Şriftin ölçüsü / 574

Azərbaycanda məmurların dövlət büdcəsi və xalqın sərvətləri hesabına varlanması hamının gözü qarşısında baş verir

18 Oktyabr 2018 [16:31]
zərbaycanın yüksək vəzifəli məmurları işdən çıxarılandan sonra korrupsiya və rüşvət yolu ilə əldə etdikləri dəyəri milyonlarla hesablanan daşınar və daşınmaz əmlakları, ölkədə və ölkə xaricindəki biznesləri ilə bağlı faktlar ictimailəşdirilir. Amma həmin məmurların əksəriyyəti vəzifədə olduqları zaman büdcə oğurluğu hesabına qurduqları "iqtisadi imperiya”ları bu qədər qabarıq şəkildə ortaya çıxmır.

Bəs necə olur ki, xalqın qəzəbinə səbəb olan vəzifəli şəxslər, dövlət məmurları bu qədər vəsaiti toplaya, hətta bunu ölkə xaricinə də çıxara bilirlər? Keçmiş nazirlər - Eldar Mahmudov, Ziya Məmmədov, Səlim Müslümov, Heydər Əsədov, Fazil Məmmədov və digərlərinin sərvətləri ilə bağlı yayılan məlumatlar haqlı olaraq geniş ictimaiyyət tərəfindən qəzəblə qarşılanır, sosial şəbəkə istifadəçilərinin hədəfinə çevrilir.

Bir neçə gündür ki, ölkə gündəmini zəbt edən mövzulardan biri də Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşının Londondakı sərvəti barədə yazılanlardır. Amma deyəsən, oğurlanan pulları sonadək xərcləmək C. Hacıyevin ailəsinə nəsib olmayacaq.

Məmurlara qarşı yeni mexanizm hazırlanır

Belə ki, "The Telegraph” qəzetinin yazdığına görə, Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin rəhbəri etiraf edib ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin dəbdəbəli "Harrods” Ticarət Mərkəzində sağa-sola pul xərcləyən arvadından müsadirə olunan sərvət Azərbaycan dövlətinə verilə bilər.

Agentliyin iqtisadi cinayətlər üzrə direktoru Donald Toon bildirib ki, Ali Məhkəmə Zamirə Hacıyevanın maliyyə fırıldağına əl atdığını isbata yetirərsə, ondan müsadirə olunan sərvətin Azərbaycana qaytarılması mümkündür.

Cənab Toon izah edib ki, məhz buna görə Britaniyanın "İzahedilməz Sərvətə dair Qanunu”nun ilk dəfə tətbiq edilməsi müsadirə olunmuş vəsaitin "siyasi və beynəlxalq” məsələyə çevrilməsi ilə nəticələnə bilər.(Azadlıq radiosu)

"The Telegraph” isə yazır ki, hazırda 55 yaşlı xanım Hacıyevanın "əri tərəfindən oğurlanmış vəsaitlərlə özünə dəbdəbəli həyat qurduğuna dair” iddialar araşdırılır.

Məqalədə qeyd olunur ki, Azərbaycan vətəndaşı Hacıyeva Londonun bahalı Knightsbridge rayonunda yaşadığı on il ərzində təkcə "Harrods” mağazasında 21 milyon funt sterlinq (27 milyon dollar) xərcləyib.

Onun beş yataq otağı olan evinin qiyməti 15 milyon funt strelinqdir (19 milyon dollar) və o, həmçinin Askotdakı Mill Ride qolf klubunu 10,5 milyon funt sterlinqə alıb.

"The Telegraph” xatırladır ki, Zamirə Hacıyevanın əri, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev vaxtilə rəhbərlik etdiyi bankda 2,2 milyard funt sterlinqlik (2,9 milyard dollar) fırıldaqda ittiham edildikdən sonra 2016-cı ildə 15 il müddətinə azadlıqdan məhrum olunub.

Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyi iddia edir ki, xanım Hacıyeva Birləşmiş Krallıqda daşınmaz əmlak almaq üçün fırıldaq yolu ilə əldə olunmuş vəsaitlərdən istifadə edib.

Hakim Supperstone Zamirə Hacıyevadan istifadə etdiyi sərvəti necə qazanması barədə izahat verməsini tələb edib.

Lakin Haciyevanın vəkilləri iddia edirlər ki, sözügedən qanun onların müştərisinə tətbiq oluna bilməz, çünki o "legitim biznesmenin arvadıdır”.

Məmurlara qarşı yeni mexanizm hazırlanır

"BBC Radio 4” kanalına müsahibə verən cənab Toon deyib ki, onun rəhbərlik etdiyi agentlik məhkəməni udarsa, Hacıyevanın bir sıra əmlakı müsadirə oluna bilər. Bu sərvətin kimə veriləcəyi barədə sualı cavablandırarkən cənab Toon bildirib ki, bu artıq siyasi və beynəlxalq məsələyə çevriləcək: "Bundan sonra sözügedən əmlakın dəyəri Birləşmiş Krallıq hökumətinin ixtiyarına veriləcək və bunun ardınca Britaniya və pulun mənbəyi olan ölkə arasında qaytarılacaq məbləğ barəsində birbaşa danışıqlar gedəcək”.

"The Telegraph” yazır ki, Cahangir Hacıyev Azərbaycan dövlətinə məxsus bankda işləyib və buna görə də həmin ölkənin hökuməti müsadirə olunan pulun ona qaytarılmasını tələb edə bilər.

