Şriftin ölçüsü / 378

Dövlət rəhbəri sözü bir dəfə deyir

11 Iyul 2018 [14:59]
Mingəçevir şəhərində yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəza və ölkənin iki gün işıqsız qalması ciddi problemlər yaratdı. Bu hadisə ölkəmizin enerji təminatında ciddi boşluqların olduğunu göstərməklə yanaşı, dövlət qurumlarının ekstremal vəziyyətlər üçün hazırlıqlı olmadığını, təhlükəli anlarda aciz duruma düşəcəyini ortaya qoydu.

Ölkə başçısı İlham Əliyevin ötən gün son hadisələrlə bağlı keçirdiyi müşavirədə istər enerji, istər səhiyyə, istərsə də digər sahələrdəki vəziyyətlə bağlı narazılığını dilə gətirməsi də ciddi hadisə kimi dəyərləndirilməlidir. Yəni, artıq Prezident səviyyəsində ölkənin strateji sahələrində ciddi problemlərin olduğu bəyan edilir. Təbii ki, bu narazılığın ardınca ciddi cəzaların veriləcəyi, aidiyyatı qurum rəhbərlərinin "vurulacağı” da istisna edilmir.

Bəs cəmiyyət, xüsusilə ictimai-siyasi düşərgə nə gözləyir? Baş verənlər necə qiymətləndirilir?

Bu və ya digər suallarımızı siyasi düşərgənin nümayəndələrinə ünvanladıq.

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov  "Reytinq”ə bildirib ki, "3 iyulda Mingəçevirdəki "Azərbaycan İES”-də transformatorlardan birində baş verən qəza sırandan bir hadisə deyildi. Bu həm ölkədəki ciddi böhranın olduğunu, həm siyasi sistemin yarıtmazlığını, həm də Azərbaycanın bütövlükdə etibarlı qorunmadığını üzə çıxartdı. İndiyədək hakimiyyət belə acınacaqlı və çıxılmaz vəziyyətlə üzləşməmişdi. Nə də dövlət müdafiəsiz və təhlükəli durumda qalmamışdı. Fəlakət, qəza ola bilər. Fəlakətlərdən və qəzalardan da heç bir dövlət sığortalanmayıb. Lakin Azərbaycan İES-də baş verənələri dövlətin fəlakəti, iqtidarın isə qəzası olaraq qiymətləndirmək lazımdır. Bir transformatorda yanğın bütün ölkəni iflic etdi. Sanki həyatı durdurdu.

Son illər Azərbaycanın elektroenergetika sahəsinə milyardlara manat investisiya qoyulub, dotasiyalar verilib. Hələ onu da nəzərə almıram ki, ölkənin elektrik enerjisi təlabatının 85-90 faizi istiliklə işləyən stansiyalar ödəyir. Bu stansiyalarda da külli miqdarda üzvi maddələr, mazut, qaz və s. dünya standartları normasından iki dəfə artıq sərf edilir. Konkret desək, 1kvs. elektrik enerjisinin alınması üçün şərti yanaşaq 200-250 qram lazım olursa, Azərbaycanda 380-400 qram götürülür. Bu isə talançılıq, israfçılıqdır. Son bir neçə il ərzində təkcə bu sahənin yenidən qurulmasına, bərpa-təmir, tikinti işlərinə 5 milyard manatdan çox sərmayə yatırılıb. İndi məlum olur ki, həmin vəsaitlər də mənimsənilib. "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 14 fevral 2015-ci ildə prezident tərəfindən təsdiq edilən dövlət proqramında-Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək; yanacaq-enerji kompleksinə daxil olan sənaye sahələrinin fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq elmi-texniki və təşkilati tədbirlər həyata keçirmək; enerji resurslarının istehsalı, emalı, nəqli, saxlanması, uçotu və istehlakı üzrə mütərəqqi texnoloji tədbirlərin həyata keçirilməsini təmin etmək; yanacaq-enerji sektorunda sağlam rəqabət mühitini formalaşdırmaqn nəzrdə tutulsa da görünən o ki, həmin proqram həyata keçməyib. 1 kvts elektrik enerjisinin istehsalına sərf olunacaq şərti yanacağın 386 qramdan 260 qramadək endirilməsi istiqamətində iş aparılması nəzərdə tutulsa da, buna da əməl edilməyib. Təkcə bunlar deyil. Ehtiyat təhcizat və ya alternativ mənbələr qurulmadığından, yaxud da işlək vəziyyətə gətirilmədiyindən ölkə üzrə elektrikin verilməsi tam dayandı.

