Şriftin ölçüsü / 179

AMİP-dən REAL-çılara dəstək

06 Iyun 2018 [16:01]
May ayının 28-də Bakıda "Cümhuriyyət yürüşü” təşkil edən REAL Partiyasının Məclis üzvü Azər Qasımlının həbsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Ölkədə fəaliyyət göstərən siyasi partiya təmsilçiləri də məsələyə biganə qalmayıb. Bu barədə "Cümhuriyət” qəzetinə açıqlama verən partiya rəsmiləri həbs məsələsində daha loyal mövqe sərgilənməli olduğunu önə çəkiblər.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, təkcə Azər Qasımlı deyil, digər REAL-çılar da həbs ediliblər:

"Hamısını da polisə müqavimət göstərməkdə günahlandırıblar. Təbii ki, bunlar normal qarşılana bilməz. Azərbaycanda insanların siyasi fəaliyyətinə qadağa qoymaq onun elementar hüquqlarının həyata keçirilməməsinə imkan verməməkdir. Bu, həm də ölkəmizin beynəlxal imicinə də yaxşı heç nə vəd etmir. Bu halı pisləyirik. Təbii ki, belə hadisələrə yol vermək olmaz. Siyasi rəqabət olmalı, ölkədə siyasi partiyaların fəaliyyətinə imkan yaradılmalıdır. Yoxsa bu həbslərlə biz hara gedirik?”

Məlumat üçün bildirək ki, mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlıya 30 sutka həbs cəzası verilib. Qeyd edək ki, polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi. Bundan əlavə isə mayın 30-da REAL Partiyası Ali Məclisinin üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib. Onların hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib. Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir.


Millət