Şriftin ölçüsü / 586

Azərbaycan özünü Ermənistanla müqayisə etməməlidir

11 Fevral 2019 [17:46]
Əli Orucov: "Azərbaycan öz gücü, potensialı baxımından, bütün parametrlərinə görə Ermənistandan irəlidədir”

Bu gün Ermənistanda vəziyyət ürəkaçan deyil. Faktiki olaraq, sosial-iqtisadi, siyasi böhran burulğanında çabalayan bu ölkədə, demək olar ki, hər gün ağlasığmaz hadisələr baş verir. İşsizliyin baş alıb getdiyi Ermənistanda nəinki sadə vətəndaşlar, eləcə də diplomatlar, alim və müəllimlər, bir sözlə, ziyalı kəsimi kütləvi işsizlik təhdidi ilə üzləşib.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişilə bu ölkədə diplomatların, alim və universitet müəllimlərinin ixtisarına başlanıb, onlar öz iş yerlərini itiriblər. Onu da qeyd edək ki, Ermənistanın sabiq elm və təhsil nazirinin müavini, İrəvan Dövlət Universitetinin əməkdaşı Vaqram Mkrtçyanın sözlərinə görə, universitetin bir neçə yüz əməkdaşı işdən çıxarıldıqları haqqında xəbərdarlıq alıb. Paşinyanın yarıtmaz struktur islahatları erməni ziyalılarının, elm adamlarının, eləcə də diplomatların küçələrdə qalması ilə nəticələnib.

Qeyd edək ki, Azərbaycanda da struktur islahatları həyata keçirilib. Lakin Ermənistandan fərqli olaraq, ölkəmizdə bu islahatlar nəticəsində heç bir insan öz iş yerini itirməyib. Azərbaycan struktur islahatlarından itkisiz çıxıb desək yanılmarıq. Bu gün ölkə başçısı yeni iş yerlərinin açılması, əhalinin bütün təbəqələrinin məşğulluğunun təmin edilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Ermənistanda isə bu sahədə vəziyyət acınacaqlıdır.

Azərbaycanda və Ermənistanda həyata keçirilən struktur islahatlarını fərqləndirən cəhətlər nədir?

Politoloq Əli Orucov "Bakı-Xəbər”ə bildirdi ki, struktur islahatları və digər məsələlərdə Azərbaycanla Ermənistanın müqayisə edilməsi mümkün deyil. O hesab edir ki, Azərbaycan sosial-iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətdir, Ermənistan isə inkişafdan geri qalıb və yerində sayır. "Ümumiyyətlə, Azərbaycanla geridə qalmış bir ölkə olan Ermənistanın müqayisə edilməsini qəbul etmək istəməzdim. Çünki bu, bir-birinə uyğun olmayan bir müqayisə olardı. Azərbaycan öz gücü, potensialı baxımından, bütün parametrlərinə görə Ermənistandan irəlidədir. Lakin Azərbaycanla Ermənistanı bu məsələdə müqayisə etsək, təbii ki, burada fərqlər özünü göstərəcək. Ermənistanın yeni baş naziri bu ölkədə yalnız elm-təhsil, mədəniyyət adamları, diplomatlarla bağlı islahatlar aparmadı, təkcə onların ixtisar olunması ilə əlaqədar qərar vermədi, həmçinin, Ermənistanda bir sıra nazirliklər də ləğv olundu. Yəni nazirliklərin də sayı azaldıldı və burada da xeyli sayda insan işsiz qaldı. Sözsüz ki, bəzi məsələlər var ki, onlar özünü bir sıra sahələrdə açıq şəkildə göstərir. Tutalım, əhalinin məşğulluqla bağlı problemləri Azərbaycanda öz həllini tapsa da, qonşu Ermənistanda bu məsələ öz həllini tapa bilmir. Çünki orada istehsalat və iqtisadiyyat bərbad vəziyyətdədir. Orada yeni müəssisələr açılmır. Bu ölkədə olan müəssisələrin də bir hissəsi qapanmaqdadır, yaxud da Ermənistan iqtisadiyyatının əsas sahələri Rusiyanın inhisarındadır. Bu baxımdan da, təbii ki, orada struktur islahatlarının aparılması ilə yanaşı sosial məsələlərin də həlli kənarda qalmamalıdır. Bilirsiniz ki, işsizliyin artması o ölkədə sosial gərginlik yaradır və bu da struktur islahatlarının mahiyyətinə mənfi təsir göstərir. Hesab edirəm ki, struktur islahatları aparılarkən paralellik gözlənilməlidir, bu isə Azərbaycanda gözlənir”.

Ə.Orucov qeyd etdi ki, Paşinyanın struktur islahatlarından əvvəl də Ermənistan əhalisi məşğulluğun olmaması və işsizlik ucbatından bu ölkəni tərk edərək xarici ölkələrə üz tutub. "Bu baxımdan da Azərbaycanda və Ermənistanda həyata keçirilən struktur islahatlarının nəticələrini təhlil edərkən çox ciddi fərqlər olduğunu görürük” - deyə bildirən Ə.Orucovun sözlərinə görə, biz özümüzü Ermənistan kimi iqtisadi-sosial cəhətdən zəif ölkə ilə deyil, daha inkişaf etmiş ölkələrlə müqayisə etməliyik ki, daha da inkişaf edək və daha böyük hədəflərə çataq.