Şriftin ölçüsü / 121

ATƏT-in Minsk Qrupu lazımdırmı?

21 Iyun 2018 [16:30]
Əli Orucov: "Bu günə qədər ATƏT-in Minsk Qrupu Ermənistanın destruktiv mövqeyinə, separatçı rejimin təxribatlarına bir dəfə də olsun sərt və adekvat münasibət bildirməyib”

Son illər tam cəzasız qalan və bundan istifadə edərək quduzlaşan bir çox terror qrupları sülh və sabitliyə ciddi təhlükə yaratmaqla siyasi münaqişələri daha da alovlandırırlar. Bir çox hallarda beynəlxalq birlik tərəfindən tanınmış dövlətlərin ərazi bütövlüyünün pozulması və nüfuzlu beynəlxalq təşkilatların belə özbaşınalıqlara biganəliyi də siyasi münaqişə ocaqlarında gərginliyi getdikcə artırır.

Dünyada mövcud olan ikili standartlardan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Ölkəmizin ərazi bütövlüyü beynəlxalq aləm tərəfindən tanındığı halda, 25 ildən artıqdır torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 miyondan artıq soydaşımız qaçqın və məcburi köçkün halına düşüb.

Sözügedən münaqişə 1992-ci ilin əvvəllərindən başlayaraq, beynəlxalq əhəmiyyətli problemə çevrilib. Lakin münaqişənin nizamlanması istiqamətində beynəlxalq birliyin qətiyyətli addımının şahidi olmamışıq. Xüsusən də münaqişənin nizamlanmasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun fəaliyyəti isə yalnız turist gəzintilərindən fərqlənməyən vaxtaşırı səfərlərdən və söz yığınından ibarət olan mənasız bəyanatlardan ibarətdir.

Ötən illərə nəzər yetirdikdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona dəfələrlə səfər etdiyinin şahidi oluruq. Amma bu səfərlərin hansı biri öz mahiyyətinə görə yadda qalıb? Nəticəsi olmayan belə səfərlər həmin quruma həmsədrlik edən dövlətlərin başçılarını da narahat etmir. Artıq Minsk Qrupunun fəaliyyətsizliyi göz qabağındadır. Ümumiyyətlə, yarandığı vaxtdan bu günə qədər ATƏT-in Minsk Qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, bunlar yalnız kağız üzərində qalıb. İndiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzuolunan nəticəni verməyib. Buna səbəb bir tərəfdən Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsidirsə, digər tərəfdən həmsədrlərin məsuliyyətsizliyidir. O baxımdan münaqişənin həlli ilə bağlı mənasız danışıqların aparılmasında həmsədrlərin nə qədər günahı, məsuliyyəti var?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səmərəsiz danışıqların aparılmasında həmsədrlərin məsuliyyət payı böyükdür: "Həmsədrlərin bu işdə günahı heç də Ermənistandan az deyil. Mənasız danışıqlara görə bütün məsuliyyət həmsədrlərin üzərinə düşür. Təsadüfi deyil ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ilə bağlı narazılıq getdikcə həm cəmiyyətdə, həm də hakimiyyət elitasında artmaqdadır. Münaqişə tərəfləri arasında nizamlanma prosesində vasitəçilik missiyasını üzərinə götürən bu qurum bu günədək öz vəzifəsinin öhdəsindən gələ bilməyib. Burada əsas problemdən biri ondan ibarətdir ki, işğalçını adı ilə çağırmırlar. Beynəlxalq hüquq normalarına istinad etmirlər. Eyni zamanda, işğalçıyla dost olmaları, burada təmsil olunan dövlətlərin öz maraqlarını hamılıqla qəbul edilən prinsiplərdən və hüquqdan üstün tutmaları belə vəziyyətə gətirib çıxarır. Məncə, iqtidar ATƏT-in Minsk Qrupu qarşısında münaqişənin həlli ilə bağlı konkret vaxt qoymalıdır. Əks halda, mənasız danışıqlar və görüşlər, lazımsız təkliflər axını davam edəcək. Ərazilərimiz isə işğaldan azad edilməyəcək, problemlər də həll olunmayacaq. BMT-nin Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsi var. Eləcə də Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatının işğalı pisləyən və ərazilərin boşaldılması ilə bağlı sənədləri var. Lakin ATƏT-in Minsk Qrupu həmsədrləri bu mötəbər qurumların sənədlərini bir dəfə də olsun masa üzərinə qoymayıblar. Ən azından, Dağlıq Qarabağa bitişik olan rayonların boşaldılmasını tələb etmirlər. Halbuki, həmin ərazilərin Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur. Bu günə qədər ATƏT-in Minsk Qrupu Ermənistanın destruktiv mövqeyinə, separatçı rejimin təxribatlarına bir dəfə də olsun sərt və adekvat münasibət bildirməyib. Bütün bunlar isə təbii ki, haqlı olaraq sual doğurur. ATƏT-in Minsk Qrupu lazımdırmı? Yaxud da bu qurumun fəaliyyəti nədən ibarətdir? Hesab edirəm ki, bütün bunlara aydınlıq gətirilməlidir”.