o cümlədən, beynəlxalq təşkilatlar tanımır? Məgər separatçı qurum BMT-də, Avropa təsisatlarında təmsil olunur? Buriçin məlum çıxışında səsləndirdiyi fikirlər müstəqilliyi tanınan və beynəlxalq birliklərdə təmsil olunan dövlətlərə aiddir.

"...bütün bunlar ermənilərin yalan üzərində qurulan növbəti şousudur”
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bu, əslində, separatçı qurumun növbəti avantürasıdır: "Dünyanın gözünə baxa-baxa erməni separatçıları yalan söyləyir və hər vasitə ilə kimlərisə buna inandırmağa çalışırlar. Buriçin nəyinə lazımdır onun çıxışını Dağlıq Qarabağdakı separatçı qurum alqışlayır, yoxsa lənətləyir? Təbii ki, heç nəyinə. Nəzərə alınmalıdır ki, separatçı qurumu heç bir dövlət tanımır. Tanınmadığı halda, separatçı qurumun guya hansısa konvensiyalara qoşulmağından söhbət belə gedə bilməz. Ona görə də bu tamamilə ağ yalandır. Separatçı quruma hansısa qanunsuz səfərlərin edilməsi o demək deyil ki, qondarma rejim tanınıb. Yaxud da AŞ Baş katibinin hansısa çıxışı o demək deyil ki, bu, separatçılara da aiddir. Sadəcə, bu kimi yalan açıqlamalarla erməni separatçıları dünyadakı ictimai rəyi çaşdırmağa, kimlərisə inandırmağa çalışırlar. Bu azmış kimi, Avropa Şurasının Baş katibinə böhtan ataraq onun səsləndirdiyi fikirləri özlərinə aid etməyə çalışırlar. Ancaq erməni separatçılarının bu yöndə fəaliyyəti uğursuzluğa məhkumdur. Ona görə də bütün bunlar ermənilərin yalan üzərində qurulan növbəti şousudur”.





Millət