Şriftin ölçüsü / 268

Rusiya hökumətində dəyişiklik

16 May 2018 [14:40]
Mayın 16-da Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedyevin təqdimatını nəzərə alaraq hökumətin strukturunda dəyişikliklər edib.

Novator.az-ın məlumatına görə, yeni kabinetdə baş nazirin 10 müavini olacaq. Birinci müavin eyni zamanda maliyyə naziri postunu tutacaq.

Elm və Təhsil Nazirliyi iki nazirliyə bölünüb: Maarif Nazirliyi və Elm və Ali Təhsil Nazirliyi.

Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin adı Rəqəmli İnkişaf Nazirliyinə dəyişdirilib.

Prezident fərmanı bəzi hökumət qurumlarının daxili strukturunda yenilikləri də nəzərdə tutur.

Mayın 8-də Rusiya Dövlət Duması prezident Vladimir Putinin təqdimatına baxaraq Dmitri Medvedyevi baş nazir postuna təsdiqləyib.

Vladimir Putinin yeni 6 illik hakimiyyət dönəmi mayın 7-də başlayıb. Dövlət başçısı and içərək səlahiyyətlərinin icrasına başlayan kimi hökumət istefaya gedib.

52 yaşlı Dmitri Medvedyev 1999-cu ildən mərkəzi hakimiyyət orqanlarında çalışır. Hökumət Aparatı rəhbərinin müavini, birinci müavini olub, Prezident Administrasiyasına rəhbərlik edib. 2005-ci ilin noyabrından baş nazirin birinci müavini olub, sonra baş nazir kürsüsünə gətirilib.

2008-2012-ci illərdə Rusiya prezidenti olub, 2012-ci ildə yenidən baş nazir təyin edilib.

Dmitri Medvedyevin sədrlik etdiyi hakim Vahid Rusiya Partiyası 450 yerlik Dövlət Dumasında 343 mandata sahibdir.


Millət