Şriftin ölçüsü / 619

Azərbaycan hakimiyyəti Paşinyanın son təcavüzkar çıxışına bəyanatlarla cavab verməklə kifayətlənməməli...

08 Avqust 2019 [17:33]
"Azərbaycan hakimiyyəti Paşinyanın son təcavüzkar çıxışına bəyanatlarla cavab verməklə kifayətlənməməli, quru sözlərdən əməli fəaliyyətə keçməli, daha ciddi addımlar atmalıdır”.

AMİP sədri Arzuxan Əlizadə Paşinyanın Xankəndində səsləndiyi fikirləri şərh edərkən belə deyib.

Onun fikrincə, Ermənistan Baş nazirinin bu məsuliyyətsiz sözləri erməni həyasızlığının növbəti bariz nümunələrindən biridir:

"Bu şəxs hakimiyyətə gəldiyi ilk dövrlərdə özünü dünyaya demokratik lider kimi təqdim edirdi və çıxışları da əsasən bu istiqamətdə idi. Qısa müddətdən sonra isə onun qatı millətçi, əsl separatçı olduğunu aydınlaşdı. Paşinyanın dilə gətirdiyi fikirlər də təsdiqlədi ki, erməni ictimaiyyəti Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul edir və Azərbaycanla aparılan danışıqlar formal xarakter daşıyır”.

Paşinyanın məlum sözlərindən sonra rəsmi Bakının qarşısında iki yol qaldığını bildirən A.Əlizadənin fikrincə, Azərbaycan ya birdəfəlik Dağlıq Qarabağdan ermənilərin xeyrinə vaz keçməli; ki bu mümkün deyil, ya da bu zamandək düşmənə edilən xəbərdarlıqlar reallaşdırmalıdır.

ATƏT-in Minsk qrupunu Paşinyanın bəyanatına dərhal reaksiya verməyə çağıran həmsöhbətimiz əks halda danışıqları davam etdirməyə ehtiyac qalmadığını vurğulayıb:

"Görünən budur ki, Paşinyan 1980-ci ilin sonlarına qayıdıb və o dövrün ritorikasını mənimsəyib. Yadınızdadırsa, 1989-ci ildə Ermənistan SSR Ali Soveti "Miatsumdur” (Birləşmək) qərar çıxarmış və bu qərar sonradan SSRİ Ali Soveti tərəfindən ləğv olunmuşdu. Bu gün Ermənistanın Baş naziri də eyni şüarı səsləndirir. Azərbaycan is bu çağırışa sərt cavab verməli, öz ərazisini işğaldan xilasetmə əməliyyatlarına start verməlidir”.

Uzun illərdən bəri Ermənistanın Azərbaycana qarşı yürütdüyü bu təcavüzkar siyasətin davam etdiyini deyən həmsöhbətimiz hökumətə bəzi təkliflərdə bulundu:

"İlk növbədə gərginliyin xarakteri müəyyənləşdirilməli və buna görə hərbi-strateji planlar hazırlanmalı, hədəflər ortaya qoymalıdır. Fikrimizcə, bu problemi qətiyyən Azərbaycan-Dağlıq Qarabağ-Ermənistan münaqişəsi adlandırmaq olmaz. Bu, ölkəmizin Ermənistan tərəfindən zorən cəlb olunduğu müharibədir və həqiqət açıq şəkildə elan edilməli və zəruri addımlar atılmalıdır”.

Paşinyanın tez-tez təkrarlanan məsuliyyətsiz bəyanatlarının cavabsız qoyulmasının erməni separatçılarını cəsarətləndirdiyini vurğulayan A.Əlizadə nəticədə ölkəmiz üçün xoşagəlməz perspektivlərin meydana gələ biləcəyini də istisna etmədi:

"Erməni həyasızlığı bu cür davam edərsə, günlərin birində Ermənistan parlamentinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə çıxaracağı qərarının da şahidi olacağıq. Mümkündür ki, hətta beynəlxalq qurumlar da bu qərarı təsdiqləsin, Ermənistana yaxın dövlətlər tərəfindən Qarabağın ilhaqı tanınsın, Azərbaycan haqlı olduğu mübarizədə tamamilə təklənsin”.

Paşinyanın bu cür çıxışları ilə status-kvonun legitimləşdirildiyinə inanan partiya sədrinin fikrincə, bu perspektivin qarşısını almaq üçün Azərbaycan konkret addımlar atmalıdır:

"İlk növbədə rəsmilərimiz tərəfindən Ermənistan Baş nazirinin Azərbaycan ərazilərində təhlükəsizliyinə təminat verilmədiyini bəyan etməli, Silahlı Qüvvələrimiz həqiqətən də müharibəyə hazır vəziyyətə gətirilməli və bu açıq şəkildə həm Yerevana, həm də dünya dövlətlərinə nümayiş olunmalıdır. Əks halda quru bəyanatların Azərbaycan üçün nəticələri yaxşı olmaya bilər, rəsmi Bakı öz ciddiyyətini və çəkindiricilik gücünü itirər”. (Ovqat.com)


Mİllət