Şriftin ölçüsü / 2983

O dəyərlər ki...

23 Yanvar 2019 [15:45]
Prezident İ.Əliyevin M.Hüseynov barəsində açılan yeni cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokurora tövsiyəsindən sonra cinayət işinin icraatına xitam verilməsi qeyri-normal bir yanaşmanı təkrarən təsdiqlədi. İstintaq orqanı müstəqil və qərəzsiz, obyektiv olmalıdır. Əgər cinayət işi başlanılmışdırsa bu iş sonadək heç kimin müdaxiləsi olmadan yekunlaşdırılmalı, məhkəmənin icraatına verilməli, məhkəmə hökmünü çıxarmalı idi Lakin Baş Prokurorluq prezidentin tövsiyyəsindən bir gün sonra açılan cinayət işinə xitam verir. Diqqətə çatdırmaq istərdim ki, M.Hüseynov haqqında açılan cinayət işi Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə açılmışdı və cinayətin təsnifatına görə. (AR CM 15.3) az ağır cinayətlər kateqoriyasına daxil idi. Eyni zamanda bir dəfə həbs olduğundan ağırlaşdırıcı hal başladılan cinayət işinin cəzasını ağırlaşdırırdı.

Azərbaycan Respublikasının qanunlarına görə istintaqın gedişinə və məhkəmələrin fəaliyyətinə heç kim hansısa vasitə ilə təsir edə bilməz. Reallıqda isə ölkədə nə yarğı, nə də məhkəmələr müstəqil deyil. Bunlar azmış kimi həmin orqanlar ən çox korrupsiyalaşmış orqanlardı. Bu barədə hətta nüfuzlu beynəlxalq təşkilatların məlumat və hesabatlarında dəfələrlə deyilsə də hakimiyyət həmin iradları qətiyyətlə rədd edib. Amma biz bu gün nəyin şahidi olduq? Prezident Baş Prokurora tövsiyə verdi, baş prokurorluq da üstündən 12 saat keçməmiş açılmış cinayət işinə xitam verdi. Zahirən təqdirəlayiq hal hesab edilməlidir. Bir gəncin həbsdə çürüdülməsi təhlükəsi aradan qaldırıldı. Demək, məsələ humanizmdən deyil, siyasi maraqlardan ibarətdir. Siyasi hakimiyyət "tövsiyyə edirsə” tutulmalı, yaxud da azad edilməlidir. Müstəqil yarğı, məhkəmə, qanunlar boş şeylərdi. Bütün bunların hamısı siyasi hakimiyyətin istək, maraq, göstəriş və "tövsiyyələrinə” bağlıdır. M.Hüseynov daha çox beynəlxalq təzyiqlərin hesabına "toru yırta” bildi.

Amma həbsxanalarda M.Hüseynov kimi onlarla, yüzlərlə insan sifarişli məhkəmələrin hökmləri ilə çürüdülür. Bəs bunların aqibətləri, taleləri necə olacaq? Misal üçün eyni üsulla, eyni cəza ilə yenidən həbsdə saxlanılan sabiq səhiyyə naziri Əli İnsanovun hüquqlarının müdafiəsi, ona qarşı həyata keçirilən "cəza üstünə cəza”nın götürülməsinə nə mane olur? Xatırlatmaq yerinə düşər ki, keçmiş səhiyyə nazirinə 2017-ci ilin 26 aprelində etmədiyi cinayətə görə məhkəmə 7 il 5 gün azadlıqdan məhrum edib. Cəmiyyət olaraq bizim əsas hədəfimiz təkcə M.Hüseynova qarşı törədilən haqsızlığa, qanunsuzluğa etiraz etməklə, onu zülmün pəncəsindən qoparmaqla bitməməlidir. Bir toplum olaraq bütün siyasi məhbusların xilası üçün çalışaraq, onların azadlıqlarına qovuşmaları üçün dirəniş davam etdirilməlidir. Təkcə siyasi məhbusların azadlıqları üçün yox, ölkədə siyasi məhbus məsələsinə birdəfəlik son qomayanadək, iqtidarı insan hüquq və azadlığına hörmət göstərməsinə məcbur edənədək, ən əsası demokratik bir dövlətin qurulmasına nail olanadək mübarizə artan templə davam etdirilməlidir.

