Şriftin ölçüsü / 621

Paşinyan tam tükənib

08 Avqust 2019 [17:51]
"Hətta vəziyyət o yerə gəlib ki, nazirlər görmək istədikləri işlərlə bağlı ABŞ və Rusiya səfirləri ilə müzakirələr aparırlar”
img
Ermənistanda vəziyyətin hər gün gərginləşməsi onu idarə edən hakimiyyəti çarəsiz vəziyyətə salıb. Təsadüfi deyil ki, bu vəziyyətdən çıxmaq üçün hətta Baş nazir səviyyəsində yeni yalanlar uydurulur.

Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistanın vəziyyəti barədə gizli bir hesabatla bağlı ermənilərlə fikir mübadiləsi aparmaq istəyir. O bildirib ki, hesabat Ermənistanın dərin institusional böhranda olduğunu və bu vəziyyətin bu gün də davam etdiyini göstərir. Paşinyana görə, hesabat o dövrkü hakimiyyətin tapşırığı ilə 2014-cü ildə tərtib edilib. Hesabat sübut edir ki, ölkədə bütün idarəçilik korrupsiyanın üstündə qurulub və korrupsiya mexanizminin qarşısı alındığı üçün bu gün ölkənin bütün idarəçilik sistemi iflic olub.

Maraqlı suallar ortaya çıxıb. Paşinyan deyib ki, bu hesabat barədə ilk məlumatı aprel inqilabından sonra alıb. Bəs məlumatı indi niyə verir? Sualı Ermənistanda da verirlər. Paşinyan izah verib ki, hər detalı öyrənmək üçün müəyyən bir müddətin keçməsini gözləyib. Ancaq müxalif dairələr Paşinyana inanmır və şübhəli müzakirələr aparırlar.

Faktiki olaraq görünür ki, Paşinyan xalqa verdiyi vədləri yerinə yetirə bilmir. Ölkəni böhrandan çıxara bilməməsinin səbəbini daha "dərin” köklərdə axtarmağa başlayıb və xalqa demək istəyir ki, bu dərin böhran hələ 2014-cü ildə hazırlanan hesabatda öz əksini tapıb. Bir növ, özünü sığortalamaq və xalqı yalan vədlərlə aldatmaq kimi niyyət güdülür. Belə bir hesabata işarə edib, xalqla onu müzakirə etməyin zəruriliyini qabartmaqla Paşinyan daha hansı məqsədləri güdə bilər?

Hatəm Cabbarlı: "Belə vasitəyə əl atması onu deməyə əsas verir ki, Paşinyan tam tükənib”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı qəzetimizə bildirdi ki, 2014-cü ildəki hesabatla bağlı vəziyyəti dəyərləndirmədən əvvəl Ermənistanın son 28 illik müstəqillik tarixinə diqqət etmək lazımdır: "Bu müddət ərzində Ermənistanın tam formalaşmamış dövlət halında olduğunu söyləmək mümkündür. Eks-prezident Röbert Köçəryanın müsahibəsinə fikir vermək lazımdır. Nədənsə, o, Ermənistanın dərdləri barədə türmədən danışmağa üstünlük verir. Niyə o, türmədən danışır, niyə müxalifətdə olanda və azadlıqda gəzəndə bunları danışmırdı? Bunun özü də Ermənistanda dövlətçilik ənənələrinin oturuşmadığına bir sübutdur. Nikol Paşinyanın dediyi raport ola bilər ki, hökumətdə var. 2014-cü ildə Sarkisyana yazılan həmin məruzə ola bilsin ki, Ermənistanın real vəziyyətini özündə əks etdirib. Sarkisyan ola bilsin ki, həmin məruzəni gizlədib. Paşinyanın hakimiyyətə gəlməsindən sonra ölkənin heç bir problemi köklü şəkildə həll edilməyib. Əksinə, həmin problemlər daha da dərinləşib. Paşinyan hakimiyyətə gələnə qədər dövlətin heç bir idarəetmə mexanizmində vəzifə tuta bilməyib. Belə bir adam bir "məxməri inqilab” nəticəsində hakimiyyəti ələ ala bildi. Bu cür naşı adam dövlətin mərhəm sirlərinə də bələd olmağa başladı. Ola bilər ki, həmin məruzənin olması da deyilən sirlərdən biridir. Amma Paşinyan bunu bəyəm indi bilir? Axı onun hakimiyyətə gəldiyi şüarlar da elə bu məzmunda idi. Nikol Paşinyan üzərinə öhdəlik götürdü ki, bu biabırçılığı düzəldəcək. Belə sənədlər adətən dərhal açıqlanmır. Paşinyan gözləyib ki, özünə lazım olanda ondan istifadə etsin. Bu heç də xalqa olan sevgidən irəli gəlmir. Burada söhbət həmin sənədlə öz xeyrinə manipulyasiya etməkdən gedir. O görür ki, sümükləşmiş problemləri həll etmək iqtidarında deyil. Buna görə də günahı kiminsə üzərinə atmaq lazımdır. Bu gedişlə də fikirləşir ki, xalqın başı bir qədər də qarışacaq. Sadəcə, sənədə ciddi mənbə kimi istinad edəcək. Son bir neçə ayda baş verənlərdən görünür ki, Paşinyan hətta hakimiyyətə nəzarəti tam ələ ala bilmir. Hətta vəziyyət o yerə gəlib ki, nazirlər görmək istədikləri işlərlə bağlı ABŞ və Rusiya səfirləri ilə müzakirələr aparırlar. Belə vasitəyə əl atması onu deməyə əsas verir ki, Paşinyan tam tükənib”.

Məhəmmədəli QƏRİBLİ