Şriftin ölçüsü / 1138

“Nazarbayevin Azərbaycana münasibəti xüsusilə fərqlənir”

17 Dekabr 2018 [17:51]
 
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Belarus Respublikasının Dövlət Təhlükəsizliyi Şurasının katibi, Bakıda hərbi təhsil almış general-leytenant Stanislav Zasın KTMT baş katibi postuna namizədliyinə rəsmi dəstəyini ifadə edib. Bu barədə Nazarbayev Astanada Zasla keçirdiyi ikitərəfli görüşdə bildirib.

Nazarbayev Zasla görüşündə bir sıra məqamlara toxunub: "Sankt-Peterburqda KTMT-yə üzv dövlətlərin başçıları sizin namizədliyiniz barədə Aleksandr Lukaşenkonun (Belarus Prezidenti) təklifini dəstəkləməklə bağlı qərar qəbul etdilər. Siz artıq KTMT-yə üzv dövlətlərin rəhbərləri ilə görüşməyə başlamısınız və artıq Bişkekdə olmusunuz. Bildiyiniz kimi, Qırğızıstan Respublikası indi KTMT-yə sədrlik edir. Əminəm ki, sizin görüşləriniz yaxşı keçib”.

Nazarbayev, həmçinin, KTMT-nin baş katibi postunda çalışmaq üçün Zasın zəruri olan bütün bilik və bacarıqlara malik olduğunu vurğulayıb: "Siz hərbçisiniz və müvafiq təhsilə maliksiniz. Baş Qərargahda, Belarus Respublikasının Təhlükəsizlik Şurasında işləmisiniz. Siz KTMT-nin işi ilə də tanışsınız – müxtəlif görüşlərdə və iclaslarda iştirak etmisiniz. Biz sizi dəstəkləyəcəyik”.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko da Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində bildirmişdi ki, KTMT-nin baş katibi postuna Belarus nümayəndəsinin təyin edilməsi bütün tərəflərlə razılaşdırılıb. Lakin İrəvan bu vəzifəyə Ermənistan nümayəndəsinin gətirilməsində israr edərək səslənən bütün bəyanatları təkzib edirdi. Bununla da Ermənistanın baş naziri Nikol Paşinyan və onun mətbuat katibinin KTMT-nin baş katibi postuna təyinatla bağlı məsələnin hələ də həll olunmaması ilə bağlı yalan bəyanatları növbəti dəfə rəsmi səviyyədə ifşa olundu. Bütün bunlarla yanaşı, Nazarbayevin belə mövqe sərgiləyəcəyi gözlənilən idi. Ona görə ki, o bundan əvvəl də Azərbaycanın maraqlarını nəzərə alaraq Ermənistan nümayəndəsinin KTMT-yə sədr seçilməsinə imkan vermədi. O baxımdan Nazarbayevin sözügedən məsələdə göstərdiyi qətiyyəti ekspertlər necə şərh edirlər?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Nazarbayev Türk dünyasında birliyin möhkəmlənməsi ilə bağlı siyasət yeridən liderlərdən biridir: "Bu baxımdan onun Azərbaycana münasibəti xüsusilə fərqlənir. Azərbaycanla sıx əməkdaşlığa, bu əlaqələrin daha dərin köklərə bağlılığını nəzərə alaraq, ölkəmizin maraqlarının MDB məkanında qorunmasına xüsusi önəm verir. Eyni zamanda, KTMT çərçivəsində qorunmasına həmişə çalışıb. Təsadüfi deyil ki, məhz bu fəaliyyəti nəticəsində Ermənistan Qazaxıstan Prezidentinə qarşı neqativ münasibətdədir. Bir vaxtlar İrəvanda Nazarbayevin adına bir küçə vardı. Sonra ermənilər Nazarbayevin tutduğu qətiyyətli mövqeyə görə həmin küçənin adını dəyişdilər. Bir sözlə, Nazarbayev təcrübəli siyasətçidir və o çox yaxşı dərk edir ki, Azərbaycanla əlaqələrin qurulması Qazaxıstan üçün də faydalıdır. Çünki Orta Asiya üçün açar ölkə olaraq Azərbaycanın önəmi yüksəkdir. Bu baxımdan da Azərbaycanın mövqeyi dəstəklənir. Bu da təsadüfi deyil. Bakıda təhsil alan Stanislav Zasın dəstəklənməsi, dolayısı ilə də olsa, Azərbaycanın dəstəklənməsi deməkdir. Ölkəmiz KTMT-də təmsil olunmasa da, bu onu deməyə əsas verir ki, Azərbaycanın mövqeləri Ermənistandan da güclüdür. Ona görə də Nazarbayevin sərgilədiyi mövqeyi alqışlayıram”.


Millət