Şriftin ölçüsü / 683

Dağlıq Qarabağ problemi bir cəza mexanizmi kimi işə salınır

24 Aprel 2019 [17:36]
Məlum olduğu kimi, aprelin 15-də Moskvada Rusiya tərəfinin təşəbbüsü və bu ölkənin xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun digər həmsədrləri iştirak etsə də, ümumilikdə, sözügedən danışıqlar Rusiyanın moderatorluğu ilə baş tutub.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bundan əlavə, bu ilin 29 mart tarixində Vyanada baş tutmuş Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.

Düzdür, sözügedən görüşdə münaqişənin həlli ilə bağlı prinsipial razılıq əldə olunmasa da, bir sıra humanitar xarakterli məsələlər razılaşdırılıb. Görüşdə habelə münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlar arasında təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar. Tərəflər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı bundan sonra da sabitlikdə maraqlı olduqlarını təsdiqləyiblər. Tərəflər, həmçinin, hər iki ölkədə saxlanan məhbusların yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəliblər.

Diqqətçəkən məqamlardan biri odur ki, Moskva görüşündən sonra humanitar xarakterli bəzi razılaşmalar əldə edilsə də, bu, Ermənistan tərəfindən atəşkəsin pozulması hallarının azalmasına gətirib çıxarmayıb. Moskva danışıqlarından sonra da Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edirlər. Bəzi hallarda atəşkəs daha çox pozulur. Maraqlıdır ki, son danışıqlara moderatorluq edən Rusiya indiyə qədər buna hər hansı reaksiya verməyib. Baxmayaraq ki, bu həmdə əldə olunan bəzi razılaşmalar fonunda Rusiyaya qarşı bir hörmətsizlikdir. Maraqlıdır, Rusiyadan buna niyə reaksiya yoxdur?

Əli Orucov: "Çünki münaqişəni yaradan, idarə edən və həllinə imkan verməyən məhz Kremldir”

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov bunu bir sıra amillərlə əlaqələndirdi: "Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü bundan əvvəlki görüşlərdən bir qədər fərqləndi. O mənada ki, humanitar xarakterli bəzi razılaşmalar əldə edildi. Ermənistan mümkün olan qədər çalışır vaxtı uzatsın. Ermənistanın heç bir kompromisə getməməsi fonunda, bəzi humanitar məsələlərlə bağlı razılığa gəlməsi hələ hər şey demək deyil. Rusiyanın Ermənistan tərəfindən atəşkəsin pozulmasına reaksiya verməməsi, bir növ, gözlənilən idi. Çünki münaqişəni yaradan, idarə edən və həllinə imkan verməyən məhz Kremldir. Ona görə də rəsmi Moskva bilərəkdən özünü elə aparır ki, arbitr kimi həmişə ona ehtiyac yaransın və region gərginlikdən xilas olmasın. Xüsusən də region ölkələri Avroatlantik məkanla əməkdaşlıqla bağlı niyyətlərini ortaya qoyanda, yaxud da hansısa yumşalma yarananda dərhal Qarabağ problemi bir cəza aparatı kimi işə salınır. Bu yaxınlarda rus politoloqu Duqinin müsahibəsində açıq tekstlə Ermənistan və Azərbaycan hakimiyyətlərinə hədələyici tonda bir daha xəbərdarlıq edildi. Onun yanaşmasından belə çıxır ki, Moskvanın ətəyindən tutmayın ətəksiz qala bilər. Münaqişədə balanslaşdırmanın və konservləşdirmənin əsl səbəbi də Cənubi Qafqaza Qərbin gəlməsini əngəlləməkdir. Bu da suveren dövlətin Kremldən daha çox asılılığının saxlanmasına, silah satışından külli miqdarda qazanc götürülməsinə xidmət edir. Lakin tibbin özündə də bədənin ağrı verən hissəsini ağrıkəsicilərlə uzun müddət saxlamaq olmur. Birdəfəlik əməliyyat edilir ki, digər nahiyələrin də fəaliyyətinə mane olmasın. Xəstə bədən sağalısın. Azərbaycanın da bu yaralı yerinin müalicəsi Milli Ordumuzun əlindədir. Tam əminliklə deyirəm ki, Silahlı Qüvvələrimiz qısa müddətdə erməni cəlladlarını torpaqlarımızdan qovub ümummilli dərdimizə şəfa vermək gücündədir. O zaman ermənilər danışıq masasına qaça-qaça gələcəklər”.


Millət