Şriftin ölçüsü / 234

Əliyev Əli xalça oğrusu çıxdı

09 Iyul 2019 [13:17]
Ötən il keçirilmiş seçkilərdə ölkə prezidentliyinə namizədlərdən biri olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Respublikanın Xalq Rəssamı, professor Kamil Əliyevin mirasına iddia irəli sürüb.

Bu barədə Oxu.Az-a professorun qızı – rəssam Nərminə Əiyeva Ə.Əliyevin polisə "xalça oğurluğu” ilə bağlı absurd şikayətini şərh edərkən bildirib.

Daha əvvəl Oxu.Az-da gedən məlumatda Səbail rayon 9-cu polis bölməsinə Əli Əliyev tərəfindən şikayət daxil olduğu bildirilmişdi. Onun sözlərinə görə, Kamil Əliyevin Əlisəfa adlı qohumu xalq rəssamının İçərişəhər, Qala küçəsində yerləşən ev muzeyinin qapısını özündə olan açarla açaraq, oradan xalça götürüb – yəni oğurluq edib.

Lakin sonradan Əli Əliyevin polisə yalan məlumat verdiyi, bu şikayətin isə ailədaxili mülkiyyət münaqişəsinin nəticəsi olduğu üzə çıxmışdı.

Oxu.Az-ın müxbirinin rəssamın qızı Nərminə Əliyeva ilə iyulun beşində baş tutan görüşündə hadisənin təfərrüatları gün işığına çıxıb.

N.Əliyeva bildirib ki, "Nəsimi” xalçasını (söhbət bu xalçadan gedir – red.) öz istəyi ilə Xalça muzeyinin Şuşa filialının rəhbəri Əlisəfa Nuriyevə sərgidə nümayiş olunması üçün verib: "Əvvəlcə ondan başlayım ki, atamın ev muzeyinin açarı Əlisəfa Nuriyevdə yoxdur. Xalça muzeyi rəsmi olaraq, Kamil Əliyevin ev muzeyinə müraciət göndərib ki, sonradan geri qaytarılmaq şərti ilə sərgidə nümayiş olunmaq üçün xalça versin. Mən – ev-muzeyin rəhbəri və daşınmaz əmlakın əsas hissəsinin sahibi kimi xalçanı Əlisəfa Nuriyevə şəxsən vermişəm. İndi isə sual yaranır: "Əli Əliyev kimdir?” O, sadəcə olaraq, bacımın həyat yoldaşıdır və atamın öz övladları üçün qoyduğu mirasda heç bir haqqı yoxdur. Bu halda sözügedən şikayət də absurddan başqa bir şey deyil”.

Qeyd edək ki, Nərminə Əliyeva hələ atasının sağlığında ev muzeyinin yaradılması ilə bağlı işlərlə birbaşa məşğul olmuş və proseslərin içində yer almışdı.

O bildirib ki, Əli Əliyevin "oğurluq”la bağlı həyəcan siqnalının absurd olduğunu göstərmək üçün həftənin cümə günü – iyulun beşində xalça muzeyindən "Nəsimi” xalçasını götürərək ev muzeyindəki yerindən asıb: "Ə.Əliyev bacımın həyat yoldaşı olsa da, bizim ailəvi əmlak məsələlərimizə qarışmağa haqqı yoxdur. Bacımın payına düşən mirasın da heç bir halda ona dəxli yoxdur. Üstəlik, o, günahsız bir adamı olmayan cinayətdə ittiham eləmək hüququna malik deyil”.

N.Əliyeva, həmçinin qeyd edib ki, polislər məsələ ilə bağlı ona müraciət ediblər: "Mən də bütün sənədləri göstərərək, polislərə ev muzeyində kimin rəhbər olduğunu sübut etdim. VİP sədrinin qeyri-adi cəhdləri hansısa olmayan cinayət işi haqqında əsas ola bilməz. Buna görə də ortada heç bir cinayət aktı yoxdur”.

Xatırladaq ki, Əli Əliyev Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Etibar Məmmədovun qohumudur. O, əvvəllər AMİP-ni idarə etsə də, sonradan Vətəndaş və İnkişaf Partiyasını yaradıb.

Qeyd edək ki, ötən ilki seçkilərdə Ə.Əliyevin ölkə prezidenti olmaq haqqındakı iddialı planları iflasa uğramışdı. Ondan əvvəl isə Milli Məclisin deputatı olmaq üçün uğursuz cəhd etmişdi.


millet