Şriftin ölçüsü / 152

Əlyazmalar fondunda əlyazmaların toplanması ilə bağlı ekspedisiyalar davam etdirilir

10 May 2018 [16:29]
Əlyazmalar fondunda əlyazmaların toplanması ilə bağlı ekspedisiyalar davam etdirilir.AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Millət"ə daxil olan məlumata görə, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu Naxçıvan Muxtar Respublikasında əlyazmaların toplanması ilə bağlı ekspedisiyalarını cari ildə də davam etdirməkdədir.

Fondun əməkdaşları Ordubad rayonunda olub və oradan müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim çap kitabları toplayıb. Fondun balansına daxil edilən 4 adda əlyazma və 6 adda qədim çap kitablarının üzərində ilkin tədqiqat işləri aparılıb.

Toplanılan materiallar arasında Sədi Şirazinin əxlaqi-didaktik mövzuda fars dilində "Gülüstan”, azərbaycanca nəstəliq xətti ilə "Rüstəmnamə”, fars dilində nəstəliq xətt ilə "Məntiq”, Abbas ibn-Qulu ibn-Mehdi xan tərəfindən farsca qələmə alınan "Gülşəni-əttar”, Bəhaəddin Məhəmməd ibn-Sərməndinin fars dilində yazdığı "Tənbihətul-qafilin” adlı əlyazma və qədim çap kitabları var.

Fondun əməkdaşları cari ilin qarşıdakı aylarında da əlyazma və qədim çap kitabları ilə bağlı muxtar respublikanın digər rayonlarına ekspedisiyalarını davam etdirəcəklər.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi


Nisə Rəhimova