Əks təqdirdə Azərbaycan iqtidarı beynəlxalq tərəfdaşları ilə "siyasi məhbus” problemini sövdələşmə predmeti kimi davam etdirəcək. Azadlığına qovuşması, pozulmuş hüquqlarının bərpa edilməsi uğrunda mücadilə verdiyimiz "siyasi məhbus” sonradan onu müdafiə edənlərə üz çevirib, hökumətin verdiyi qoğallarla qidalanmaqla cəmiyyətdə xəyal qırıqlığı yaradır. Belə nümunələr çox təəssüflər ki, kifayət qədərdi. Bu gün insan haqlarının qorunması uğrunda gedən mübarizədə çox az keçmiş siyası məhbus görə bilirik. Bu təcrübədən çıxış edərək, M.Hüseynovun işində də mən problemin fərdiləşdirilməsinin əlehinə olmuşam. Çünki yuxarıda qeyd etdiyim kimi indiyədək Mehman Hüseynovlar çox gəlib-gedib və onların bir çoxu iqtidarın "səmimi peşimançılıq”, lütfkarlıq və səxavətindən doyunca bəhrələnərək, düçar olduğu haqsızlığı və bu haqsızlığa etiraz edirək sinəsini qabağa verənləri unudub. Mənim kimi on minlərlə insanlar isə sonradan hakimiyyətin zor aparatı, şər-böhtan maşını ilə üzbəüz qalıb. Onlara düşən paysa məşəqqət, əsəb, təzyiq və s. olur. Avropalı demokrat hesab edilənlər isə hakimiyyətin "pul yuyan maşın”ında paklaşıb, sonradan sudan quru çıxırlar. Budur, cəmiyyətin neçə gündür "Mehman, Mehman” dediyi siyasi məhbus onu şərləyən birisini bağrına basır. Sanki ən əzizini, doğmasını illər uzunu görməmiş kimi. Çöldə isə onun hüquqlarının müdafiəsinə qalxmış yaşındakı gəncləri şümür Əli Abdulovdan da behtər olan polislər evlərindən, küçədən, harda gəldi bir-bir tutub dama basır. "Müqəddəs yerləri” bu iqtidar heç vaxt boş qoymayıb. Bu vidiegörüntüdən sonra M.Hüseynov sonradan nə danışır-danışsın çətin ki, xəyal qırıqlığına uğrayan insanları ovuda bilsin. Bilirəm, bunu böyüklük, ucalıq, nə bilim dini nöqteyi-nəzərdən izahını verməyə çalışanlar tapılacaq. Əcaba, necə ola bilər ki, şeytana, şərə qarşı vuruş sərgiləyən, iki il haqsız həbsə atılan birisi elə həmin şəri və şeytanı, iftira və böhtanı qucaqlasın?! Ola bilsin mən yaramazlıq, əclaflıq kimi xüsusiyyətləri bağışlaya bilmədiyim üçün bu qucaqlaşmaya da öz prizmamdan baxıram. Mənim üçün azadlıq, fərdin azadlığı hər şeydən üstün və qiymətlidir. Lakin biz azadıqmı?! Ona görə də biz bir xalq, bir millət, bir toplum olaraq bu sualın cavabının tapılmasına gücümüzü diqqətimizi, birliyimizi, ağlımızı səfərbər etməliyik. Fərdlər üçün mübarizə, fərdlərin marağının təmin edilməsi yönündə göstərdiyimiz çabalar nəticə etibarı ilə özümüz də görə-görə öz hüquqlarımızı qurban vermişik. Keçmişimizi və gələcəyimizi qurbana çevirmişik. Uşaqlarımızın, qohum-əqrabalarımızın rahatlığına bais olub, onlara problemlər, başağrısı yaratmışıq. Birisinə siyasi lider dedik, birisinə siyasi məhbus, birisinə müxalif yazar, bloqqer, siyasi fəal, jurnalist, və i.a və s. Çoxları bu satatuslardan özünün kofmortu üçün istifadə etdi. Zinadnın soyuq divarlarının, əzab əziyyətinin sonradan meşşan həyatları və rahat yaşayışları ilə əvəzini qat-qat çıxdılar. Sanki uğrunda həbsə atıldıqları dəyərlərin bunlara heç bir dəxli yox imiş. Bəzən haqq qazındırmağı gəlir adamın onlara. O dəyərləri ki, Qərb sivlizasiyası saysız-hesabsız qan-qada, itkilər hesabına qazanıb, o dəyərlər ki, azman, nəhəng şəxsiyyətlərin illərlə dərin zehniyyətindən çıxıb, cilalaşıb formalaşıb, həmin dəyərləri ki, avtoritar rejimlərin kürüsü, bahalı hədiyyələri, milyardlarla rüşvəti, korrupsiyas yuyub yox edirsə, vicdanları susdura bilirsə, daha nə gözləyə bilərik ki? Kimisə satılmaqda, zəif çıxarmaqda günahlandırmaqda arqumentsiz buraxır bizi.

