Şriftin ölçüsü / 1143

ABŞ blokada şəraitində olan işğalçı ölkənin özü üçün nəfəslik açmasına hələlik göz yumur

02 Mart 2019 [18:29]
İranda rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan həmin ölkənin Prezidenti Həsən Ruhani ilə görüşdən sonra tərəflər birgə birifinqlə çıxış ediblər.

İran Prezidenti deyib ki, İrana qarşı tətbiq edilən ədalətsiz sanksiyalarla bağlı Ermənistanın mövqeyi onları tam qane edib: "Biz imkan verməməliyik ki, üçüncü qüvvələr ölkələrimiz arasındakı münasibətləri poza bilsinlər. Biz energetika sahəsində mühüm razılaşmalar əldə etdik. Həmçinin, Mehridə su elelktrik stansiyasının tikintisi ilə bağlı fikir mübadiləsi apardıq. Şimal-Cənub magistralının tikintisində İranın yaxından iştirak etmək istədiyini nəzərə çatdırdıq. Elektrik enerjisinin tranziti məsələsində Gürcüstanla birlikdə üçtərəfli, Rusiya ilə isə dördtərəfli əməkdaşlığın perspektivlərinə toxunduq. Ermənistan üzərindən İran qazının Gürcüstana çatdırılması da müzakirə edilən məsələlər sırasında oldu”.

İran Prezidenti bildirib ki, Fars körfəzi- Qara dəniz dəhlizi layihəsi üzrə də Ermənistanla yaxından əməkdaşlıq etmək istəyirlər.

Ermənistanın baş naziri isə bildirib ki, hazırda ölkəsində ciddi dəyişikliklər gedir: "Bütün bunlar bizim daxili işimizə aid olan proseslərdir. Heç bir xarici qüvvə Ermənistanın daxilindəki proseslərə müdaxilə etmir”.

Qeyd edək ki, Paşinyanın İranın Ali dini lideri Xamneyi ilə keçirdiyi görüşdə dini lider bildirib ki, ABŞ-ın niyyətlərindən asılı olmayaraq, Ermənistan-İran münasibətləri dostluq səviyyəsində davam etməlidir. Bununla o, Ermənistanın yeni hökumətinin ABŞ-a meylli olduğuna kiçik işarə etmək istəyib. Paşinyan isə deyib ki, onların ölkəsindəki proseslərə heç bir xarici qüvvənin müdaxiləsi yoxdur. Faktiki olaraq, İranın xoşuna gəlsin deyə, Paşinyan az qala ABŞ-dan tam imtina etmiş olub.

Bütün bunlar onu deməyə əsas verirmi ki, İranın siyasəti Ermənistanı blokadadan çıxarmağa xidmət edir və eyni zamanda, Paşinyanla Xamneyi arasında bir anti-ABŞ sövdələşməsinin əsası qoyulub?

AMİP beynəlxalq katibi Elşən Mustafayev qəzetimizə bildirdi ki, ABŞ-İran qarşıdurması və Vaşinqtonun Tehrana qarşı sanksiya zərbələri fonunda, Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri suallar yaratmaya bilməz: "Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsində ABŞ və Qərbin böyük rolu olub. Bütün bunların fonunda, Paşinyan anti-İran koalisiyasının yanında olmalı idi. Ancaq biz onu İranla bir ittifaqda görürük. İlk baxışda görünən budur ki, Paşinyanın hakimiyyətə gəlməsi və Ermənistanın Rusiyadan qopma prosesinə start verilməsini həyata keçirən ABŞ blokada şəraitində olan işğalçı ölkənin özü üçün nəfəslik açmasına hələlik göz yumur. Dağlıq Qarabağda işğalçı siyasətinə görə Ermənistan Azərbaycan və Türkiyə tərəfindən blokadaya alınıb, Gürcüstan Bakı və Ankara ilə strateji münasibətlərə görə qapılarını ermənilərin üzünə tam şəkildə aça bilmir. Bu baxımdan, Paşinyanın hətta İran rəhbərliyi ilə ABŞ-ın arxasınca danışmaq kimi cəsarətdə olması planlaşdırılmış bir oyundan xəbər verir. Ancaq çox güman ki, ABŞ bu məsələdə Paşinyana limitli imtiyaz yaradıb. Ola bilər ki, Paşinyan son səfərindəki davranışları ilə limiti keçib. Yəqin ki, bunun detallarını tərəflərdən yaxşı kimsə bilmir. Belə olacağı təqdirdə, ABŞ tərəfindən onun sərt cəzalandırılmasını da müşahidə edə bilərik. Burada İran da öz oyununu oynayır. Faktiki olaraq, Ermənistana mümkün olan bütün nəfəslikləri açmaqla onu blokadadan çıxarmağa çalışır. Bunun da fonunda istəyi budur ki, Ermənistanı həqiqətən də öz tərəfinə çəksin. Ermənistana çox şirnikləndirici vədlər verilib. Düzdür, qeyd edilən layələrlə bağlı uzun müddətdir ki, müzakirələr aparılır və heç biri də reallaşmayıb. Ancaq Paşinyanın İranın istəyilə ABŞ-a tam arxa çevirəcəyi halda bu baş tuta bilər. Faktiki olaraq, İran Azərbaycanın başı üstündən Ermənistan vasitəsilə ABŞ-ın bir müttəfiqini də neytrallaşdırmaq yolunu tutub”. /Bakı Xəbər/


Millət