Şriftin ölçüsü / 586

Cəmiyyət bələdiyyələrə bir vacib institut kimi yanaşmır

26 Iyul 2019 [17:02]
Yayda və ya payızda növbədənkənar parlament seçkilərinin olacağı barədə iddialar belə görünür ki, gerçəkləşmədi. Müxalifət düşərgəsində bir çoxları hətta buna köklənmişdi və hazırlıqlara başlamışdı. Artıq əminliklə söyləmək olarmı növbədənkənar seçki olmayacaq? Müxalifətin bu il üçün hədəfi qışda-dekabrın sonunda keçiriləcək bələdiyyə seçkiləri olmalıdırmı?

AMİP Siyasi Şura üzvü Əli Orucov qeyd etdi ki, ölkədə növbədənkənar seçkilərin bu ilin sonunadək keçirilməsi məqsəduyğun olardı. Növbədənkənar seçkilərin keçirilməsi üçün müəyyən şərtlər olmalıdır. Ya prezident ona verilən müstəsna səlahiyyətdən istifadə edərək parlamenti buraxmalıdır, ya da parlament özü-özünü buraxmalıdır. Bunların heç biri də aktual deyil. Çünki parlamentin növbədənkənar keçirilməsinə cəmiyyətin özündə və ictimai-siyasi proseslərin gedişində təsirli basqılar, yaxud da tələbat hiss edilmir: "Yəni indiki parlament belə görünür ki, prezidenti, ali hakimiyyətin başında duran şəxsi də, cəmiyyəti də qane edir. Halbuki dərinliklərdə indiki parlament onun səlahiyyətləri, fəaliyyəti dövrün tələblərinə cavab vermir. Üstəlik də ictimai narazılığı hakimiyyətə qarşı körükləyən bir quruma çevrilib. Ayrı-ayrı parlament üzvlərinin hər hansı bir sözü və səsləndirdiyi fikirlər belə cəmiyyətdə kəskin qıcıq yaradır. Parlament seçkilərinin erkən keçirilməsi ilə bağlı deyilənlərə inamım olmasa da, hər halda, buna inanalar indi də var. Məncə, müxalifət seçkilərin ilk etabı olaraq bələdiyyə seçkilərinə ciddi hazırlaşmalı, cəmiyyəti də bu ruhda hazırlamalıdr. Baxmayaraq ki, bələdiyyələrə və bələdiyyə seçkilərinə inam və etimad qalmayıb. Cəmiyyət bələdiyyələrə bir vacib institut kimi yanaşmır. Bizim də əsas məqsəd və fəaliyyətimiz uzun illər formalaşdırılımış bu stereotipləri dağıtmaq, insanları yerli özünü idarəyə həvəsləndirməkdən ibarət olmalıdr. Yerli sakinlər anlasa ki, özləri öz problemlərini həll etmək, yerli idarəçiliklə çox şeylərə nail olmaq mümkündür, o zaman davamlı olaraq digər seçkili qurumlara da maraq artacaq”. "Yeni Müsavat”