SSRİ-nin süqutundan sonra baxımsız qalmış və çox zəif qeyri-standart halda işləyən, lakin prezident İlham Əliyevin 2006-cı il tarixli fərmanına əsasən yenidən qurulan Bakının bir addımlığında yerləşən Şimal DRES MMC- alçaq gərginlikli buxar elektrik stansiyası (BES) paytaxtı 30% elektriklə təmin etməli idi. Halbuki sovetlər dönəmində bu DRES təyinatı üzrə tam gücü ilə fəaliyyət göstərib. Yaxud Bakıdan təxminən 150 km məsafədə olan Şirvan DRES respublikada elektrik enerjisinin təxminən 33 faizini istehsal edir. Həmin stansiyada əsaslı təmir edilib və müasir avadanlıqlarla təhciz edilib. İsrafçılığa və mənimsəməyə diqqət edin, həmin DRES-də hər kilovat-saat elektrik enerjisi istehsalına 449,17 qram şərti yanacaq sərf olunr! Dünya standartlarından 2.5 dəfə, Azərbaycan standartlarından isə 0.5 dəfə şərti yanacaq sərfiyyat sənədləşdirilib. Ölkədə ekoloji cəhətdən təmiz, iqtisadi , maliyyə səmərəlilyi yüksək olan bərpa olunan enerji mənbələrindən istifadə yox dərəcəsindədir və buna ümumiyyətlə maraq göstərilmir. Çünki burda yeyinti, korrupsiya və mənimsəmə halları məhduddur. Baş verən qəza bütün dövlət strukturlarının səhlənkarlıqlarını və hazırsızlıqlarını tam çılpaqlığı ilə ortaya qoydu. Məlum oldu ki, müharibə şəraitində olan bir dövlət fövqəladə vəziyyətlərə və bu tipli qəzalara hazır deyil. Faktiki surətdə ölkə 2 gün tam müdafiəsiz qaldı. Bu fəlakətdir! Bütün dövlət Mingəçevirdəki İES-in qəzası qarşısında aciz qaldı. Çökdü.

Mingəçevirlə düşmənin təmas xəttindəki məsafə isə təxminən 100-150 km-dir Yəni düşmənin xırda bir təxribatı, yaxud da hədəfi Azərbaycanın müdafiə və təhlükəsizlik qabiliyyətini, iqtisadiyyatını, sənayesini, sosial, ictimai, hətta məişət həyatını durdura bilər. Buna kim və kimlər cavab verməlidir?! Hanı Azərbaycanın özünün elektroeneji təhlükəsizliyi, milli təhlükəsizliyi? Dövlət və xalq beləmi qorunur? Təbii ki, bu kimi suallar çoxdur və buna cavab verilməlidir. Qəribəsi odur ki, heç kəs nə baş verdiyini, niyə baş verdiyini cəmiyyətə çıxıb demir. Narahatlıqda və nigarançılıqda qalan milyonlarla vətəndaşa bunun izahı verilmir. Prezident sərəncamla qəzanın baş verməsi və aradan qaldırması ilə bağlı sərəncam verdi və 4 iyulda müşavirə keçirdi. Təəssüfər olsun ki, ölkə vətəndaşları gözləntilərini ala bilmədi. Hər kəs məsuliyyəti bir nəfərin "Azərenerji”MMC-nin rəhbəri Etibar Priverdiyevin üzərinə atdı. Halbuki bu qəzada əksər hökümət üzvlərinin məsuliyyəti var. DTX vaxtını jurnalist ovuna çıxmaqdansa milli təhlükəsizliyimizin qorunmasına diqqət etməliydi. İnformasiya texnalogiyalarının sürətli inkişaf etdiyi indiki dövrdə informasiya təminatı sısteminin mühafizə etmək və qorumaq Dövlət Təhlükəsizlik Xidmətinin vəzifəsidir. Yəni elektroenergetika sisteminin informasiya təminatı da qorunmayıb. İnternet, yaxud da digər texnalogiyalarla da bu sistemi dağitmaq, qəzalı hala salmaq mümkünmüş. Hər bir müəssisədə, obyekdə təhlükəsizlik və fövqəladə, qəza halları ilə bağlı məsul şəxslər olmalıdır və hər kəs belə fors-major hallarda nə iş görəcəkləri barədə təlimatlandırılmalıdır. Eyni zamanda ehtiyat elektik enerji mənbələri, yanğısöndürmə xəttləri və vasitələri, generatorlar və s. olmalıdır. Bunların heç biri demək olar ki, edilməyib. Xüsusən də, həyatı əhəmiyyətli müəssisələrdə və obyetlərdə, o cümlədən, müdafiə, təhlükəsizlik alanlarında, xəstəxanalarda, metrolarda, su-kanalizasiya sistemlərində və s.

