Şriftin ölçüsü / 1094

Taleh Şahsuvarlıdan Rasim Musabəyova möhtəşəm cavab

08 May 2019 [15:45]
Rasim Musabəyov şəhər mədəniyyətinin daşıyıcısı olduğundan, onun bu etirazını da, doğrusu, anlayışla qarşılayır və hətta bölüşürəm. Ancaq Rasim müəllim millət vəkilidir, səlahiyyətli şəxsdir. Onun qaldırdığı məsələ bir yeniyetmənin dəzgahının qapadılması ilə bitməməlidir.

7News.Az xəbər verir ki, bu fikirləri Aznyus.azsaytının baş redaktoru Taleh Şahsuvarlı deputat Rasim Musabəyovun yeraltı keçiddə yeniyetmənin popkorn satmasına etirazı və bu etiraz nəticəsində onun qurduğu dəzgahın yığışdırılmasına münasibət bildirərkən deyib.

T.Şahsuvarlı bildirib ki, R.Musabəyov popkorn satan yeniyetmənin şəklini çəkib paylaşmaqdansa, onun dərsə gedib getmədiyini, məktəb vaxtı orada niyə satışla məşğul olduğunu araşdırmalı idi:

"Mənim Rasim Musabəyova hörmətim var, yetərincə intellektual və kübar adamdır, bir fərd olaraq şəhər mədəniyyətinin daşıyıcısıdır. Ancaq onun qaldırdığı məsələ bir yeniyetmənin dəzgahının qapadılması ilə bitməməlidir. Niyə?

1. Fotolardan da göründüyü kimi, popkorn satan uşaq məktəbli yaşdadır. O, deputat olaraq dayanmalı idi dəzgahın yanında, zəng etməli idi Təhsil naziri Ceyhun Bayramova, ondan həmin əraziyə nazirliyin nümayəndələrini göndərməsini tələb etməli idi. Həmin nümayəndələr araşdırmalı idi ki, popkorn satan uşaq hansı məktəbdə oxuyur, niyə dərsdə deyil? O uşaqdan daha əvvəl onun oxuduğu məktəbin direktorunu tutub qulağından atmaq lazım idi bayıra ki, öz işlərinə belə səhlənkar yanaşdıqları üçün "Elina olayı" yaşanıb bu məmləkətdə.

2. Rasim Musabəyov zəng etməli idi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə. Həmin nazirliyin əməkdaşları gəlməli, araşdırmalı idilər ki, o uşağın ailəsinin maddi vəziyyəti necədir, hansı qayğılar onu küçələrə salıb. Nazirliyin xətti ilə o ailə himayəyə götürülməli, dövlətin sosial dəstəyi o uşağın valideynlərinə, qardaş-bacılarına yönəldilməli idi. Hər halda, o uşaq ehtiyac içindədir və kefindən dərsdən qalmır, satıcılıq etmir.

3. R.Musabəyov Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin nümayəndələrini də ora tökməli idi. Həmin uşaq satıcılıq etdiyi dövrdə xeyli psixoloji problemlərlə üzləşib, öz məktəbli tay-tuşlarından fərqli vərdişlər qazanıb. Ona görə də komitənin nəzarətində olmalı idi.

4. Deputat həmçinin daxili işlər orqanlarına və prokurorluğa məlumat verməli idi. Uşağın qarşısında dəzgah var, onun orada popkorn bişirib satması üçün sərmayə və himayə lazım. O sərmayəni verən o uşağı istismar etdiyi kimi, o yerdə dəzgah işlətməsi üçün də kimlərəsə rüşvət verir. Bu məsələlər də DİN və Baş Prokurorluq tərəfindən araşdırılmalı idi.

Lakin bütün bunlar olmadı, sadəcə dəzgah qapandı, sadəcə qoxu kəsildi. Əvəzində sosial şəbəkələr qoxuya bürünüb. Və təkcə popkorn qoxusuna yox...”

Qeyd edək ki, deputat Rasim Musabəyov Kukla Teatrının qarşısındakı yeraltı keçiddə bir yeniyetmənin popkorn satmasına etiraz edib və öz etirazını yeniyetmənin işlədiyi dəzgahda dövlətin elektrik enerjisinin oğurlanması, ətrafa partlamış qarğıdalı qoxusu yayılması, vergilərdən yayınma halı ilə izah edib.

Bundan sonra yeniyetmənin səyyar satış aparatı ordan yığışdırılıb.


Millət