Şriftin ölçüsü / 360

BMT-dəki dövlətlərin əksəriyyəti Paşinyanın səmimi olmadığını yaxşı bilir...

28 Sentyabr 2019 [17:11]
Ermənistanın baş naziri Nikol Paşinyan işğalçı ölkənin yeni rəhbəri qismində ikinci dəfə BMT Baş Məclisinin toplantısında çıxış edib. Keçənilki çıxışında o, guya Azərbaycanın sülhdə maraqlı olmadığını bəyan etmişdi. Bu dəfə də demək olar ki, eyni, lakin keçən ilkindən sərt mövqe ortaya qoyub. Erməni baş nazir budəfəki çıxışında Rusiyanı Ermənistanın əsas strateji tərəfdaşı və müttəfiqi adlandırıb. O deyib ki, Rusiya bizim əsas strateji tərəfdaşımız və müttəfiqimizdir. Gürcüstan və İran strateji qonşularımızdır.

Eyni zamanda Paşinyan Türkiyənin Ermənistan və erməni xalqı üçün ən böyük təhdid və təhlükə olduğunu söyləyib.

Qarabağ məsələsinə gəlincə, işğalçı ölkənin rəhbəri yenə Azərbaycanı ədalətli sülhdə maraqlı olmamaqda ittiham edib, dünya birliyinin diqqətini işğal faktından və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsindən yayındırmağa çalışıb. "Mən Azərbaycan prezidenti İlham Əliyevi təklif etdiyim formulu qəbul etməyə və Qarabağ probleminin nizamlanmasında tərəqqi üçün şərait yaratmağa çağırmışam. Bu məsələnin istənilən həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Biz bu formulu həyata keçirmək üçün bir yerdə işləməliyik”, - deyə o qeyd edib.

Beləliklə, Ermənistan artıq ard-arda ikinci dəfədir birinci şəxsinin-baş nazir Nikol Paşinyanın timsalında BMT Baş Məclisinin tribunasından Azərbaycana hücum edir. Azərbaycan isə son illərdə BMT Baş Məclisində xarici işlər naziri səviyyəsində təmsil olunur. Azərbaycanın mövqeyini xarici işlər naziri Elmar Məmmədyarov BMT kürsüsündən çatdırır.

Bəs ölkənin birinci şəxs səviyyəsində təmsilçiliyi orada həmin ölkəyə əlavə hansısa üstünlük gətirir?

Nikol Paşinyanın BMT-dəki son çıxışı-həm Qarabağ məsələsi ilə bağlı dedikləri, həm də Rusiyanı strateji müttəfiq adlandırması beynəlxalq rəyə necə təsir edə bilər?

Politoloq Elşən Mustafayev ile ilgili görsel sonucu

Politoloq Elşən Mustafayev "Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan erməni xislətinə uyğun olaraq, Dağlıq Qarabağda çıxışlarında təxribatçı bəyanatlar verməklə müharibə ritorikasında danışır, BMT tribunasında isə özünün sülh tərəfdarı olmağını söyləyib, Azərbaycanın sülhə hazır olmadığını bildirir. Bu riyakarlığı dünya ictimaiyyəti görür: "Əslində BMT-dəki dövlətlərin əksəriyyəti onun səmimi olmadığını yaxşı bilir, hətta Dağlıq Qarabağda verdiyi bəyanatlardan da xəbərdardırlar. Bu ilk növbədə onu göstərir ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Qarabağ məsələsinə baxış eynidir. Digər tərəfdən, Azərbaycan tərəfi bunları yaxşı bilə-bilə vaxtilə Serj Sərkisyanın, indi isə Nikol Paşinyanın buraxdığı səhvlərdən güclü arqumentlər formalaşdıra bilməyib. Hərtərəfli haqlı olduğumuz halda müdafiə mövqeyinə üstünlük verməyimiz qarşı tərəfin diplomatik hücumlarını daha qabarıq göstərir. Təbii ki, BMT tribunasından ölkənin birinci şəxsinin çıxış etməsi həmin ölkənin mövqeyinin daha güclü təmsil olunması, ifadə edilməsi deməkdir. O baxımdan da BMT tribunasından Azərbaycan prezidentinin çıxış etməsi daha sanballı və təsirli olardı, necə ki, əvvəllər olub”.

Politoloq qeyd etdi ki, Nikol Paşinyanın son 2 ayda Qarabağda verdiyi bəyanatlar açıq şəkildə onun sülh tərəfdarı olmadığına sübutdur, yaxud bugünlərdə Minsk Qrupu həmsədrlərinin Qarabağda referendum olarsa onun nəticələrinin tanıyacağı haqda verdiyi bəyanatı isə açıq şəkildə nəbz yoxlaması idi: "Azərbaycandan bu iki fakta növbətçi bəyanatlar istisna olmaqla, hansı ciddi reaksiyalar verilib?! Halbuki iqtidarlı müxalifətli bütün xalq ayaq üstdə olmalı idi. Bu etirazlar hər yerdə bütün vasitələrlə diqqətdə saxlanmalı idi və bunun üçün istənilən xərclərə getmək də vacib idi. Əvəzində biz bunları görmədik. Hamıya məlumdur ki, Qarabağ məsələsinin sülh yolu ilə həlli imkansızdır. Sülh danışıqları deyilən format isə əslində problemin unudulmasına, yaxud uzun müddətə dondurulmasına xidmət edir. Ədalətli və mümkün olan yol müharibə yoludur ki, Azərbaycanın bu gün əsas işi bunun qaçılmaz olmasına dünyanı inandırmaq və müharibə başladığı zaman Ermənistanı müdafiə edəcək dövlətləri ən azı neytral qalmağa razı salmaqdır. Əgər konfliktlə bağlı güclü diplomatik baqaj hazırlanarsa, sözsüz ki , prezidentin BMT-də çıxış etməsi daha ciddi təsirli olar. Hazırda Ermənistan hakimiyyəti capalayır. Daxildə Rusiyanın əli ilə ola biləcək məxməri inqilabdan cəkinir. O səbəbdəndir ki, artıq neçənci dəfədir Rusiyaya tərəf müxtəlif jestlər etməklə bir növ bu təhlükədən yayınmaq istəyir. BMT-dəki çıxışı zamanı Rusiyanı strateji müttəfiq adlandırması da bu jestlərdən biridir. Amma məsələ ondadır ki, Moskva hələ də ona inanmır. Bu vəziyyətdən indiyə qədər yararlana bilməməyimiz isə bir ayrı məsələdir”. Yeni Müsavat


Millət