 Müşavirədə etiraf olundu ki, bu müəssisələrdə də generatorlar və alternativ elektrik mənbələri quraşdırılmayıb. Faciədir. Açığı mən gözləyirdiyim ki, həmin müşavirədə bəzi məmurlar, o cümlədən səhiyyə, dövlət təhlükəsizlik, fövqalədə və s kimi birbaşa dövlər qurumlarına rəhbərlik edən şəxslər cəzalandırılacaqlar. Heç "Azərienerji” MMC-nin rəhbəri də " utanmalısan” kəlməsi ilə cəzadan yaxasını qurtardı. Maraqlıdır, necə olur ki, 2004-cü ildə "Azərbaycan Milli Ensklopediyasının yeni nəşrində H.Əliyev barədə hansısa xətaya görə ziyalı, professor İsmayıl Vəliyev sərt cəzalandırılaraq müşavirə zalından qovulur, amma dövləti çökürtməyə,ona yüz milyonlara manat ziyan vurulmasında, milləti ağır faciələrlə üzbəüz müdafiəsiz buraxılmasında müstəsna rol oynayalardan olan "Azərenerji”nin prezidenti E.Priverdiyevə "utanmalısan” kəlməsi ilə kifayətlənilir. Hansı ki, o, şəxs elə müşavirə zalından həbsxanaya göndərilməli idi. Bunun əvəzində isə o, Dövlət Komissiyasının tərkibində qəzanın baş vermə səbəblərini və qəzanın nəticələrini aradan qaldıracaqmış. Təəssüflər olsun ki, bu günədək də hesabatlılıq və məsuliyyət yoxdur. Qəza ilə bağlı dövlətə nə qədər maddi ziyan vurulduğu açıqlanmayıb. Hansı tədbirlərin görüldüyü məlum deyil. Ümumilikdə götürdükdə bu bir daha onu göstərdi ki, mövcud iqtidar Azərbaycanın özünü yarıtmaz və acgözlüküləri ilə qəzalı vəziyyətə salıblar. Elə bir qəzalı ki, fəsadlarını bundan sonra da uzun illər aradan qaldırılması müşkül olacaq. Bu problemlər də dünənin, bu günün problemləri deyil, Uzun illər üst-üstə yığılıb.

 Ən acnacaqlı hallardan biri də odur ki, məmurlar təkcə xalqa deyil, prezidentlərinə belə yalan danışırlar, aldadırlar. Prezident isə sadəlövhcəsinə bu yalanlara inanmaqda davam edir və bax beləcə ölkə kərpic-kərpic sökülür, laxlayır. Heç kəs məsuliyyətsizliyinə, yaritmaz fəaliyyətinə görə cəzalandırılmır, barələrində tədbir görülmür. Sanki cəza mexanizmi hakim elitanın gözəgörünməz zirehini keçə bilmir və bu aşağı təbəqənin iliyinə kimi gedir. İnsafən desək, mərhum prezident H.Əliyevin dönəmində belə anarxiya, belə özbaşınalıqlar yox idi. Prezident bütün sahələri, bütün hadisələri nəzarətdə saxlaya bilməz və tədbirlər görə bilməz. Prezident Səhiyyə Nazirinin, bakımetropoliteninin yaxud da digər strukturların rəhbərlərinin yerinə məsul olduqları sahələrdə ən azından fars-major, fövqəladə və qəzalı vəziyyətlərə hazır olmalı, onların yerinə generatorlar alıb quraşdırası deyil. Lakin prezident səhlənkar, öz vəzifəsinin öhdəsindən gələ bilməyən məmurları cəzalandırmalı, yaxud onlar barədə ölçü götürməlidir. Şəxsən mən prezident İ.Əliyevin iştirakı və sədrliyi ilə keçirilən müşavirələrdə və yüksək səviyyəli toplantılarda iri ranqlı məmurlara, nazirlərə xəbərdarlıq edərək "dəfələrlə demişəm bir daha deyirəm” ifadəsini işlətməsini təəccüblə qarşılayıram. Çünki dövlət rəhbəri sözü bir dəfə deyir. Vəssalam".