Şriftin ölçüsü / 342

Belələri ilə AXC 1 il hakimiyyətdə qala bilibsə, bu əsl möcüzədir

20 Iyun 2019 [14:39]
Elçibəy iqtidarının baş prokuror olmuş İxtiyar Şirin azpolitika.info-ya müsahibəsində deyib ki, 1993-cü ilin 4 iyununda onu Gəncədə girov götürən zaman Surət Hüseynovla görüşü 1 dəqiqəyə yaxın çəkib. Onun dediyinə görə, Surət Hüseynov və AMİP-in nümayəndələri, cinayətkar şəxslərlə birlikdə həbs edilən dövlət adamlarını bir-bir gətizdirib təhqir edir, daha sonra zirzəmiyə göndərirdi: "Mən də eyni ilə Surətin, AMİP nümayəndələrinin olduğu yerə gətirilmişəm və orada hədə-qorxu gəldilər, təhqir edildim. Əsasən hədə-qorxu gəlinirdi. Yəni siz kimsiniz, Gəncəyə niyə gəlmisiniz, sizi öldürəcəyik, məhv edəcəyik və s. Surətlə görüşüm bir an olub. Surət AMİP-in nümayəndələri, cinayətkar şəxslərlə birlikdə həbs edilən dövlət adamlarını bir-bir gətizdirib təhqir edir, daha sonra zirzəmiyə göndərirdi. Mən də eyni ilə Surətin, AMİP nümayəndələrinin olduğu yerə gətirilmişəm və orada hədə-qorxu gəldilər, təhqir edildim. Əslində o zaman 500-ə qədər vəzifəli şəxs və hərbçi həbs edilmişdi. Gəncədəki anbarlar, zirzəmilərin hamısı Azərbaycanın dövlət adamları ilə doldurulmuşdu. Bu proses Rusiyanın Baş Kəşfiyyat İdarəsinin nəzarəti altında həyata keçirilirdi”.

İxtiyar Şirin həmçinin bildirib ki, AMİP-in üzvləri Gəncədə Surət Hüseynovla birlikdə hakimiyyəti ələ keçirirdi, Etibar Məmmədovun silahlı adamları bəzi rayonlara gedib öz adamlarını icra başçısı qoyurdular: "Bu cinayət işinin materiallarında da var. İndi bunlar cinayət məsuliyyətindən kənarda qaldığı üçün öz etdikləri cinayətləri başqalarının üzərinə qoymağa çalışırlar. Axi biz işin içində olmuşuq, Etibarın yüzlərlə adamının törətdiyi cinayətin şahidləri var axı. Belə faktlar cinayət işində də var. AMİP dövlət çevrilişində iştirak edib, Surətlə birlikdə addımlayıb…Surətin haqqında 3 cinayət işi qaldırılmışdı. Məsələ təkcə 4 iyunla bağlı deyildi. Biz cinayət işi qaldırıb istintaq, təhqiqat işi aparırdıq. Surətin dəstəsinə yaxın düşmək mümkün deyildi. Onlar cinayətkar dəstə idi, bu haqda respublika rəhbərliyi məlumatlı idi. Surəti ifadə verməyə gətirmək üçün təcili tədbirlər görülməli idi. Biz bununla əlaqədar dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmişdik. Ancaq heç bir tədbir görülmədi. O zaman Rəhim Qazıyevlə bağlı da cinayət işi açmışdıq. Eləcə də həbsxanalardan 700 cinayətkar məhbusun qanunsuz azad edilərək Surət Hüseynovun dəstəsinə qatılması faktına dair cinayət işi qaldırmışdıq. Bu qiyamdan az əvvəl olmuşdu. Surət elə bu 700 dustaqla ölkəmizi viran qoydu. 700 məhbusu kim həbsxanalara nəzarət və rəhbərlik edən şəxslər azad etmişdilər. Dediyim 700 məhbusun president Elçibəyin verdiyi amnistiya ilə yaxından-uzaqdan əlaqəsi yox idi. 700 nəfər qanunsuz olaraq həbsxanalardan çıxarılıb Surətin sərəncamına verilmişdi. Bu, qiyamdan 2-3 ay əvvəl baş vermişdi”.

Sabiq baş prokurorun dedikləri AMİP-də etirazla qarşılanıb. AMİP Siyasi Şura üzvü Əli Orucov bu barədə müsavat.com-a açıqlamasında bildirdi ki, İxtiyar Şirinin nə mənəvi haqqı, nə qabiliyyəti AMİP-i ittiham etməsinə imkan vermir:

"AXC iqtidarının buraxdığı ən böyük səhvlərindən biri də məhz bu kimi qorxaq, iradəsiz və prinsipsiz bəzi insanlara yüksək postlar, ölçüsünə uymayan vəzifələr verməsidir. Belələri ilə AXC 1 il hakimiyyətdə qala bilibsə, bu əsl möcüzədir. Dövlət ittihamının başında duran şəxs dövləti uğrunda ölməli idi, şəhid olmalı idi. Lakin Surət Hüseynovun adamlarının bir silləsinə bütün dəyərləri ayaqlar altına atdı, başda prezident Əbülfəz Elçibəy olmaqla silahdaşlarını güdaza verdi. İndi kişi-kişi müsahibə verməklə deyil ki! Dedikləri də uydurma və böhtandan başqa bir şey deyil. AMİP həmişə dövlətçiliyin qorunub saxlanılmasına və möhkəmlənməsinə xidmət edib. Əgər AMİP-ə və onun liderinə hakimiyyət lazım olsaydı bunun qarşısını ala biləcək heç bir qüvvə, güc yox idi, hakimiyyəti götürə bilərdi. Zatən ölkədə hakimiyyət boşluğu vardı. Amma biz qeyri-demokratik, silah gücünə hakimiyyətə gəlməyin bir ənənə halı almasına qarşı olmuşuq”.

Ə.Orucov vurğuladı ki, İxtiyar Şirin İxtiyar Şirin AMİP-in həqiqətən 4 iyun hadisələrində bu və ya digər şəkildə dəstəkləyici rol aldığını, yaxud hansısa rayonda hakimiyyəti götürdüyünü sübut edən tutarlı fakt ortaya qoysun: "Belə bir hal olmayıb və bunu təsdiqləyəcək sübut və fakt da yoxdur. Başqasına iftira atmaqla öz biabırçı hərəkətlərinə haqq qazandırmaq cəhdi də göründüyü kimi heç cür alınmır. 4 iyunla bağlı Deputat istintaq komissiyasının, eləcə də digər istintaq materiallarında kimin hüquqi, siyasi və hətta mənəvi məsuliyyət daşıdığı göstərilib. Özünü hüquqşünas hesab edən şəxs miflərlə, böhtan və iftira ilə deyil, sübutlarla danışmalıdır. Görünür, sabiq baş prokuror heç düzəməlli hüquqşünas da deyil”.


millet