Şriftin ölçüsü / 116

Rusiya rəsmisi doğrunu söyləyib

28 Iyun 2018 [15:18]
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla Bakıda keçirilən görüşdə Dağlıq Qarabağ problemi bağlı prinsipial fikirlər səsləndirib. O qeyd edib ki, Dağlıq Qarabağ məsələsi Rusiyanı narahat etməyə bilməz.

V.Volodin Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinin qarşısının alınmasının zəruriliyini diqqətə çatdırıb: "Rusiyanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bilirsiniz... Münasibətlərin kəskinləşməsini istəyənlər, xalqların sülh şəraitində yaşamaqla bağlı sözlərini və arzularını eşitməyənlər, əlbəttə, gərginlik istəyirlər. Bunun qarşısını almaq üçün hər şeyi etməliyik. Azərbaycan həmişə Dağlıq Qarabağ məsələsi ilə bağlı düzgün və konstruktiv mövqe tutub".

Qeyd edək ki, Volodinin bu fikri Ermənistan mətbuatında ciddi müzakirə edilir. Onlar hesab edirlər ki, guya Volodin bu cür mövqe ortaya qoymaqla yanlışlığa yol verib. Volodinin Bakıda səsləndirdiyi fikirlərlə bağlı ekspertlər hansı qənaətə gəlmiş olurlar?

Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayaev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiyanın yüksək çinli dövlət məmurundan belə ifadəni eşitmək xoşdur: "Amma gəlin vacib bir məsələyə diqqət edək. Artıq biz hansısa diplomat həqiqəti ifadə edəndə belə ona minnətdarlıq etmək istəyirik. Çünki uzun illərdir biz Dağlıq Qarabağ münaqişəsilə bağlı yalnız ikili standart və qərəzli mövqenin şahidi oluruq. Ona görə də hansısa diplomatın həqiqəti ifadə etməsi bizi dərindən sevindirir. Amma nəzərə almalıyıq ki, düzü ifadə etmək onların vəzifə borcudur. Fikir verirsinizsə, hətta həqiqətin balaca bir cümlə ilə ifadə olunması belə erməniləri qıcıqlandırır, onlar həmin mövqedə olan siyasətçiyə qarşı informasiya terroruna start verirlər. Təsəvvür edin ki, Volodin daha acı həqiqətləri ifadə etməyə cürət edərdi, onda ermənilər əsl üsyana qalxardılar. Ancaq biz istərdik ki, Volodin açıqlamasının ardını da gətirərdi və ölkəmizin münaqişə ilə bağlı konstruktiv olmağına baxmayaraq, Ermənistanın işğaldan əl çəkmədiyini bildirərdi. Biz Rusiya rəsmilərilə bağlı belə hallara çox rast gəlmişik. Onlar həqiqəti ifadə edəndən sonra ermənilərin pressinqi bəzən Rusiya rəsmilərini geriyə addım atmağa vadar edir. Xarici İşlər Nazirliyində bu yaxınlarda yaşanan hadisə buna misaldır. Diplomatın düzgün mövqeyi sonra rəsmi saytdan çıxarıldı. Hələlik Volodinlə bağlı belə hala rast gəlmirik. İstənilən halda, hesab edirəm ki, Rusiya rəsmisi doğrunu söyləyib. Bir qədər də ətraflı danışmaq olardı. Volodin bu fikrilə Ermənistanı qeyri-konstruktivlikdə günahlandırıb. Çünki münaqişənin tərəflərindən biri konstruktivdirsə, deməli, digəri qeyri-konstruktivdir ki, ortada nəticə yoxdur. Erməniləri də hiddətləndirən məhz budur”.


Millət