Şriftin ölçüsü / 1410

Qısamüddətli faktorlar neftin qiymətinə ciddi təsir göstərməyəcək

29 Iyul 2019 [17:14]
ABŞ Enerji İnformasiya İdarəsi ölkədəki komersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 10,8 milyon barel (2,4 faiz) azalaraq 445 milyon barel gerilədiyini açıqlayıb.

Mütəxəssislər ölkədəki neft ehtiyatlarının 4 milyon barel düşəcəyi barədə proqnoz vermişdi. Xam neft ehtiyatları əvvəlki həftə isə 3,1 milyon barel azalmışdı. Komersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 644,8 milyon bareldə qalıb. ABŞ-ın benzin ehtiyatları da keçən həftə 0,2 milyon barel (0,1 faiz) azalaraq 232,5 milyon barelə enib. Benzin ehtiyatları əvvəlki həftə 3,6 milyon barel artmışdı.

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 700 min barel azalıb. Beləliklə, iyulun ikinci həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik orta hesabla 11,3 milyon barel səviyyəsində baş tutub. ABŞ-ın xam neft idxalı ötən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 196 min barel artımla 7,02 milyon barelə qalxıb. İxracı isə gündəlik orta hesabla 758 min barel artaraq 3,29 milyon barelə çatıb.

Maraqlıdır, ABŞ-ın xam neft ehtiyatlarının azalması neft bazarında canlanma yarada bilərmi?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, Amerikada həm sutkalıq neftin, həm komersiya təyinatlı neft ehtiyatlarının azalması fundamental faktorlarla bağlı deyil:



"Azalma birbaşa Meksika körfəzi sahillərindəki subtropik qasırğa ilə əlaqəlidir. Ona görə də Meksika körfəzindəki ofşor yataqların böyük əksəriyyəti fəaliyyətini dayandırdı. Nəticədə ABŞ-ın sutkalıq neft hasilatı anidən 1 milyon bareldən yuxarı azaldı. Bu il ABŞ-da ən yüksək neft hasilatı 12 milyon 400 min barel qeydə alınmışdı. Son hasilat həcmləri 12 milyon 300 min və 12 milyon 200 min barel arasında dəyişib. Hazırda hasilat 11 milyon 300 min barelə düşüb. Bu, o demək deyil ki, ABŞ-da neft hasilatı getdikcə aşağı düşüb. Bu, sadəcə, təbiət hadisəsi ilə bağlı olan müvəqqəti bir haldır. Qısa bir müddətdə hasilat bərpa olunacaq, infrastrukturlar, sahə terminalları yenidən normal fəaliyyət göstərəcək. Burada bir məqam var. ABŞ-da sutkalıq neft hasilatı azaldı, amma ixrac həcmləri artdı. ABŞ dünyanın enerji bazarlarına gündəlik 3 milyon 200 min barel neft ixrac etdi.”

Analitik hesab edir ki, ABŞ-ın benzin və distillat ehtiyatlarının həcmində ciddi azalma qeydə alınmayıb:

"Bir neçə həftədir ABŞ-ın komersiya təyinatlı neft ehtiyatlarının azalmasına baxmayaraq, yenə də neftin qiymətində ciddi sıçrayışlar müşahidə olunmur. Hətta Yaxın Şərqdəki vəziyyət, Fars, Oman körfəzləri və Hörmüz boğazında baş verən geosiyasi gərginliklər də neftin qiymətinə çox ciddi təsir etməyib. Dünyada iqtisadi artım neftin qiymətinin sıçrayışla artmasına imkan vermir. Hesab edirəm ki, bu məsələ ətrafında fikirləşmək lazımdır. Buna görə də ABŞ-ın həftəlik enerji göstəricilərinin azalması o demək deyil ki, neft bazarlarında qısamüddətli canlanma yaradacaq. Qısamüddətli müəyyən dəyişikliklər ola bilər. Amma uzunmüddətli perspektivdə bazar iştirakçıları neftin sıçrayışla bahalaşmasına getməyəcəklər və buna lüzum da yoxdur. Qısa müddət ərzində ABŞ-da hasilat həcmləri yenidən öz ahənginə düşəcək. Əsas məsələ ondan ibarətdir ki, OPEC və OPEC-dən kənar dövlətlər öhdəlik sazişinə vaxtı-vaxtında əməl etsinlər, əsasən də neft bazarlarının tənzimlənməsində koordinasiya fəaliyyətini gücləndirsinlər. Belə olan təqdirdə, uzunmüddətli tarazlığı bərpa etmək mümkün olacaq. Qısamüddətli faktorlar neftin qiymətinə ciddi təsir göstərməyəcək”.  Cebhe.info


Millət