Şriftin ölçüsü / 188

Hər kəs həyatda da, fəaliyyətində də, tutduğu yolda da səhv edə bilər

25 Aprel 2018 [17:08]
Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən biznesmen Hüseyn Abdullayev("Quska”) ətrafında gedən proseslər bir çox məsələləri aktullaşdırıb. Zamanında hakimiyyətin "vuran əli” olan bu şəxsi demokratik düşərgənin, hüquq müdafiəçilərinin müdafiə edib-etməyəcəkləri suallar yaradır.


AMİP katibi Əli Orucov fərqli düşünür:

"Hüseyn Abdullayev qoçu dəstələrini özbaşına saxlamırdı və müxalifətə də həmin qoçu dəstələri ilə divan tutması özfəaliyyət deyildi. Bunun iqtidarda sifarişçiləri və himayədarları vardı. Sonradan Abdullayev ona cızılan çərçivəni keçdi və göstərdiyi "xidmətlərinin" müqabilinin az olduğunu zənn edərək daha çox pay almaq, vəzifə tutmaq həvəsinə düşdü. Amma iqtidar ambisiyalı və iddiaları çox böyük olan şəxsləri pis cəzalandırır. Hüseyn Abdullayevin sonrakı aqibəti də yaxşı olmadı. Müxalifət istintaqın obyektiv, qanuni şəkildə həyata keçirilməsində maraqlıdır. Hər kəs həyatda da, fəaliyyətində də, tutduğu yolda da səhv edə bilər”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hazırda sabiq deputatın müdafiəyə ehtiyacının olmadığını söylədi:

"O təzə ölkəyə gətirilib, məhkəməsi başlanmalıdır. Rəsmi məlumatda vergidən yayınmaya görə onun "İnterpol” xətti ilə axtarışa verildiyi bildirilib. Belə bir sual çıxıb ki, əgər vergidən yayınması var idisə, o zaman niyə azadlığa buraxırdınız? Bu sualın cavabı hər kəsə maraqlıdır. Əvvəlcədən heç kəs deyə bilməz ki, onu müdafiə edirəm ya yox. Dəqiq səbəblər getdikcə ortaya çıxacaq. Məhkəmə başlayanda prosesin monitorinqini hüquq müdafiəçiləri apara bilərlər. Müxalif partiyaları adətən öz üzvlərini müdafiə edirlər. Hüseyn Abdullayevin Avropadakı əlaqələri heç kəs də şübhə doğurmur. Bu baxımdan müxalifətin ehtiyatlı davranacağını ehtimal etmək olar. Sübutlar tam şəkildə ortaya çıxandan sonra açıq mövqelər ortaya qoymaq mümkün olacaq. Cinayəti sübut olunmayan şəxsi cinayətkar saymaq olmaz. Təəssüf ki, gündə biri özünü hüquq müdafiəçisi kimi qələmə verir. Belə şəxslər onu müdafiə etmək üçün sıraya düzüləcəklər. 25 ildir bu işlə məşğulam, son 2-3 ildə cəsarətlə özümü hüquq müdafiəçisi adlandırıram. Hüseyn Abdullayev imkanlı biridir. Ola bilər ki, hökumətdən də kimsə dolayısı ilə onu müdafiə etsin. Hüseyn Abdullayevin imkanlarından istifadə edənlər də zamanla ortaya çıxacaq. Özünü hüquq müdafiəçisi sayan şəxs vəsaitə göz dikməz. İstənilən halda onun hüquqları pozularsa, müdafiə olunması vacibdir”.


Millət