Şriftin ölçüsü / 1185

Dağlıq Qarabağ konflikti ilə bağlı daha konkret mövqe tələb olunacaq

11 Dekabr 2018 [16:09]
"Ermənistan həm sülh danışıqlarını tələb edir, həm də bu mövqedən çıxış edirsə, bunun adı ikiüzlükdür”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan Elmar Məmmədyarovla keçirdiyi görüşdən sonra, ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 25-ci illik iclasındakı çıxışı zamanı çox avantürist, sülh danışıqlarına xələl gətirə biləcək bir məzmunda açıqlama verib. O deyib ki, Dağlıq Qarabağda yaşayan xalq 30 il əvvəl ayağa qalxıb öz müqəddəratını həll etdi: "Bunun da nəticəsində Dağlıq Qarabağ müstəqil oldu. Əldə olunan bu nailiyyətə qarşı çıxmaq kimi cəhdlər konfliktin yaranması və davam etməsinə səbəb olur”.

Çox maraqlıdır ki, Ermənistan rəsmisi məhz həmin tədbir çərçivəsində Elmar Məmmədyarovla görüşüb konfliktin nizama salınması ilə bağlı sülh yollarını axtarıb, digər tərəfdən isə, belə bir mövqe sərgiləyib. Belə ikili mövqedə olan bir diplomatın sülh danışıqlarında göstərdiyi səyləri nə dərəcədə səmimi saymaq olar?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev "Bakl-Xəbər”ə bildirdi ki, Ermənistan diplomatiyası sülh danışıqları adı ilə daim manipulyasiya edib: "Buna imitasiya da deyə bilərik. Onlar dünya birliyinə özlərini sülh tərəfdarı kimi göstərməyə çalışsalar da, real hərəkətə gələndə tamamilə fərqli mövqe ortaya qoyurlar. Onlarda hakimiyyətə gələn yeni qüvvə də öz sələflərinin yolunu daha pis formada davam etdirir. Çox maraqlıdır ki, tutduqları bu cür qeyri-konstruktivliyin fonunda həm də Azərbaycanın haqqı olan silah gücü ilə torpaqlarını azad etmək kimi risqdən də bərk qorxurlar. Təsadüfi deyil ki, Paşinyan Sankt-Peterburqdakı görüş zamanı KTMT-yə üzv olan müttəfiqləri Azərbaycanı konflikti hərb yolu ilə həll etmək istəyindən çəkindirməyə çağırırdı. Xarici işlər nazirinin belə fikirlər səsləndirməsi təsadüfi sayıla bilməz. Bu, elə Paşinyanın da mövqeyidir. 30 il əvvəl baş verənlə fəxr etmək o anlama gəlir ki, həmin komanda separatizmi, işğalı, Azərbaycana məxsus olan ərazilərin ilhaqı prosesini dəstəkləyir. 30 il əvvəl Dağlıq Qarabağda separatizmin əsası qoyulub və Azərbaycan heç vaxt bununla barışmır. Ermənistan həm sülh danışıqlarını tələb edir, həm də bu mövqedən çıxış edirsə, bunun adı ikiüzlükdür. Belə ritorika ilə onlar sülh prosesində nəyəsə nail ola bilməyəcəklər. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi bəllidir və xarici işlər nazirinin mövqeyindən çox fərqlənir. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə hazırıq, ancaq Azərbaycanın tərkibində. Onlar isə, göründüyü kimi, elan olunan separatçı rejimi və ətraf ərazilərin işğalını konfliktdə qoyulan nöqtə kimi qəbul edirlər. Artıq Ermənistanda seçkilər də başa çatdı. Paşinyan və onun komandası mütləq hakimiyyətə yiyələndilər. Yəqin ki, bundan sonra onlardan Dağlıq Qarabağ konflikti ilə bağlı daha konkret mövqe tələb olunacaq. Belə fikirləri dövriyyəyə buraxmaqla, onların sülhə çağırış cəhdləri heç bir halda səmimi görünə bilməz”.