Şriftin ölçüsü / 571

Bir çoxları dediklərinin və atdığı addımların məsuliyyətini anlamır

18 Oktyabr 2018 [16:11]
Son günlərdə müxalifət düşərgəsi yenidən çalxalanır. Camiənin öndə gedən partiyaları bir-birinə qarşı savaş açıblar. Əvvəlcə Müsavat və AXCP REAL-a müharibə elan etdilər.

Buna səbəb də REAL funksioneri Erkin Qədirlinin müxalifətin təcrübəsiz olduğu barədə fikirləri oldu. E.Qədirli köhnə müxalifətin təcrübə toplamaq və hakimiyyətə gəlmək istəmədiklərini də dilə gətirdi. Onun açıqlamalarından dərhal sonra özlərini köhnə müxalifətin təmsilçiləri sayan Müsavat və AXCP REAL funksionerinin üzərinə hücuma keçərək, onu ən ağır formada aşağılamağa, təhqir etməyə başladılar. Hər iki partiyanın funksionerləri səviyyəsində E.Qədirliyə yönəlik sosial şəbəkələrdə statuslar həsr olundu. E.Qədirlinin müdafiəsinə qalxan, REAL-ın idarə heyətinin üzvü Xalid Bağırovun partiya həmkarının üzərinə gələnlərin "şüvən qopardıqlarını” deməsi və pozğun qadınlara bənzətməsi qarşıdurmanın ən pik həddə çatmasına səbəb oldu. Hazırda da sosial şəbəkələrdə savaş davam etməkdədir.

Bu qarşıdurmanın ardınca müxalif düşərgədə yeni bir savaş cəbhəsi açıldı. Bu dəfə Müsavat və Ümid partiyaları toqquşdular. Bu savaşa səbəb də 2003-cü ildəki 15-16 oktyabr hadisələrinin 15 illiyi ilə bağlı Arif Hacılı və İqbal Ağazadənin Meydan.TV-də canlı yayıma çıxmaları oldu. Liderlər efirdən bir-birini ən sərt şəkildə ittiham etməyə, hətta bir-birilərinin ünvanına təhqirlər səsləndirməyə başladılar. Bundan sonra hər iki partiyanın tərəfdarları günlərdir ki, sosial şəbəkələrdə "payız müharibəsi” aparırlar.

Baş verənlərdən belə fikir formalaşır ki, müxalifət artıq iqtidarla mübarizəyə deyil, düşərgədaxili savaşa meyllənib, başı özünə qarışıb.


AMİP Siyasi Şura üzvü Əli Orucov hesab edir ki, müxalifət daxilində müzakirələrin və debatların olması normaldır: "Bu debat və müzakirələrdə həm partiyaların görünməyən tərəfləri, həm də bir sıra məsələlər müəyyən qədər aydınlaşır. Siyasi rəqabət eyni zamanda inkişaf deməkdir. Lakin bütün bunlar da sivil qaydada etik normalar gözlənilməklə ediləndə xoşdur. Təəssüflər olsun ki, cəmiyyətdəki radikallaşma müxalifətdaxili münasibətlərə də sirayət edib. Biri digərini təhqir etməklə, aşağılamaqla sanki zövq alır, özünə təsəlli sayır. Həyatın digər sahələrində olduğu kimi, siyasi və partiyalaşma sahəsində də bir inhisarçılıq mövcuddur.

Köhnəlmiş ənənələrdən və psixologiyadan qurtarmayıblar. Kim onun kimi düşünmürsə, onun istədiyi kimi deyilsə, dərhal satqın damğası vurulur. Bunun bir səbəbi də normal mübarizə yollarının qapadılmasıdır. Əgər bu olsaydı, partiyalar da belə dedi-qodulara, təhqirlərə yol vermədən sağlam siyasi rəqabətə üstünlük verərdilər. Hər bir siyasi qüvvənin özünün seçdiyi yol və yürütdüyü siyasi xətt var. Bəs biz niyə zaman-zaman siyasi plürializm və tolerantlıq mühitinin yaradılmamasından narahat idik?! Sizin də gördüyünüz bəzi xoşagəlməz mənzərə məhz belə cəmiyyətdə yaranır. Yəni bir çoxları dediklərinin və atdığı addımların məsuliyyətini anlamır. Bəzi siyasi qüvvələrin, görünür, heç özləri də sağlam siyasi rəqabətə hazır deyillər. Ona görə də alternativ proqram və ideya, eləcə də vacib problemlərin həlli müzakirəsi deyil, əksərən boş, mənasız hallar üzərində uzun-uzadı söz dueli açılır. Bunlardan maksimum dərəcədə qaçmaq lazımdır. Müxalifət onsuz da cəmiyyətdə və ölkədə gedən proseslərdə iştirak imkanlarını demək olar ki, itirib. Bu barədə düşünmək lazımdır”."Yeni Müsavat”