Toon bildirib ki, onun agentliyi "İzaholunmaz Sərvət Qanunu” əsasında Afrika, Cənubi Asiya və keçmiş Sovet İttifaqından olan daha 8 nəfərə qarşı məhkəmə iddiası qaldırıb.

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov isə "Reytinq”ə bildirib ki, Azərbaycanda məmurların dövlət büdcəsi və xalqın sərvətləri hesabına varlanması hamının gözü qarşısında baş verir, ölkə kiçik olduğundan bir müddət sonra gizlinlər üzə çıxır: "Mətbuatda məmurların çirkli pullarla böyük "biznes imperiyaları” qurmaları, onların dəbdəbəli həyat sürmələri barədə dəfələrlə yazılıb. Hamı da bilir ki, dövlətin verdiyi maaşla hasısa məmur milyonlarla dəyəri olan mülklər, avtomobillər, daşınar və daşınmaz əmlaka sahib ola bilməz. Bu pullar oğurluq və rüşvət yolu ilə qazanılır. Ölkədə dövlət məmurlarının oğurluğu və korrupsiya əməlləri zəncirvari və piramida şəkilli olduğundan demək olar ki, çoxları bu çirkabın içindədir. Hər bir məmur öz çapına, çevrəsinə və himayədarına uyğun olaraq dövlət əmlakını talayır, xalqın sərvətlərini oğurlayır. Balaca məmur balaca, yekə məmur yekə, lap yekəsi isə lap yekə oğurluq və talançılıq edir. Özü də bunu təkbaşına etmir. Bu, yuxarların himayəsi və "xeyir duası” ilə baş verir. Siz görmüsünüzmü korrupsiya və rüşvət yolu ilə dövlət vəsaitini talan edən hansısa məmur cəzalandırılsın? Belə hal olmayıb, olmayacaq da. Sadə bir misal. Lift-təmir İdarəsinin keçmiş rəisinin qızına yenidən 400 minlik dəbdəbəli toy etməsi barədə mətbuat günlərlə yazdı. Niyə müvafiq qurumlar Qüdrət Şükürovu cəzalandırmadı? Heç soruşmadılar ki, bu pul hardandır? Hələ bu, kiçik ranqlı məmurdur. Ona görə soruşan olmadı kı, ipin ucu ali hakimiyyət orqanlarına gedıb çıxacaqdı. Məsələ beynəlxalq miqyas alandan sonra "ipi” Qüdrət Şükürovda kəsməyə məcbur oldular. O qədər pulu qüdrətlər tək yeyə bilməzdi.

İndi düşüblər Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın üzərinə. Bu gün nazirlərin əksəriyyətinin həyat şəraiti və əldə etdikləri Zamirə Hacıyevanın xərclədiyi vəsaitdən qat-qat çoxdur. 20 ildən çox nazir işləyənlər var ki, bəlkə də milyardlarla sərvətə sahibdirlər. Azərbaycanda bütün hakimiyyət qolları, hətta özəl adlandırılan sahə daxil, talançılıqda, mənimsəmədə, rüşvətdə, korrupsiyada və çirkli pulların yuyulmasında öz səlahiyyətləri və imkanları daxilində fəal iştirakçıdır. Bunun da günahkarı təkcə mövcud siyasi sistem deyil, həm də xalqdır. Xalq öz sərvətinə və dövlətinə sahib çıxmayanadək oğrular, talançılar, yalançılar qorxub çəkinmədən fəaliyyətini davam etdirəcək”.

Məmur korpusunun imkanı məhdudlaşdırılaçaq

Məmurlara qarşı yeni mexanizm hazırlanır

Adının çəkilməsini istəməyən hakimiyyət mənsublarından biri isə iddia edir ki, artıq yuxarı dairələr idarəetmə mexanizmini dəyişmək istəyirlər. Çünki uzun illər məmurların oliqarxa çevrilməsi və siyasi hakimiyyət üçün təhlükə mənbəyi sayılan böyük vəsaitlər qazanması mövcud iqtidarı da təhdid edir. Ona görə də artıq məmurların böyük sərvətə sahib olmaq imkanlarını məhdudlaşdırmaq istəyirlər. Məlumatda bildirilir ki, artıq bu məsələ üzərində müəyyən planlar cızılır, mexanizmlər hazırlanır. Bu mexanizmin necə olacağına tam aydınlıq gətirməyən şəxs bildirib ki, böyük sərvətə sahib olan məmurlardan bir neçəsi artıq bu imkanlarını qismən itiriblər. "Mümkündür ki, böyük maddi imkana və geniş biznes şəbəkələrinə sahib olan daha bir neçə məmur da yaxın müddət üçün zərərsizləşdirilsin. Vəzifəyə yeni təyin olunan məmurlara isə əvvəlkilər kimi böyük pullar qazanmaq imkanı verilməyəcək. Bu tələblərə qarşı çıxanlar, korrupsiya və qanunsuz yollarla milyonlara sahib olmaq istəyənlər vəzifəsindən asılı olmayaraq sərt şəkildə cəzalandırılacaqlar. Hələlik bu mexanizmin necə hazırlanması və tətbiq olunması üzərində planlar qurulur. Çünki ölkə daxilində və ölkədən xaricə çıxarılan milyardlar dövlət xəzinəsinin boşalması ilə yanaşı mövcud iqtidar üçün də təhlükə mənbəyidir. Heç kim təminat vermir ki, həmin vəsaitlər ölkədəki müəyyən qruplaşmalar tərəfindən siyasi dəyişikliklər üçün istifadə olunmayacaq ”, – deyə mənbə fikrini tamamlayıb.