Mən həmişə keçirilən kütləvi aksiyalarda etiraz mitinqlərində iştirak etməyə çalışmışam. Mən həmin insanların üzündə bir əzab, bir dərin qayğı və nigarançılıq görürəm. Nimdaş paltarlarda olan həmin etiraz edən kütlə hər şeyə rəğmən illərlədir ki, güclü hakimiyyətin zorakı maşını və tanrı-qiblə tanımayan xisləti ilə döyüşür. Təslim olmur. Gücü tükənir, amma şərin noğuluna aldanmır. Heç ordakıların çoxu demokratiyanın nə olduğunu düz-əməlli bilmirlər, sivil və ali dəyərlərin mahiyyətindən də xəbərsizdirlər. Lakin onlarda şərə, haqsızlığa nifrət, haqqa-ədalətə sonsuz inam, mövcud düzənə qarşı barışmaz hiss var. Daxillərində bir İNSANLIQ var. Bəlkə də hakimiyyət onların hər şeyini əlindən alıb. Lakin İnsanlığını, mübarizliyini, içindəki inamı və imanı ala bilmədiyindən hakimiyyətin özü də belələrinə qarşı daha amansız rəftar edir. Onların ürəkləri o qədr böyük, o qədər genişdir ki, çiyinlərindən hakimiyyətin qucağına tullanan öndərlərini də, sıra yoldaşlarını da, "ağılıllarını” da bağışlayır. Xəyanət, satqın damğası vurub sıradışı etmir. Yaxasından tutub sorğulamır ki, "ay səni ...”

Sadəlövhcəsinə harada dara düşən, hüququ pozulan varsa onun imdadına, köməyinə qaçır. Bundan sonra bu cür dönüklüklərin, üz çevirilmələrin olmaması üçün siyasi sistemin dəyişməsi lazımdır, həm də labüddür. Ağıllı xalqlar xəstəliyi yaradan səbəbləri və xəstəliyin mənbələri ilə mübarizə aparır. M.Hüseynovu xarici və daxili təzyiqlərlə açılan qondarma cinayət işinə xitam verən hakimiyyət sabah onun yerinə elə onu yaşda neçə-neçə gəncimizi şərləyib həbsxanaya salacaq. Bax beləcə "kökə və dəyənək” siyasəti sonsuzadək həm cəmiyyətimizi, həm də beynəlxalq ictimaiyyəti məşğul edəcək. Pis-yaxşı M.Hüseynov canını qurtara bildi. Bəs digər siyasi məhbuslar, günahsız yerə həbsxanalarda illərini verən yüzlərlə vətəndaşımız, hüquq-mühafizə, istintaq orqanlarının və məhkəmələrinin tamahının güdazına gedən oğul-qızlarımız, hər addımbaşı elementar hüquqları tapdanan milyonlarla soydaşımız? Bəs Şəhid qanı ilə böyük itkilər və uzun illərin mücadiləsi hesabına müstəqliyini yenidən qazandığımız zavallı Azərbaycanımız?!

Əli Orucov, AMİP Siyasi Şurasının üzvü


Millət