Şriftin ölçüsü / 133

Şimal-Cənub Nəqliyyat Dəhlizi öz aktuallığını itirməyəcək

18 Iyul 2018 [16:59]
"Nə qədər ki, sanksiyaların miqyası daha da genişlənməyib buna getmək lazımdır”

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin hazırda İranda yerləşən mənzil-qərargahı Azərbaycana köçürülə bilər.

Bu barədə mətbuata açıqlamasında TRACECA nəqliyyat sahəsi üzrə əməkdaşlıq proqramının milli katibi Akif Mustafayev deyib. Proqram sözçüsü bunu onunla əsaslandırıb ki, ABŞ sanksiyaları İranın dəmir yolu infrastrukturunun inkişafı üçün böyük maneə törədir: "İran dəmir yolu şəbəkəsinin tikintisi üzrə dəyəri milyardlarla ölçülən sazişlər imzalayan bir çox şirkətlər İslam Respublikasını tərk edir. İran, öz növbəsində, Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm iştirakçısıdır və böyük mənada, dəhlizin gələcək inkişafı ölkənin dəmir yolu infrastrukturundan asılıdır".

Milli katib xatırladıb ki, Azərbaycan Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi üçün İrana 500 milyon dollar məbləğində kredit verib: "Bu istiqamətdə növbəti addım İran ərazisində Rəştdən Bəndər-Abbas limanına qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsidir ki, bu da yeni sanksiya dalğasından sonra çətinləşib".

Onun sözlərinə görə, sanksiyalarla bağlı problemə baxmayaraq, Rəştdən Bəndər-Abbas limanına qədər olan dəmir yolu TRACECA və Şimal-Cənub dəhlizləri üzrə yüklərin nəqlinin tam həyata keçirilməsi baxmından inşa olunmalıdır: "Bu mürəkkəb vəziyyətə görə biz dəhlizin səmərəliliyini artırmaq üçün Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahını Bakıya köçürmək istərdik. Rəsmi Bakının həm ABŞ, həm Rusiya, həm də regionun digər ölkələri ilə yaxşı münasibətləri var".

O hesab edir ki, bu addım müsbət nəticə verə bilər. Elə İrana qarşı ABŞ sanksiyalarının getdikcə kəskinləşməsi də bunun ən doğru variant olduğunu göstərir. Çünki ABŞ sanksiyalarının miqyası o qədər genişdir ki, digər ölkələr də buna qoşulmaq məcburiyyətində qalıb. Belə ki, Birləşmiş Ştatların təzyiqi ilə bir sıra ölkələr İrandan neft idxal etməkdən imtina edib. Bu baxımdan sözügedən variantı ekspertlər necə dəyərləndirir?

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İranda yerləşən mənzil-qərargahının Azərbaycana köçürülməsi təklifini dəstəklədiyini bildirdi: "İndiki şəraitdə bu addımın atılması ən doğru variantdır. Nəzərə almaq lazımdır ki, İran ətrafında halqa getdikcə daralmağa doğru gedir. Hesab edirəm ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin tikintisi ilə bağlı yarana biləcək hər hansı yubanmanın qarşısını almaq üçün onun mənzil-qərərgahı Azərbaycana köçürülməlidir. Bu minvalla dəmir yolunun tikintisini beynəlxalq sanksiyalardan əsaslı şəkildə yayındırmaq olar. Çünki İrana qarşı tətbiq olunan sanksiyalar bu və ya digər dərəcədə layihəyə mənfi təsir göstərir. Belə olan halda məlum addımın atılması çevik siyasi-iqtisadi manevr anlamını daşıyaraq bütün tərəflərin mənafeyinə uyğun olacaq. Nə qədər ki, sanksiyaların miqyası daha da genişlənməyib buna getmək lazımdır. Bir məqamı da qeyd edim ki, sözügedən nəqliyyat dəhlizinin tez hazır olması İranın daha çox xeyrinə olacaq. Ona görə ki, bu dəhliz vasitəsilə Rusiya və Avropa ölkələrinə yükdaşımalar asanlaşacaq. Ən başlıcası isə, məsafə qısalacaq, vaxt itkisi azalacaq. O üzdən, İran mümkün qədər tez mənzil-qərargahın Bakıya köçürülməsinə razılıq verməlidir. Bir məqamı da qeyd edim ki, İranda rejim dəyişikliyi baş versə belə, Şimal-Cənub Nəqliyyat Dəhlizi öz aktuallığını itirməyəcək. Ancaq yaxşı olardı ki, bu layihə tez istismara verilsin”.


Millət