Şriftin ölçüsü / 438

AMİP liderinin siyasətə fəal qayıtmasını səbirsizliklə gözləyirlər

31 Avqust 2019 [18:54]
Əli Orucov: "AMİP liderinin siyasətə fəal qayıtmasını səbirsizliklə gözləyirlər”
Uzun zamandır "qeybə çəkilən” Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov siyasət dəhlizlərində görünməyə başlayıb. Bunu onun haqqında son günlərdə ardıcıl şəkildə mətbuatda gedən yazılarla izah etmək olar. Bu yazılar haqlı olaraq, "Etibar Məmmədov aktiv siyasətə qayıdır” başlığı ilə oxuculara təqdim olunmaqdadır.

İlk olaraq, AMİP lideri barəsində o, 1990-cı ildə Bakıda məhkəmə zalından azadlığa buraxılarkən çəkilən yarım saatlıq video cəmiyyətə təqdim olundu. Ardınca isə müəllif yazıları E.Məmmədov haqqında yazılmağa başladı. Onun keçmişdəki fəaliyyəti demək olar nöqtədən vergülə qədər yazılmaqdadır. Hətta "ardı var”la təqdim olunur. Bu isə o anlama gəlir ki, AMİP lideri barəsində qarşıdakı zamanda yeni-yeni məqalələrə rast gələcəyik.

Onu da qeyd edək ki, AMİP-in özü də ciddi şəkildə fəallaşıb. Bir-birinin ardınca rayonlarda partiyanın yerli şöbələrinin iclasları keçirilir. Artıq indiyə qədər 40-a yaxın şöbədə iclaslar keçirilib və partiya funksionerləri sentyabr ayı ərzində 20-dən çox rayonda bu tipli iclaslar keçirməyi planlaşdırdıqlarını söyləyirlər. Bir sözlə, AMİP bu yay istirahət etməyib. Bu da haqlı olaraq bəzi iddialar meydana çıxarıb.

E.Məmmədovun geri dönüşünün təsadüf olmadığı vurğulanır. Onun Azərbaycan siyasətindəki boşluğu görüb, susqun dənizdə fırtına yaratmaq, ortamı ələ almaq üçün özü üzdə görünməsə də, altdan-altdan şüurlara qayıtmaq niyyətinin olduğu qeyd edilir.

AMİP Siyasi Şura üzvü Əli Orucov "Yeni Müsavat”da iddialara bu cür cavab verdi: "Etibar Məmmədovun mətbuatda səsləndirdiyi fikirlər həmişə gündəm olub. Onun kiçik bir açıqlaması ciddi müzakirələrə yol açır. Bu da təsadüfi deyil. Çünki Etibar bəy hərəkatdan gələn böyük siyasi təcrübəyə malik dünya miqyasında tanınmış siyasətçidir. Onunla bağlı mətbuatda son günlər dərc olunan materiallara gəlincə isə göründüyü kimi, bütün bunların hamısı müəllif yazılarıdır. Hər bir yazar, hər bir jurnalist də mövzu seçimində sərbəstdir. Təcrübəli yazarlar da həmişə gündəm yaradan mövzulara diqqət yetirirlər. Etibar Məmmədovun keçdiyi ömür və siyasi mübarizə yolu, göstərdiyi fəaliyyət və gördüyü işlər həmişə aktuallığını saxlamaqdadır. Onun siyasətə qayıtması cəmiyyətin böyük kəsiminin istək və arzusudur. Və getdikcə də onun yenidən aktiv siyasətə qayıtmasını istəyən insanların sayı günü-gündən artmaqdadır. İstər ziyalılar olsun, istər sıravi Azərbaycan vətəndaşları Etibar Məmmədovun siyasətə fəal qayıtmasını səbirsizliklə gözləyirlər. Lakin onun hansı addımı atacağı barədə nəsə demək çətindir. Çünki bu, birbaşa Etibar bəyin şəxsi iradəsinə bağlı olan haldır. Müşahidələrim ondan ibarətdir ki, bu cür çağırış, istək və tələblər daha tez-tez və ucadan eşidilməkdədir. Mən iddia etmirəm ki, Etibar Məmmədov bütünlükdə siyasətdən çəkilib. Sizin də izlədiyiniz kimi, ölkədə gedən prosesləri diqqətlə izləyir və lazımi məqamlarda hadisələrə öz münasibətini bildirir. ”Millət" qəzetindəki məqalələrə gəlincə, bu materiallar başqa informasiya resurslarında, saytlarda getmiş materiallardır və qəzetdə də mənbəyə istinad edilməklə dərc olunub. Onu da qeyd edim ki, Etibar Məmmədov AMİP-in fəxri lideri kimi partiyanın fəaliyyətinə heç bir müdaxilə etmir və partiya qərarlarını sərbəst verir. Partiyada təməlindən qoyulmuş demokratik mühit var və bu da davam edəcək. Mən Etibar bəyin yaxın vaxtlarda aktiv siyasətə qayıdacağı ilə bağlı fikirlərinə rast gəlməmişəm"."Yeni Müsavat”


Mİllət