Şriftin ölçüsü / 459

Daşınan su ilə dəyirman çarxı dönməz

20 Iyun 2019 [14:43]
Ermənistan rəhbərliyi olduqca ağır sosial-iqtisadi vəziyyətdə yaşayan ölkə əhalisinin başını qatmaq üçün müxtəlif şoular düzəldir. Paşinyan dünya fondları və ölkələrindən pul dilənməyin fayda vermədiyini gördüyü üçün, "ailə büdcəsi” yaratmağı, əhalidən olan-qalan qəpik-quruşunu da toplamağı düşünür. Erməni KİV-inin verdiyi məlumata görə, Baş nazir Nikol Paşinyan "Hayastan” ümumerməni fondunun xeyriyyələr şurasının üzvlərini ümumerməni büdcəsini yaratmaq ideyasını müzakirə etməyə səsləyib.

İyunun 18-də "Hayastan” ümumerməni fondunun illik iclasında Paşinyan qeyd edib: "Yeni zəmanələrdə təəssüflər olsun ki, obyektiv və subyektiv olaylar baxımından çoxları erməni gündəmindən uzaqlaşır və beləliklə də erməni mənliyindən kəsilir. Erməni mənliyi və ya gündəmi çərçivəsində gəncləri geri qaytarmaq, yaxud saxlamaq bir problemdir ki, onunla həm də Fond məşğul olmalıdır. "Hayastan" bütün Ermənistan üçün pul almaq və ya pul xərcləmək üçün bir yer olmamalıdır. Bu baxımdan, məncə, ümumerməni büdcəsi ideyası cəlbedicidir”. Nikol Paşinyan bildirib ki, bu üsulla onlar 3-4 milyardlıq bir fond yarada bilərlər və həmin pulları milli məsələlərin həlli yolunda xərcləməyə nail olarlar.

Qeyd edək ki, Paşinyanın dünya fondlarından maliyyə almaq cəhdləri baş tutmayıb. Yalnız Avropa Birliyindən 25 milyon avro vəsait cəlb e?məyə nail olsa da, bu, bir ölkə üçün çox aşağı rəqəmdir. Belə olan təqdirdə, Paşinyanın "Hayastan” oyunu baş tuta bilərmi?

Hatəm Cabbarlı: "Paşinyan bununla diaspor yardımlarını və ona nəzarəti də öz üzərinə götürmək istəyir”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan hakimiyyətə gələndən sonra ölkənin qarşılaşdığı iqtisadi problemləri həll etmək istiqamətində ciddi bir uğur qazana bilməyib: "Buna ölkənin dünya bazarına çıxara biləcəyi strateji məhsullarının olmaması, yürütdüyü işğalçı siyasət səbəbindən blokadaya salınması, ölkədəki korrupsiya və məmur özbaşınalığı imkan vermir. Bilirlər ki, vəziyyət yaxşıya deyil, daha acınacaqlı səmtə yön götürüb. Nikol Paşinyan "Hayastan” fondu ilə bağlı qəribə bir ideya irəli sürüb. Məzmunu budur ki, bütün dünya erməniləri "ailə büdcəsi” deyilən nəsə yaratsınlar. Yığılması təklif edilən məbləğ təxminən Ermənistan dövlətinin büdcəsi qədərdir. Paşinyanın bu ideyası onu göstərir ki, ölkədə ciddi böhran var. Eyni zamanda, dövlət xətti ilə xaricdən qrantlar almaq müşkülə çevrilib. Onun yegənə yolu qalır, Ermənistan əhalisinin və dünyadakı erməni diasporunun cibinə köklənməyə. Erməni diasporu daim erməni dövlətinə yardımlar edib. Amma həmin yardımların təyinatı üzrə xərclənmədiyinə dair daim qalmaqallar qopub. Keçmiş hakimiyyətin dönəmində biz bu məsələlərin mediada müzakirə edildiyini də görmüşük. Əvvəla 3-4 milyardın həmin fonda toplanması mümknü deyil. İkincisi, hətta belə bir büdcə formalaşsa belə, onun xərclənməsi ilə bağlı kimə hesabatın veriləcəyi qeyri-müəyyəndir. Bu da qəyyumlar arasında ciddi fikir ayrılığına səbəb ola bilər. Sonra həmin vəsaitin kimin ambisiyalarına xidmət edəcəyi sual altındadır. Bilinmir ki, ondan dövlət yararlanacaq, yoxsa diaspor? Nikol Paşinyanın yığılan pulun sərfi ünvanı ilə bağlı belə bir fikri var: "Bizim ambisiyalarımızın ölkə daxilində və xaricində həyata keçməsinə kömək edəcək”. "Bizim” deyəndə Paşinyanın konkret kimi nəzərdə tutduğu da bəlli deyil. 30 ildir problemlər içində boğulan ölkənin vəziyyətini belə ifadə edə bilərik. Daşınan su ilə dəyirman çarxı dönməz. Böyük ehtimalla Paşinyan bununla diaspor yardımlarını və ona nəzarəti də öz üzərinə götürmək istəyir. Qənaətimə görə, bu mümkün olan məsələ deyil. Yığılsa da, çox cüzi məbləğdən söhbət gedəcək”.


millet