Şriftin ölçüsü / 748

Minsk Qrupu ona görə susur ki...

26 Iyul 2019 [17:05]
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan erməni mətbuatına açıqlamasında Qarabağ danışıqları ilə bağlı məsələyə toxunaraq həyasızcasına Azərbaycanı atəşkəsi pozmaqda ittiham edib.

O qeyd edib ki, Azərbaycan tərəfindən ermənilərə olan nifrət və ön xətdə vəziyyəti gərgin saxlamaq şəraitində paralel olaraq səmərəli danışıqlar aparmaq mümkünsüzdür: "Azərbaycan tərəfindən cəbhə bölgəsində vəziyyət gərgin olduğu təqdirdə səmərəli danışıqlar aparmaq mümkün deyil”.

Onun fikrincə, Ermənistan Qarabağ münaqişəsinin həllini yalnız ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində və beynəlxalq hüquq prinsipləri əsasında görür: "Həll prosesinə dair prinsipial mövqeyimiz və yanaşmamız hökumət sənədində açıqdır. Orada bütün elementlərin sabit olduğu bildirilir. Bizim bütün bəyanatlarımız həmin elementlərin əhatə dairəsinə əsaslanır. O da əsas məsələnin ATƏT MQ həmsədrliyi çərçivəsində və beynəlxalq hüquq prinsipləri, xüsusən də xalqlar bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi çərçivəsindədir”.

Göründüyü kimi, işğalçı ölkə rəsmisi belə bir saxta rəy yaratmağa çalışır ki, guya cəbhədə atəşkəsi pozan tərəf Azərbaycandır və bu səbəbdən danışıqlarda səmərəli nəticə əldə olunmur. Ən qəribəsi isə danışıqlarda vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun bunu susqunluqla izləməsidir. Əgər doğrudan da atəşkəsi Azərbaycan pozursa, o zaman Minsk Qrupu bunu açıq şəkildə bəyan etsin. Yox, əgər belə deyilsə, o zaman bildirsin ki, deyilənlər doğru deyil. Ermənistanın arqumentləri əsassızdır. Necə ki, A.Nağdalyan növbəti uydurma ilə çıxış etdi. Belə bir rəy yaratmaq istədi ki, guya Azərbaycanın ucbatından danışıqlar nəticə vermir.

Maraqlıdır, ATƏT-in Minsk Qrupu niyə bu baş verənlərə görə susur?

Əli Orucov: "Ona görə də qurum Ermənistan tərəfinin istənilən həyasızlığını görməzdən gəlir”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Minsk Qrupu ona görə susur ki, münaqişənin həllində səmimi deyil: "ATƏT-in Minsk Qrupu üçün münaqişənin həlli vacib əhəmiyyət kəsb etmir. Onlar üçün vacib olan odur ki, cəbhədə hərbi əməliyyatlar yenidən başlamasın. Buna da zatən illərdir nail olurlar. Yəni atəşkəsin pozulması halları nüvbəti müharibəyə gətirib çıxarmırsa, deməli, mövcud status-kvo ATƏT-in Minsk Qrupunu qane edir. Ona görə də qurum Ermənistan tərəfinin istənilən həyasızlığını görməzdən gəlir. Münaqişənin həllində maraqlı olsalar, ilk növbədə işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoyarlar. Bu zaman işğalçı Ermənistana güclü təzyiq göstərmək üçün münbit zəmin yaranacaq. Ancaq, göründüyü kimi, bunu nəinki etmirlər, heç etmək fikrində də deyillər. Heç bundan sonra da düşünmürəm ki, ATƏT-in Minsk Qrupunun bu yöndə hansısa fəaliyyəti olsun. O üzdən, danışıqlarda belə biabırçı mənzərə yaranıb. Hesab edirəm ki, Minsk Qrupunun bu fəaliyyətsizliyinə görə qurumun vasitəçiliyindən imtina etmək lazımdır. Nə vaxta qədər belə susqun mövqe sərgiləyəcəkləri bəlli deyil. Bəlli olan odur ki, ATƏT-in Minsk Qrupu işğalçı tərəfə təzyiq göstərmək fikrində deyil. Ona görə də biz buna adekvat olaraq çıxış yolu tapmalıyıq”.