Şriftin ölçüsü / 587

İstənilən halda, belə qapalı görüş təsadüfə oxşamır

29 Aprel 2019 [12:50]
Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qapalı toplantısı keçirilib. Bu barədə erməni mətbuatına açıqlamasında partiyanın mətbuat katibi Vahan Kostanyan məlumat verib.

Kostanyan iddia edib ki, qapalı toplantıda guya partiyanın nizamnaməsi və qurultayla bağlı məsələlər müzakirə olunub. Onun sözlərinə görə, partiyanın qurultayı iyun ayında keçiriləcək. Bu səbəbdən bəzi dəyişikliklər müzakirə mövzusu olub. Həmçinin, bildirib ki, partiya şurası sədrinin məsələsi müzakirə edilə bilməz, çünki idarə heyəti üzvləri hələ seçilməyiblər.

Onu da qeyd edək ki, qapalı toplantıda Baş nazir Paşinyan da iştirak edib.

Partiya ilə bağlı belə qapalı görüşün keçirilməsi və orada ancaq sözügedən siyasi təşkilatla bağlı məsələlərin müzakirə olunması real görünmür. Çünki siyasi partiya qapalı orqan deyil ki, bununla bağlı belə toplantı keçirilsin. Ona görə də çox güman ki, tədbirin qapalı keçirilməsinin arxasında başqa məsələlər dayanır. Onu da nəzərə almaq lazımdır ki, bundan əvvəl də Paşinyan bir sıra qapalı tədbirlər keçirib. Bundan əvvəl mart ayında Ermənistan Baş naziri qapalı toplantı keçirib. Yəni belə toplantının keçirilməsi partiya ilə bağlı olan məsələ deyil.

O baxımdan maraqlıdır, sonuncu qapalı görüşün keçirilməsində məqsəd nə olub? Bununla bağlı hannsı versiyalar var?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, Paşinyanın qapalı toplantı keçirməsinin arxasında bir sıra məsələlər ola bilər: "Paşinyan hakimiyyətə gələndə populist çıxışlarla bir ara ictimai rəyi məşğul etdi. İlk mərhələdə bu onun xeyrinə işləsə də, sonra vəziyyət dəyişməyə başladı. Çünki ötən bir ildə onun verdiyi vədlərlə bağlı ortada heç bir işin olmaması Paşinyanı narahat edir. Görünən odur ki, daxildə ona qarşı müəyyən təzyiqlər artır. O cümlədən, xarici təzyiqlər də artır. Ola bilsin ki, qapalı toplantıda bu kimi məsələlər müzakirə mövzusu olub. Yəni bu yolla Paşinyan istəyir ki, ona qarşı olan təzyiqləri önləsin. Görünür, bu, partiya təmsilçiləri ilə müzakirə olunub. Digər tərəfdən, o da ola bilər ki, Paşinyan qapalı görüş görüntüsü yaratmaqla ictimai rəyi aldatmaq istəyir. Bütün hallarda, həmin görüş yalnız partiyanın qurultayı ilə bağlı olmayıb. Ən nəhayət, o versiya da var ki, toplantıda Dağlıq Qarabağla bağlı məsələlər müzakirə olunub. Çünki regionda artıq Azərbaycanın mövqeyi güclənir. Qarabağ danışıqlarında Azərbaycanın haqq səsi artıq daha çox eşidilməyə başlayır. Ola bilsin ki, son Qarabağ danışıqları ciddi müzakirə olunub. Fikrimcə, bu versiya da ola bilər. İstənilən halda, belə qapalı görüş təsadüfə oxşamır”.,/Bakı Xəbər/


Millət