Şriftin ölçüsü / 133

Kreml Qarabağ kartından hər zaman istifadə edə bilər

16 Iyul 2018 [17:45]
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövcud vəziyyətin təhlili işğalçı Ermənistanın diplomatik sahədə yeni əsassız gedişlərinin Azərbaycan tərəfindən çox uğurla neytrallaşdırıldığını göstərir.

Ermənistandakı yeni hakimiyyətin bir sıra aldadıcı siyasi reveransları öz nəticəsini vermədi. Azərbaycan diplomatik müstəvidə çox uğurla qarşı tərəfi mat vəziyyətində qoyur. Reallıq ondan ibarətdir ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam, praqmatik siyasət yürütməyənə qədər ölkəni acınacaqlı vəziyyətdən çıxara bilməyəcəklər. Ermənistanın inkişafı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən keçir.

Bu arada Ermənistan mətbuatı böyük narahatlıqla Rusiyanın münaqişənin həllinə dair mərhələli planı müdafiə etməsini gündəmə gətirib: "Bir neçə gün bundan öncə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb və bu görüş gedişində, rəsmi məlumata əsasən, Moskvanın bütün tərəflərin maraqları nəzərə alınmaqla Qarabağ münaqişəsinin dinc yolla və mərhələli tənzimlənməsi lehinə olan mövqeyi yenidən təsdiq edilib. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin press-relizində qeyd edilir ki, Rusiyanın regionda sabitlik, bütün tərəflərin maraqları nəzərə alınmaqla, Qarabağ probleminin dinc, mərhələli tənzimlənməsini dəstəkləyən mövqeyi təsdiqlənib.

Burada bizim üçün ən diqqətçəkici və ən təhlükəli olanı danışıqlar prosesində Qarabağdakı rejimin iştirakını istisna edən mərhələli həllə vurğu edilməsidir. Belə ki, mərhələli həll variantında Qarabağ danışıqların subyekti kimi iştirak etmir, onun obyekti olur.

Putin-Tramp görüşü, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü və Nikol Paşinyanın Brüssel səfəri öncəsi Rusiyanın Təhlükəsizlik Şurasının katibi səviyyəsində Qarabağ münaqişəsinin mərhələli həlli variantını xatırlatmağa nə məcbur etdi?”.

Bütövlükdə, Patruşevin məhz Paşinyanın Brüssel səfəri ərəfəsində mərhələli həll variantını gündəmə gətirməsi və bu variantı müdafiə etməsi nə deməkdir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu, Rusiyanın Ermənistandakı yeni hakimiyyətə güc nümayişidir: "Sanki İrəvana deyirlər ki, həddinizi aşmayın. Birmənalı şəkildə demək çətindir ki, Rusiya münaqişənin həllinin sürətləndirilməsini istəyir. Hesab edirəm ki, bununla Rusiya Nikol Paşinyan hökumətinə xəbərdarlıq edir. O mənada ki, Paşinyan siyasi gedişlərinə diqqət etsin. Nəzərə almaq lazımdır ki, Paşinyan Qərbpərəstdir və Rusiya da bunu bilir. Paşinyan istəyir ki, müxtəlif vasitələrlə Kremli aldatsın. Yəni əsl məqsədini açıq formada həyata keçirə bilmədiyi üçün, bunu gizli formada etmək istəyir. Rusiya isə sözügedən məsələdə hələ ki, tələsmir və proseslərin gedişini izləyir. Yəni Ermənistanda parlament seçkiləri gözlənir. Seçkilərdən sonra Ermənistanda siyasi palitranın necə formalaşacağı və qüvvələr nisbətinin hansı yöndə dəyişəcəyi aydınlaşacaq. Ondan sonra rəsmi Moskvanın İrəvanla bağlı tələbləri dəyişə bilər. İndiki situasiyada Kreml sanki əmindir ki, Ermənistan nə Ukraynadır, nə də Gürcüstan. Baxmayaraq ki, Gürcüstanın timsalında Ermənistan Qərblə daha da yaxınlaşa bilər. Kremldə hesab edirlər ki, Ermənistanda Rusiyanın hərbi bazalarının olması, Dağlıq Qarabağ münaqişəsi İrəvana bəlli çərçivədən kənara çıxmağa imkan verməz. Ancaq siyasətdə hər şey mümkündür. Ona görə də Kreml Qarabağ kartından hər zaman istifadə edə bilər. Hesab edirəm ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra bir sıra məsələlərə aydınlıq gətiriləcək”


Millət